Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, “Dənizdə qarşılıqlı əməkdaşlıq-2022” adlı təlimlər 21-27 dekabr tarixlərində praktiki raket və artilleriya atışları ilə keçiriləcək.
Rusiyanın Sakit Okean Donanmasının hərbi gəmilərindən ibarət dəstəsi təlimlərdə iştirak etmək üçün artıq Vladivostokdan yola düşüb. Təlimlərdə Rusiya tərəfdən “Varyaq” kreyseri, “Marşal Şapoşnikov” freqatı və korvetlər, Çin tərəfdən isə iki esmines və patrul gəmisi, kompleks təchizat gəmisi və dizel mühərriki ilə işləyən sualtı qayıq iştirak edəcək.
Həmçinin bildirilib ki, gələn il Rusiyanın Çelyabinsk vilayətində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin silahlı qüvvələrinin birgə təlimləri keçiriləcək. “Sülh missiyası” adlı təlimlərin keçirilməsi avqust ayına planlaşdırılıb. Bu təlimlərdə Rusiya və Çindən başqa, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistan iştirak edəcək.
Ordu.az