7 sentyabr 2015-ci ilə qədər Qərb kəşfiyyat agentlikləri yalnız səkkiz ölkənin - ABŞ, Cənubi Afrika, Fransa, Nigeriya, İngiltərə, İran, İsrail və Çinin zərbə PUA-larına sahib olduğuna inanırdı. Ancaq həmin vaxtlarda Pakistan ordusunun media bölməsinin, Xidmətlərarası İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri general-mayor Asim Bajvanın “Twitter” hesabında etdiyi paylaşım sensasiya yaratdı. O, Pakistan istehsalı “Burraq” PUA-sı ilə Şəval vadisində terrorçuların iqamətgahına zərbələr endirildiyini və 3 yüksək profilli terrorçunun məhv edildiyini açıqlayıb.

Pakistan bununla da hədəfli qətllər yerinə yetirmək üçün rəsmi olaraq zərbə PUA-larından istifadə edən üç ölkənin - ABŞ, Böyük Britaniya və İsrailin klubuna qoşuldu. Pakistanın yerli istehsal edildiyi “Burraq” PUA-sı iki raket ataraq Şimali Vəziristanın Şəval vadisindəki bir kompleksi vurub və nəticədə “Tehreek-e-Taliban Pakistan” (TTP) terror qruplaşmasının 3 yüksək səviyyəli lideri öldürülüb. Bu hadisədən sonra PUA aviasiya mütəxəssisləri tərəfindən daha çox araşdırmaya məruz qaldı və onları diqqətlə təhlil edikdən sonra burada istifadə edilən texnologiyanın böyük bir hissəsinin Çinin “Rainbow” (CH) seriyalı PUA-lardan götürüldüyünü bildirdilər. “Rainbow” Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının (CASC) nəzdində olan Çin Aerokosmik Aerodinamika Akademiyası tərəfindən hazırlanıb. Pakistanın istifadə etdiyi “Şahpar” PUA-ları ekspertlərin fikrincə, Çinin CH seriyasına əsaslanır.

Sentyabrın 7-də baş verən hadisəyə qədər “Burraq” yalnız müşahidə missiyaları ilə məhdudlaşan PUA kimi qəbul edilirdi, lakin sonradan sübut olunduğu kimi hədəfli zərbə həyata keçirə bilən PUA kimi istifadə olunur. Bu hadisə Hindistanda Pakistanın PUA-ları ilə bağlı narahatlıq yaradıb.
Qlobal müşahidəçilərin fikrincə, Pakistan bu mərhələdə hərbi PUA-lara malik olmaq baxımından Hindistanı qabaqlayır. Türkiyə və Çin bu sahədə Pakistana kömək edir.

Pakistan son illərdə Çinin Nankinq Tədqiqat Simulyasiya Texnologiyaları İnstitutu tərəfindən istehsal edilmiş və kəşfiyyat və zərbə kimi müxtəlif məqsədlər üçün istifadə oluna bilən S-300 seriyalı PUA-ları idxal edib. Eynilə, Pakistan 2021-ci ilin may ayında Almaniyada yerləşən “Rheinmetall” istehsalı olan “S-300” PUA sistemini satın alıb.

Çox güman ki, yaxın aylarda bu PUA-ların da istifadəsi nümayiş etdiriləcək, çünki Pakistan qərb sərhədlərində davamlı hərbi əməliyyat keçirməyi planlaşdırır. Bu da Pakistan Ordusuna sözügedən PUA-ların real olaraq necə performans göstərəcəyini müşahidə etmək imkanı verəcək.
Dəyanət Ağalarlı
Ordu.az