İran “qatil” PUA-larını bütün dünyaya ixrac edir| İxracat üçün hələ də BMT TŞ-nin təsdiqinə ehtiyac var? (ARAŞDIRMA)

2022/12/78989-1671105545.jpg
Oxunub: 2799     15:56     15 Dekabr 2022    
İran onilliklər ərzində həm təhlükəsizlik, həm də hərbi qüvvələr tərəfindən daxili istifadə üçün müdafiə avadanlığı idxal etdikdən sonra güclü PUA sənayesi inkişaf etdirib. 2022-ci ilin payızına qədər Tehran dörd qitədəki ən azı beş ölkəyə, eləcə də Yaxın Şərqdəki ən azı yeddi qeyri-dövlət aktorlarına PUA texnologiyaları ixrac edib. Əli Xameneyi 2022-ci il oktyabrın 19-da deyib: “Bir neçə il əvvəl İran PUA-larının şəkilləri dərc edildikdə, onların fotoşopla çəkildiyini söyləyərdilər. İndi deyirlər İranın PUA-sı təhlükəlidir, niyə satırsan, filankəsə verirsən?”.

ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin (MKA) 2022-ci ildə bildirdiyinə görə, İran Yaxın Şərqdə ən böyük PUA və raket arsenalına sahibdir. O, hava gücünü və proksilərini şaxələndirmək üçün getdikcə daha çox PUA-lara etibar edir. MKA-nın direktoru general-leytenant Skott Berrier Senatın Silahlı Qüvvələr Komitəsinə deyib: “Onlar ucuz, çox yönlüdür və İran onların bəzən ağlabatan çəkindirməyə yol verdiyinə inanır”. İran diqqətini “dəqiqlik, ölümcüllük imkanları”nı təkmilləşdirməyə yönəldib.

İranın PUA istehsalı 1990-cı illərin ortaları və sonları arasında yetkinləşib, xaricdə ilk istifadə 2000-ci illərin əvvəllərinə qədər məlum olmayıb. 2022-ci ilə qədər İran PUA-ları Avropa, Afrika və Asiyada yerləşən müharibə zonalarında müxtəlif dərəcələrdə strateji tarazlığı dəyişdi. Onlar göründükləri hər hansı bir döyüş meydanında əhəmiyyətli dağıdıcı təsir göstərdilər.


İranın ən böyük ixracatı 2022-ci ilin avqust ayından başlayaraq Ukraynada istifadə üçün Rusiyaya verilən uzun mənzilli “Şahed-136” kamikadze PUA-ları və daha qısa mənzilli “Mohajer-6” PUA-ları olub. İran 2021-ci ildə Tiqray qiyamçılarına qarşı istifadə etmək üçün Efiopiyaya PUA satıb, 2014-cü ildə Yəməndəki “Husi” qiyamçılarına PUA komponentləri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya qarşı istifadə üçün “nou-hau” məhsulları tədarük edib. Hələ 2008-ci ildə Sudan İranın “Əbabil-3” PUA-sını Sudan Xalq Azadlıq Hərəkatı və Darfurdakı digər qiyamçılara qarşı tətbiq edib.

İran həmçinin müttəfiqlərinə yerli PUA istehsal etmək üçün texnologiya təqdim edib. 2022-ci ilin may ayında Tacikistan İranın “Əbabil-2” PUA-larını istehsal etmək üçün fabrik açıb. Təxminən 2010-cu ildə Venesuela “Mohajer-22” müşahidə PUA-ları yığmağa başlayıb. 2021-ci ilə qədər İran və müttəfiqləri Suriyada PUA yığırdılar.

Oktyabrın 18-də İran İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandanı, Xameneyinin baş müşaviri təyin edilmiş general-mayor Yəhya Rəhim Səfəvi iddia edib ki, 2022-ci ilə qədər Əlcəzair, Ermənistan və Serbiya da daxil olmaqla 20-dən çox ölkə İrana PUA texnologiyası əldə etmək üçün müraciət edib. Həmçinin 2004-cü ildən bəri Livandakı “Hizbullah”ı, “Kataib Hizbullah” və İraqdakı “Haşd əl Şaabi” milisləri, Yəməndəki husilər və Qəzzada HƏMAS qruplaşması da daxil olmaqla proksi qüvvələrə PUA ixrac edib. Səfəvi sözlərinə belə davam edir: “Yeni bir dövr başlayıb. İndi biz yeni texnologiya, sərvət, güc və qlobal nizamda böyük dəyişikliklərin şahidi oluruq”.


