Britaniya kəşfiyyatının rəhbərinin səfərində diqqət çəkən ilk məqam onun Laçın yolundakı vəziyyət fonunda baş verməsidir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Qarabağ iqtisadi rayonunda yaranan ekoloji böhran fonunda dünyanın ən güclü və qüdrətlilərindən biri sayılan Britaniyanın Mİ-6 məxfi kəşfiyyatının rəhbəri Riçard Murun Ermənistana gəlməsi olduqca diqqətəlayiqdir. Ehtimal etmək olar ki, onun səfəri regional xarakter daşıyır.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Riçard Börnsün səfərində olduğu kimi, Riçard Murun səfəri də Ermənistan tərəfindən açıqlanıb. İrəvan Murun ilk dayanacağıdır, yoxsa hansısa ölkədən bura gəlib? Hələlik məlum deyil. Onun İrəvandan başqa hər hansı paytaxtda olacağı da məlum deyil.
Britaniya kəşfiyyatının rəhbərinin Qafqaza səfəri zamanı Türkiyəyə də gedə biləcəyi istisna edilməməlidir. Türkiyə Murun bioqrafiyasının ən maraqlı səhifələrindən biridir. Mİ-6-nın rəhbəri vəzifəsinə təyin olunmazdan Mur 2014-2017-ci illərdə Böyük Britaniyanın Türkiyədəki səfiri olub. Beynəlxalq mətbuatın yazdığına görə, onun Türkiyə prezidenti Ərdoğanla çox yaxın münasibəti var. O, 2016-cı ilin iyulunda baş verən məşhur çevriliş cəhdindən sonra Ərdoğana dəstək ifadə edən bəlkə də yeganə Qərb diplomatıdır.
Riçard Mur səfir missiyasını başa vurduqdan sonra o, iki il Britaniya Xarici İşlər Nazirliyində çalışıb, 2020-ci ildə, Qarabağda baş verən müharibə ərəfəsində Britaniya kəşfiyyatının rəhbəri vəzifəsinə təyin edilib. 2020-ci il noyabrın 13-də Mİ-6-nın rəhbəri Murun Ankaraya səfəri baş tutub. O, burada Türkiyə prezidentinin müşaviri İbrahim Kalınla görüşüb və Qarabağı müzakirə edib.
Aqil Məmmədov
Ordu.az