Ordu.az xəbər verir ki, ilkin mərhələdə kəndə köçəcək 20 ailə üçün tikilən yeni evlərdə son tamlanma işləri aparılır.
Tikinti mühəndisi Elçin Qambayzadə ilkin mərhələdə köçürüləcək ailələr üçün artıq 20 evdə təmir-bərpa işlərinin əsasən başa çatdığını deyib. Evlərin daxilində kommunikasiya sistemi çəkilib, bütün evlər mətbəx mebeli ilə təchiz edilib.
Kənddə qaz, işıq, su və rabitə xətlərində son tamamlama işləri aparılır. Hər bir evin həyətyanı ərazisində mal-qara və toyuq-cücə saxlanması üçün yardımçı bina inşa olunub.
Kəndin su-kanalizasiya xətti çəkilib, yaxın günlərdə isə kənd daxili mərkəzi yolun tikintisinə başlanacaq.
Bundan başqa, məktəb və uşaq bağçasında son tamamlanma işləri aparılır.
Qeyri-yaşayış binalarının istilik və isti su təchizatı isə kənddə qurulmuş mərkəzi qazanxana vasitəsilə təmin olunacaq.
Kəndin “xeyir-şər evi” də əsaslı bərpa olunaraq sakinlərin ixtiyarına veriləcək.
Ermənilərin dağıdaraq məhv etdiyi kəndarası yollar da yenidən qurulur. Yeni çəkiləcək yollar günəş panelləri ilə çalışan işıq dayaqları vasitəsilə işıqlanacaq.
Uzun illər ermənilərin xarabalığa çevirdiyi kəndin yenidən qurulması prosesində iştirak edən işçilər bu tarixi anın iştirakçısı olmağın qürurlu olduğunu deyiblər.
Tikinti işində çalışan Fərman Hüseynov APA-ya açıqlamasında bildirib ki, işğaldan azad olunan ərazilərdə quruculuq işlərinin iştirakçısı olduğu üçün fəxr edir: “Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz bu torpaqları işğaldan azat etdi. İndi də bərpa edib, yenidən qururuq”.
Tikinti işlərində çalışan Oruc Mustafayev də işğaldan azad olunan Hadrut, Zəngilan, Cəbrayılda aparılan bərpa-quruculuq işlərinin iştirakçısı olmağı ilə fəxr etdiyini bildirib.
Ordu.az