Sudan və Efiopiyaya göndərilən, Rusiya, “Hizbullah” və husilərə verilən yüzlərlə PUA-nın ixrac miqdarı müxtəlif cür dəyişib. Ekspertlər deyir ki, qeyd olunan ölkələr və qeyri-dövlət subyektləri İranın PUA texnologiyasını ona görə almaq istəyirlər ki, onların alternativləri azdır və ya yoxdur.

İrandan fərqli olaraq, Yaxın Şərqdəki digər əsas PUA ixracatçıları olan İsrail və Türkiyə beynəlxalq sanksiyalarla üzləşmir. Hər ikisi PUA-lar üçün yüksək keyfiyyətli komponentlər və elektronika idxal edə bilər, İran isə qeyri-qanuni yollarla “qara bazar”a müraciət edir və ya tərs mühəndislik yolu ilə sistemlər istehsal edir. Tərs mühəndislik prosesi çox vaxt aparır, buna görə də İran PUA-ları adətən bir nəsil geridə qalır. Çətinliklərə baxmayaraq, İran PUA-larının performansı nisbətən yaxşıdır.

BMT qadağası


İran silah satışını məhdudlaşdırmaq üçün beynəlxalq cəhdlərə məhəl qoymayaraq, PUA ixrac edib. 2007-ci ildə BMT Təhlükəsizlik Şurası İranın adi silahlarının, o cümlədən PUA-larının satışı və ya təhvil verilməsinə embarqonu yekdilliklə təsdiqləyib. 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi İran və dünyanın altı böyük dövləti arasında nüvə sazişini təsdiqlədi. Lakin sənəd qadağanı embarqoların tədricən aradan qaldırılması tarixləri ilə davam etdirirdi.

BMT-nin adi silahların, o cümlədən PUA-ların ixracına qoyulan qadağası 2020-ci ildə ləğv edilib. İran bundan sonra daha fəal şəkildə silah ixrac etməyə çalışıb. Lakin 2022-ci ilin oktyabrında Qərb dövlətləri Tehranın PUA ixracı üçün hələ də Təhlükəsizlik Şurasının təsdiqinə ehtiyacı olduğunu bildirdilər. Çünki 300 kilometr və ya daha çox mənzilli İran PUA-ları hələ də 2023-cü ilin oktyabrına qədər embarqo qoyulmuş raketlə əlaqəli texnologiyadan istifadə edir. ABŞ, Britanya, Fransa və Almaniya İranın Rusiyaya PUA təhvil verməsi ilə bağlı BMT-nin təhqiqatına çağırıb. Onlar 2231 saylı qətnamənin mümkün pozuntularını qeyd ediblər.

ABŞ sanksiyaları

Obama və Tramp administrasiyaları dövründə ABŞ kütləvi qırğın silahlarının yayılması ilə məşğul olan iranlı şəxslərə və şirkətlərə sanksiya tətbiq etsə də, PUA-larla bağlı məhdud tədbirlər gördü. 2013-cü ildə Obama İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) idarə etdiyi PUA istehsalçısı “Qods Aviation Industries” şirkətinə sanksiya tətbiq edib. 2017-ci ilin iyulunda Tramp SEPAH üçün PUA komponentləri istehsal etdiyinə görə “Rayan Roşd”a sanksiya tətbiq edib.


2021-ci ilin oktyabrında Bayden administrasiyası İranın PUA proqramlarını daha fəal şəkildə hədəfə aldı. Maliyyə Nazirliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun PUA komandanlığının rəhbəri də daxil olmaqla 4 iranlıya və SEPAH və onun xarici əməliyyatlar qanadı olan “Quds Qüvvələri”ndə iştirak edən 2 müdafiə podratçısına sanksiya tətbiq edib. Maliyyə nazirinin müavini Uolli Adeyemo bildirib ki, İranın regionda PUA-ları yayması beynəlxalq sülh və sabitliyi təhdid edir: “İran və onun müxalif silahlıları ABŞ qüvvələrinə, tərəfdaşlarımıza və beynəlxalq gəmilərə hücum etmək üçün PUA-lardan istifadə edib”.

2022-ci ilin sentyabrında Bayden daha 4 İran şirkətinə və 1 müdafiə podratçısına Ukraynada istifadə üçün Rusiyaya PUA verdiyinə görə sanksiya tətbiq edib.

