Təchizat problemlərinə baxmayaraq, qlobal silah satışı 7 ildir artmaqdadır

2022/12/Bayra-1670412989.jpg
Oxunub: 308     17:35     07 Dekabr 2022    
Keçən il tədarük zəncirində yeni növ koronavirus (Covid-19) pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, dünya miqyasında silah satışı yeddinci ildir ki, artıb.

Ordu.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında qeyd edilib.

Məlumata görə, müdafiə sektorundakı 100 ən böyük şirkətin silah və hərbi xidmət satışları 2021-ci ildə əvvəlki ilə nisbətən 1,9 faiz artaraq 592 milyard dollara çatıb. Beləliklə, satışlar ardıcıl 7 il artıb.

Hesabatda, keçən il artımın əvvəlki ilə nisbətən daha yüksək olduğu, lakin yenə də sözügedən artımın “Covid-19”dan əvvəl dörd il ərzində orta hesabla olan 3,7 faiz artımdan az olduğu qeyd edilib.

Hesabatda tədarük zənciri problemlərinin 2021-ci ildə silah ticarətini əngəlləməyə davam etdiyi və bu çətinliklərin Rusiya-Ukrayna müharibəsi nəticəsində daha da pisləşəcəyi bildirilib.

Hesabata görə, qlobal silah satışı ən azı 2015-ci ildən bəri davamlı olaraq artsa da, SIPRI ilk dəfə Çin şirkətlərini illik siyahısına daxil edib.

2018-ci ildən bəri siyahının başında olan beş şirkətin hamısı ABŞ-da yerləşir. Bu şirkətlər “Lockheed Martin”, “Boeing”, “Northrop Grumman”, “Raytheon” və “General Dynamics”dir.

Qlobal müdafiə sənayesindəki ilk 100 şirkət arasından cəmi 40 ABŞ şirkəti 2021-ci ildə 299 milyard dollarlıq silah satıb, bu da bütün satışların 51 faizini təşkil edərək, əvvəlki ilə nisbətən 0,8 faiz artıb.

Siyahıda yer alan 8 Çin silah şirkətinin ümumi satışlarının əvvəlki ilə nisbətən 6,3 faiz artaraq 109 milyard dollara çatması diqqət çəkir. Çin istehsalçılarından 4-ü siyahıda ilk 10-luğa daxil olub.

Ən yaxşı 100 şirkət arasında mərkəzi ofisi Avropada yerləşən 27 şirkət var və onların ümumi silah satışları 4,2 faiz artaraq 123 milyard dollara çatıb.

Keçən il siyahıya girməyi bacaran ASELSAN 56-cı, TUSAŞ isə 84-cü yerdə qərarlaşıb. İki şirkətin satışları ümumilikdə 12 faiz artaraq 3 milyard 360 milyon dollara çatıb.

1966-cı ildə yarandığı gündən bəri SIPRI münaqişə, silahlanma, silahlara nəzarət və tərksilah kimi sahələrdə araşdırmalar, hesabatlar və təhlillər hazırlayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Qlobal-silah-satışları  


Bizi "telegram"da izləyin