“Hraparak”: Ukraynaya dəstək verən ermənilər ikiüzlüdür, riyakardır

2022/12/Armen-1670409145.jpg
Oxunub: 341     19:45     07 Dekabr 2022    
Şənbə günü Ukraynanın Baxmut şəhəri (ruslar onu Artyomovsk adlandırır) uğrunda gedən döyüşlər zamanı 5 gürcü könüllü həlak olub, dəstə komandiri də daxil olmaqla çoxlu yaralı var. 9 aydan çox davam edən Rusiya-Ukrayna müharibəsi ərzində bir gündə bu qədər gürcü könüllünün öldürülməsi halı olmayıb. Bundan bir gün əvvəl isə daha bir gürcü könüllü öldürülüb. Müxtəlif məlumatlara görə, Rusiya-Ukrayna müharibəsi zamanı gürcü könüllülərinin 33-37 qurbanı olub.

Fevralın 24-dək Ukrayna ordusunda onlarla gürcü könüllü döyüşürdü və genişmiqyaslı hərbi əməliyyatlardan sonra minlərlə gürcü Ukraynaya gedən könüllü dəstələrə qoşuldu. Onların bir qismi sonradan vətənə qayıdıb, bəziləri nizami ordu və könüllülərin sıralarında döyüşlərini davam etdirirlər.

Hazırda qeyri-rəsmi məlumatlara görə, Ukraynada mindən çox gürcü könüllüsü var. Gürcülər könüllülərin sayına görə polyaklardan sonra ikinci yerdədir. Gürcü könüllülərin əksəriyyəti hesab edir ki, Rusiya-Ukrayna müharibəsi həm də onların müharibəsidir, Ukrayna ordusunun sıralarında Rusiyaya qarşı vuruşmaqla Gürcüstanın da azadlığı, Ukraynanın qələbəsi və Rusiyanın məğlubiyyəti üçün mübarizə aparırlar.

“Hraparak” nəşri yazır ki, Ermənistanda da Ukrayna ordusunun qələbəsinin Ermənistanın Rusiya işğalından azad edilməsinə yol açacağına inanaraq, Ukraynanı dəstəkləyən insanlar və siyasi qüvvələr var.

“Milli Demokratik Qütbün (MDQ) hər mitinqi Ukrayna bayraqları ilə keçirilir, Ukrayna ordusunun uğurlarına istinad edilir. Noyabrın 26-da keçirilən sonuncu mitinq də istisna deyildi. MDQ nümayəndəsi Vahe Qasparyan Rusiya-Ukrayna müharibəsi haqqında danışarkən deyir: “Ukraynalılar Yeni ilə qədər Krım sahillərində olmaqdan danışırlar, biz növbəti əks-hücumun şahidi olacağıq və buna cavab olaraq Rusiyanın daxilində, Kremlin daxilində nəzərəçarpacaq panika var. Danışıqlar olmayacaq, atəşkəs olmayacaq, qışda heç bir fasilə olmayacaq, çünki qış, əksinə, ukraynalıların əks-hücum inkişaf etdirməsi üçün daha əlverişli şərait yaradacaq. Beləliklə, düşünürəm ki, Yeni ilə qədər çox maraqlı və həlledici hadisələr olacaq. Odur ki, yaşasın Ukrayna xalqı, yaşasın hamımızı azad edən Ukrayna ordusu”.

MDQ nümayəndəsi hansı hüquqla “danışıq yoxdur, barışıq yoxdur” deyir? Neçə MDQ üzvü Rusiyaya qarşı vuruşur, siz nə qədər erməni könüllüsünü tanıyırsınız ki, onlar Rusiyanı Ermənistanın düşməni hesab edərək cəbhəyə gedib, Ukrayna tərəfində vuruşurlar? Hər iki tərəfdə döyüşən ermənilər var, hər iki tərəfdən ölən erməni var, amma onlar o müharibədə könüllü yox, öz ölkələrinin vətəndaşları kimi iştirak edirlər. Gürcülər deyəndə ki, Ukrayna ordusu hamımızı azad edir, buna mənəvi haqq qazandırıblar, ən azı o dərəcədə ki, gürcü tərəfi də az qala hər həftə itki verir. Gürcüstanda davamlı olaraq pul və zəruri malları yığıb cəbhəyə göndərirlər.

Nikol Paşinyan noyabrın 9-da kapitulyasiya bəyanatını imzalayanda həmin Vahe Qasparyan və ya MDQ elitası harada idi? Niyə heç olmasa noyabrın 10-da “danışıq olmaz, barışıq olmaz” deyə qışqırmadılar?”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin