"Taliban" Əfqanıstanda hakimiyyətə qayıtdıqdan sonra ilk açıq edamı həyata keçirib

2021/10/cfe78-1633063025.jpg
Oxunub: 349     18:25     07 Dekabr 2022    
Taliban hərəkatı hakimiyyətə qayıtdıqdan sonra ilk açıq edamı həyata keçirib.

Ordu.az BBC-yə istinadən xəbər verir ki, Tacmir adlı şəxs törətdiyi qətli etiraf etdikdən sonra Əfqanıstanın cənub-qərbindəki Fərəh əyalətində edam olunub.

Taliban sözçüsü Zabihullah Mücahidin sözlərinə görə, edamda Ali Məhkəmənin bir neçə hakimi, hərbi qulluqçular və yüksək səviyyəli nazirlər, ədliyyə, xarici işlər və daxili işlər nazirləri iştirak edib.

Stadionda icra olunan edam zamanı izdiham yaşanıb.

Talibanın məlumatına görə, Herat vilayətinin sakini Tacmir adlı şəxs təxminən 5 il əvvəl Mustafa adlı şəxsi bıçaqlayaraq qətlə yetirib. Daha sonra o, Taliban məhkəməsi tərəfindən mühakimə olunub və onun cəzası Molla Axundzadə tərəfindən təsdiqlənib.

Öldürülən şəxsin anası BBC-yə bildirib ki, Taliban liderləri ondan Tacmiri bağışlamağı xahiş ediblər. Lakin o, Tacmirin edam edilməsində israr edib:

“Taliban mənim yanıma gəldi və yalvardı ki, bu kafiri bağışla. Məndən Allah xatirinə bu adamı bağışlamağımı təkid etdilər, amma mən onlara dedim ki, bu adam edam edilməlidir. Bu, həm də digər insanlara bir dərs olar. O, edam edilməsə, gələcəkdə başqa cinayətlər törədəcək”.

Qeyd edək ki, Taliban hərəkatı ötən ilin avqustunda Əfqanıstanda hakimiyyətə qayıdıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   Əfqanıstan   Edam  


Bizi "telegram"da izləyin