Türkiyənin balanslaşdırılmış xarici siyasətini necə anlamaq olar?

2022/12/1670339485.jpg
Oxunub: 385     19:30     07 Dekabr 2022    
Soçi görüşünün əks-sədaları davam edir. Taxıl dəhlizinin açılmasına görə Türkiyəni tərifləyən Qərb mediasını Türkiyə-Rusiya yaxınlaşmasının fotosu narahat etməyə davam edir. “Financial Times” artıq ABŞ-ın “ikinci dərəcəli sanksiya riski” təhdidi barədə danışır, prezident Ərdoğanın riskə getdiyini bildirib. Avropa mediası Ərdoğanın müharibənin hər iki tərəfi ilə apardığı diplomatiyanı qarışıq heyranlıq hissi ilə qələmə verir. Lakin Türkiyənin geosiyasi əhəmiyyətindən istifadə edərək, Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların yaratdığı boşluğu doldurmaq üçün “imkan” göstərdiyini iddia etməkdən də çəkinmir. Bütün bu qiymətləndirmələrin böyük bir hissəsi təbliğat xarakteri daşıyır. Digər bir hissəsi isə Türkiyənin Rusiya siyasətini düzgün təhlil edə bilmir.

Əvvəla, Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə danışıqlar apara biləcəyi bir nöqtədə qalması bütün dünya, Qərb ittifaqı və Türkiyə üçün çox önəmlidir. Ukrayna müharibəsindən sonra bəzi Avropa liderlərinin Putinlə danışıqlarda uğursuzluğa düçar olmasına baxmayaraq, Ərdoğanın iki tərəfin xarici işlər nazirlərinin ilk görüşü və daha sonra taxıl daşınmasına təşəbbüs göstərməsi mühüm nailiyyətdir. Hər iki tərəflə görüşə bilmək Türkiyənin yükünü artırmaqla yanaşı, müəyyən imkanlar da açır. Həm Avropa, həm Körfəz, həm də Rusiyadan yeni investisiyaların və kommersiya marağının COVID epidemiyasından sonra logistik dəyəri yenidən görünən Türkiyəyə yönəlməsi təəccüblü deyil. Taxıl daşınmasında göründüyü kimi, bu strateji rol Türkiyənin üzərinə də məsuliyyətlər qoyur. Türkiyə Qara dənizin mühüm ölkələrindən biri və Boğazların hakimi olaraq müharibənin dərinləşməsini deyil, atəşkəs və sülh istəyir. Bu məqsədlə o, fərqli fəal neytrallıq siyasəti həyata keçirir. Moskvanın tənqidlərinə baxmayaraq, Ukraynaya PUA verən Türkiyə də dünyanın bir çox ölkələri kimi ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmur. Soçi sammitində Türkiyə ilə Rusiya arasında dərinləşən iqtisadi-ticarət əlaqələri Qərbin sanksiyalarını neytrallaşdırmaq niyyətində deyil. Ankara bununla bağlı lazımi tarazlığı qoruyur.

10 ayı başa vuran Ukrayna müharibəsinin mənfi təsirlərini hiss edən ölkələrdən biri də Türkiyədir. Təkcə enerji qiymətlərinin artması Türkiyə büdcəsinin yükünü xeyli artırıb. Hətta bu, humanitar məsələlər də daxil olmaqla, Ankaranın müharibəni tez bir zamanda dayandırmaq və diplomatiyanı səfərbər etmək istəyini izah edir. Yeri gəlmişkən, “onun geosiyasi əhəmiyyətindən istifadə etmək” tənqidi kifayət qədər gülüncdür. Geosiyasi mövqeyiniz sizi bir çox böhranlarla qarşı-qarşıya qoyanda coğrafiya tale kimi qəbul olunur. Bu böhranları idarə edərək təsir yaratdığınız zaman “fürsətçi” olursunuzmu ? Türkiyə geosiyasi mövqeyinə görə bir çox böhranların mənfi təsirlərindən qaça bilmir. Üstəlik, bu böhranlarda müttəfiqlərindən heç vaxt kifayət qədər dəstək almır. İraq və Suriya vətəndaş müharibəsi buna açıq nümunələrdir. Suriyadakı Rusiya qüvvələrinə qarşı Türkiyə hansı Qərb müttəfiqindən dəstək aldı? Bəzi Qərb paytaxtlarının tələsik “Patriot”ları yığışdırması hələ də xatırlanır. Terrorizm və qaçqınlarla mübarizə məsələləri daha ciddidir. Avropanın suriyalı qaçqınlara dəstəyi Türkiyənin yükü ilə müqayisədə zəifdir. Ərdoğan suriyalıları dəstəkləmək üçün hər yerdə (BMT Baş Assambleyası da daxil olmaqla) səfərbər olmağa çalışdı. Nəticə göz qabağındadır...

Ukrayna müharibəsi zamanı Türkiyənin Rusiya ilə münasibətlərini problemli etmək də Avropanın xeyrinə deyil. Unutmaq olmaz ki, bu müharibənin hər mərhələsində sülhün əldə olunmasında müsbət rol oynaya bilən yeganə NATO lideri Ərdoğandır. Rusiyaya qarşı tətbiq edilən sanksiyaların istənilən effekti vermədiyi və hətta Avropa iqtisadiyyatına zərbə vurduğu getdikcə daha çox danışılır. Enerji sanksiya silahı Avropanı Rusiyadan daha çox geri salır. Moskva enerjini daha ucuz qiymətə sata biləcək bir çox ölkə tapa bilər. Yunanıstanın həddindən artıq tələblərinə görə Aİ-Türkiyə münasibətləri faktiki dalana dirənib və bundan ən çox Avropa ziyan görür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya   BMT  


Bizi "telegram"da izləyin