Belqradda Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunub

2022/12/639b3-1671120403.jpg
Oxunub: 238     18:48     15 Dekabr 2022    
Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan Respublikası və Serbiya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş konsert keçirilib. Konsert Serbiyanın və Cənub-Şərqi Avropanın ən məşhur Madlenianum opera teatrında təşkil olunub.

Azərbaycanın Serbiyadakı səfirliyindən Ordu.az-a verilən xəbərə görə, səfir Kamil Xasiyev iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə yüksək səviyyədə inkişaf etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan və Serbiyanın suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörməti və dəstəyi hər iki ölkə arasında strateji tərəfdaşlığın təməl daşlarını təşkil edir. Bu gün Serbiya Avropa qitəsində Azərbaycanın ən yaxın dostlarından və tərəfdaşlarından biridir. Bu xüsusda, Azərbaycan Prezidenti İlham Əliyevin noyabr ayında Serbiyaya rəsmi səfəri ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə daha da inkişafına böyük töhfə verib, mədəni əlaqələr yüksələn xətlə inkişaf edir.

Səfir ölkələrimiz arasında vizasız gediş-gəliş haqqında sazişin tezliklə qüvvəyə minməsinin xalqlarımız arasında turizmi və işgüzar əlaqələri gücləndirəcəyini vurğulayıb.

Serbiyanın xarici işlər nazirinin müavini Vladimir Mariç isə ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıqdan və cari il ərzində həm ikitərəfli, həm də çoxtərəfli qaydada əlavə gücləndirilmiş əməkdaşlıqdan qürur duyduqlarını, bunun da qarşıdakı dövrdə bütün səviyyələrdə mənalı dialoqun davam etdirilməsi üçün möhkəm zəmin yaratdığını bildirib. Vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə həftə əvvəl Serbiyaya rəsmi səfəri bu ilin ən mühüm ikitərəfli səfərlərindən biridir. Bu səfər çərçivəsində iki ölkə prezidentinin Birgə Bəyanatı, yeddi ikitərəfli saziş, o cümlədən Serbiya və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum imzalanıb.

Konsertdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri - Əməkdar artistlər Elnur Süleymanov və Günel Allahyarova, beynəlxalq müsabiqələr laureatı pianoçu Fəqan Həsənli çıxış ediblər. Həmçinin milli opera teatrının ilk qadın müğənnisi, 2014-cü ildə “Toska” roluna görə Serbiyanın Musiqi Sənətçiləri Assosiasiyasından mükafat alan, 2018-2019 və 2021-2022-ci illər mövsümündən Belqrad Milli Teatrının Operasının bədii rəhbəri olan və opera ansamblının işinə verdiyi töhfəyə görə “Milli teatrın möhürü” mükafatının laureatı Jasmina Trumbetaş, dirijor Dzordze Stankoviç, Belqradda Musiqi fakültəsinin professoru, skripkaçı Marko Yosifoski, yerli və beynəlxalq müsabiqələr laureatı pianoçu Mina Ristiç və “BRAS Belqrad” musiqi ansamblının ifaları dinlənilib.

Səhnə fonunda Azərbaycanın mədəni irsi, Qarabağın, Şuşanın, paytaxt Bakının fotolarının və görüntülərin nümayişi qonaqların marağına səbəb olub. Əməkdar artistlər Elnur Süleymanov və Günel Allahyarovanın milli geyimlərdə “Uzun dərə” və “Naz eləmə” rəqslərimizi ifa etməsi konsert salonunda alqışla qarşılanıb, xüsusilə G.Allahyarovanın təqdimatında “Sarı gəlin” rəqsini tədbir iştirakçıları heyranlıqla izləyiblər.

Tədbirdə Serbiyanın Xarici İşlər, Mədəniyyət, Müdafiə və Daxili İşlər nazirliklərinin, digər dövlət qurumlarının yüksəkrütbəli vəzifəliləri, Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, deputatlar, elm, incəsənət və din xadimləri, bu ölkədə akkreditə olmuş diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri və üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz iştirak ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Serbiya  


Bizi "telegram"da izləyin