Azərbaycan və İndoneziya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

2022/12/5f02a-1670330724.jpg
Oxunub: 255     16:44     06 Dekabr 2022    
Dekabrın 6-da Cakartada Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə İndoneziya Xarici İşlər Nazirliyi (İndoneziya XİN-in Xarici Siyasət Strategiyası Agentliyi) arasında üçüncü ikitərəfli siyasi məsləhətləşmələr – “3-cü Siyasi Planlaşdırma Dialoqu” keçirilib.

Bu barədə Ordu.az-a Azərbaycan XİN-dən məlumat verilib.

Məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə İndoneziya Xarici İşlər Nazirliyinin Xarici Siyasət Strategiyası Agentliyinin rəhbəri, baş direktor Dr. Yayan GH Mulyana rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, gələcək perspektivləri, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəniyyət, təhsil, konsulluq məsələləri və s. istiqamətlər üzrə müzakirələr aparılıb. Habelə, BMT, Qoşulmama Hərəkatı, İƏT, ASEAN/AIPA çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

E.Məmmədov müzakirələr zamanı 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olduğunu qeyd edərək, bu illər ərzində Azərbaycanla İndoneziya arasında istər ikitərəfli, istərsə də çoxtərəfli əsasda müxtəlif sahələr üzrə əməkdaşlıq gündəliyinin formalaşdığını və münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib. 44 günlük Vətən müharibəsi zamanı dəstək də daxil olmaqla, İndoneziyanın ölkəmizə verdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədov qarşı tərəfə, post-münaqişə dövründə bölgədə yaranan yeni inkişaflar, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verib. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın sülh gündəliyinin irəli aparılması, kommunikasiyaların açılması istiqamətində fəaliyyəti barədə qarşı tərəfi məlumatlandıraraq, eyni zamanda Ermənistan tərəfindən törədilən təxribatların bölgədə sülh və əmin-amanlığın təmin edilməsinə təhdid yaratdığını diqqətə çatdırıb.

Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İndoneziya  


Bizi "telegram"da izləyin