İranın dövlət mediası birgə təlimlərdən narahatdır – “Tehran qabaqlayıcı tədbirləri öz gündəliyinə daxil edəcək”

2022/12/fec1e-5010960753.jpg
Oxunub: 595     21:50     07 Dekabr 2022    
İranın dövlətə məxsus “İrna” xəbər agentliyi “Prezident İlham Əliyevin suallarına cavablar” sərlövhəli məqalə dərc edib. Agentlik məqalənin Prezidenti İlham Əliyevin Ermənistan və İranla münasibətləri ilə bağlı suallarına cavab olduğunu iddia edib.

Prezident İlham Əliyev bildirib ki, İranın üç prezidenti ilə çalışıb, lakin hazırda iki ölkə arasında münasibətlərdə gərginlik heç vaxt bu qədər yüksək səviyyədə olmayıb.

Agentlik iddia edir ki, bölgədə guya hərbi təlimlərə ilk Azərbaycan başlayıb.

“Azərbaycan Respublikası Türkiyə və Pakistanla birlikdə Naxçıvanda Ermənistan Respublikasının ərazi bütövlüyünə qarşı hərbi təlimlər keçirməmişdimi? Həmin hərbi təlimlər İran silahlı qüvvələrinin “Xeybərin fatehləri” hərbi təlimlərindən əvvəl baş tutub. İranın hərbi təlimləri region ölkələrinin ərazi bütövlüyünü dəstəkləmək məqsədilə keçirilib, Azərbaycanın hərbi təlimləri isə Ermənistanın ərazi bütövlüyünü pozub”, - deyə məqalədə iddia edilir.

Dövlət agentliyi məqalədə iddia edir ki, türkdilli ölkələrin sammitində erməni torpaqları ilə bağlı tarixi ambisiyaları ortaya qoydu, Zəngəzur dəhlizinin açılması və Ermənistanın bir hissəsinin birləşdirilməsi üçün hərbi yoldan istifadə etməyə dair təhdid etdi.

“Bu hərəkətlər regionun geosiyasətini dəyişmək, coğrafi sərhədləri təhlükə altında qoymaq, ölkənin ərazi bütövlüyünü pozmaq və yeni münaqişələr yaratmaq cəhdi deməkdir və İran buna biganə qala bilməz”, - deyə məqalədə bildirilir.

Müəllif yazır ki, guya İranın siyasi və hərbi hakimiyyəti hərbi təlimlərin heç bir qonşusu üçün təhlükə yaratmadığını və region ölkələrinin ərazi bütövlüyünü dəstəkləmək məqsədilə keçirildiyini açıqlayıb.

“Azərbaycanın on milyonluq əhalisi iranlıdır və öz vətənindən kobud şəkildə ayrılıb. İndi belə tarixi istəklər ortaya qoyulsa, İranın deməyə sözü olacaq”, - deyə müəllif qeyd edir və Azərbaycanı təhdid edir.

Məqalədə iddia edilir ki, İranla Ermənistanın münasibətləri Tehranın qonşularla siyasəti çərçivəsindədir və heç bir başqa ölkəyə qarşı yönəlməyib.

“İran regional hadisələrlə bağlı prinsipial mövqe tutub və ölkənin coğrafi sərhədlərinin dəyişdirilməsinə qarşı çıxacağı təqdirdə qonşuları, o cümlədən Ermənistan və Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir.

Təəssüf ki, Azərbaycan Respublikası İranın prinsipial mövqeyinə baxmayaraq, irrasional cavab olaraq işğalçı sionist rejimlə əlaqələri gücləndirməyə çalışır və bu hərəkət Azərbaycan Respublikası üçün yeni problemlər yaradır. Sionist İsrail rejimi müsəlman dövlətlərinin, xüsusən də Şiə ölkələrinin heç də dostu deyil və Bakıda öz təsirini bərqərar etməyə çalışır”, - deyə müəllif bildirib.

Məqalə təhdidlərlə bitir: “Lazım gələrsə, Tehran qabaqlayıcı tədbirləri öz gündəliyinə daxil edəcək”.

Sevinc Əliyeva  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Təlim   Türkiyə  


Bizi "telegram"da izləyin