“Biz həmçinin İrandan bu PUA-ları almaq istəyən hər hansı üçüncü ölkəyə xəbərdarlıq edirik ki, onların alınması ABŞ-ın bir çox sanksiyalarına səbəb ola bilər”, - deyə dövlət katibi Entoni Blinken bildirib. 2022-ci ilin oktyabrında Avropa İttifaqı da Rusiyaya PUA tədarük etdiyinə görə İran hərbi komandirlərinə və müdafiə podratçısına sanksiya tətbiq etdi. 2022-ci ilin noyabrında Birləşmiş Ştatlar İranın 3, Rusiyanın 1 qurumuna və 2 vətəndaşına, habelə Birləşmiş Ərəb Əmirliklərində yerləşən 2 nəqliyyat firmasına sanksiya tətbiq edib. Onların hamısı Ukraynada istifadə olunan PUA-ların ixracı ilə məşğul olub.

PUA idxalçıları

Rusiya: 2022-ci ilin avqustunda İran Rusiyaya iki növ PUA ixrac etməyə başladı. Zərbə zamanı partladığı üçün kamikadze PUA adlandırılan “Şahed-136” 2500 kilometrə qədər uçuş məsafəsinə malikdir. O, 60-80 funt ağırlığında döyüş başlığı daşıyır. 200 kilometr məsafəyə malik daha böyük “Mohajer-6” kiçik raketlər və ya idarə olunan bombalar atdıqdan sonra bazaya qayıda bilər. Oktyabr ayında Ukrayna bildirmişdi ki, İran Rusiya operatorlarına “Şahed-136”dan daha sürətli və daha böyük partlayıcı yük daşıya bilən “Araş-2” PUA-ları ilə bağlı təlimlər keçir.


Pentaqonun məlumatına görə 2022-ci ilin avqust və oktyabr ayları arasında İran Rusiyaya yüzlərlə PUA satıb. Raketlərdən daha ucuz olan bu sistemlər Rusiyanın arsenalındakı boşluğu doldurdu. 1 “Şahed-136”nın qiyməti 20.000 dollara başa gəlir ki, bu da Rusiyanın 1 milyon dollarlıq “Kalibr” qanadlı raketindən dəfələrlə ucuzdur. Ukrayna prezidenti Zelenski oktyabrın 24-də Rusiyanın İrandan təxminən 2000 “Şahed-136” PUA sifariş etdiyini qeyd edib.

Rusiya “Şahed-136”larından Ukrayna ordusunun mövqelərini, eləcə də yaşayış binalarını, elektrik stansiyalarını, körpüləri, uşaq meydançalarını, kanalizasiya təmizləyici qurğularını və digər infrastruktur obyektlərini atəşə tutub, onlarla mülki şəxs həlak olub. Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat rəhbəri Kirilo Budanov oktyabrın 24-də bildirib ki, Ukrayna qüvvələri İrana məxsus PUA-ların 70 faizini vurub.

Venesuela: 2007-ci ildə İran 50 kilometr mənzilə malik və müşahidə üçün istifadə edilən “Mohajer-2” PUA-ları üçün Venesuelaya montaj dəstləri satmağa razılıq verib. 2012-ci ilə qədər İranda təhsil almış hərbi mühəndislər 3 PUA istehsal ediblər. “Biz yalnız onları hərbi istifadə üçün almırıq, həm də istehsal edirik”, - deyə o zamankı prezidenti Uqo Çaves bildirib. O qeyd edib ki, “Arpia-001” adlandırılan “Mohajer-2”nin Venesuela versiyasında yalnız kameralar olsa da, heç bir silah yoxdur və müdafiə məqsədi daşıyır: “Bizim heç kimə zərər vermək planımız yoxdur”. 2013-cü ilə qədər hava qüvvələrinin narkotik tacirlərini müşahidə etmək, sərhəddə patrul xidməti və neft yataqlarını qorumaq üçün onlarla “Mohajer-2”yə sahib olduğu bildirilir.


2021-ci ilə qədər İranın Venesuelaya “Mohajer-2”dən daha uzun məsafəyə və daha böyük yük daşıma qabiliyyətinə malik daha təkmil “Mohajer-6” satdığı bildirilir. İsrailin iddiasına görə, İran həmçinin 2022-ci ildə “Mohajer-6” və digər PUA-lar üçün dəqiq idarə olunan sursat təmin edib. Karakasda keçirilən hərbi paradda Venesuela “Mohajer-2”nin “Antonio José de Sucre-100” adlandırılan yeni versiyasını nümayiş etdirib. Yerli olaraq yığılmış və yeni silahlarla təkmilləşdirilmiş PUA-lar kəşfiyyat, müşahidə və hücum missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub.

Sudan: İran 2008 -ci ildən bəri Sudana məhdud sayda kəşfiyyat aparatları təqdim edib. BMT-nin sülhməramlıları 100 kilometr uçuş məsafəsinə malik olan “Zagil” adlandırılan “Əbabil-3”ü müşahidə ediblər. Sudan bu PUA-lardan üsyançı qrupları izləmək və qırıcı-bombardmançılarının hədəflərini təyin etmək üçün istifadə edib. Üsyançı qrupların bir “Əbabil-3”ü 2012-ci ildə, digərini isə 2014-cü ildə vurduğu bildirilir.


Efiopiya: İran 2021-ci ilin avqustunda Əddis-Əbəbəyə 2 “Mohajer-6” PUA-sı verib. Efiopiyanın onlardan Tiqray üsyançılarına qarşı istifadə etdiyi bildirilir. ABŞ Maliyyə Nazirliyi 2021-ci ilin oktyabrında Efiopiyaya PUA tədarük edən İran şəbəkəsinə, o cümlədən 2 SEPAH generalı, 2 iş adamı və 2 müdafiə firmasına İranın PUA proqramlarını dəstəklədiyinə görə sanksiya tətbiq edib.


Tacikistan: 2022-ci ilin may ayında İran 200 km mənzilə malik və kəşfiyyat, müşahidə və hücum missiyalarını həyata keçirə bilən “Əbabil-2” PUA-larının istehsalı üçün müəssisə açıb. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri Düşənbədəki açılış mərasimində deyib: “Daxili ehtiyaclarımızı ödəməkdən əlavə, təhlükəsizliyin və davamlı sülhün artırılmasına kömək etmək üçün müttəfiq və dost ölkələrə hərbi texnika ixrac edə bilərik”. İran mediası obyekti “fabrik” və ya “istehsalat zavodu” kimi təsvir etsə də, ekspertlər bunun bunun “kiçik emalatxana” olduğunu bildirib.


Suriya: Suriyadakı vətəndaş müharibəsi zamanı İran qüvvələrinin “Əbabil-3”, “Mohajer-4”, “Şahed-123”, “Şahed-129” və “Yasir” də daxil olmaqla bir neçə növ zərbə və kəşfiyyat PUA-larından istifadə etdiyi bildirilir. 2018-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə deyib: “Bizim bombardmançı PUA-larımız Suriyada İŞİD-ə qarşı ağıllı bombalardan istifadə etməklə 700 hərbi əməliyyat keçirib”. 2021-ci ildən bəri İran Suriyada bir neçə PUA fabriki qurub. 2022-ci ilin oktyabrında İsrailin Suriyada “Hizbullah” tərəfindən idarə olunan İranın PUA zavodunu vurduğu bildirilir.


İxrac Faydaları

PUAixrac etməklə İran beynəlxalq statusunda mühüm rol oynayan “maliyyə qazancı, nüfuzu və geosiyasi mülahizələri” əldə edib. Silah ticarəti bir neçə həqiqi müttəfiqi olan bir ölkə üçün ikitərəfli əlaqələri gücləndirmək üçün bir yoldur. Pul baxımından, sövdələşmələr nisbətən əhəmiyyətsiz olsa da, təsiri böyükdür.

Rəqabət

2022-ci ildə İsrail və Türkiyə regionun digər əsas PUA ixracatçıları olub. İranın PUA-ları daha sadədir və daha ucuzdur.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 1985-2014-cü illər arasında İsrail dünyadakı PUA-ların 60 faizini ixrac edib. Bu ölkənin Afrika, Asiya, Avropa, Şimali Amerika və Cənubi Amerikada 50-dən çox müştərisi var. İsrail kəşfiyyat və müşahidə üçün inkişaf etmiş PUA-lar ixrac edib. İllərlə ABŞ və İsrail PUA-larını idxal etdikdən sonra Türkiyə “Bayraktar TB2” kimi qabaqcıl yerli sistemlər hazırladı. O, həm kəşfiyyat və müşahidə missiyalarını yerinə yetirir, həm də zərbələr endirir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   PUA  


Bizi "telegram"da izləyin