MM-in komitə sədri Azərbaycan, Türkiyə və Ermənistan liderlərinin İrəvanda görüşünün keçirilməsini təklif edib

2022/12/1670315884.jpg
Oxunub: 310     12:24     06 Dekabr 2022    
“Qələbədən sonra Moskva, Brüssel, Soçi və Praqada aparılan danışıqlar göstərdi ki, moderatorlara sülh yox, Qafqazlarda hökmranlıq gərəkdir. Ona görə də Ermənistanı İran, Rusiya, Fransa və Amerikanın əlindən almaq Şuşanı azad etmək qədər mühüm vəzifədir”.

Ordu.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə çıxışı zamanı Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Zahid Oruc Hollandiya və Fransa parlamentlərinin qərarlarını heç Ermənistanın özünün belə qəbul etmədiyini deyib: “Günün birində Co Baydenlə İbrahim Rəisi görüşüb Qarabağda vasitəçilikdən danışsalar, təəccüblənməyin. Ukrayna torpaqlarının müdafiəsinə 93 milyard avro silah və maliyyə yardımı ayıran, Krımı qaytarmağı tələb edən NATO üzvlərinin Qarabağa müstəqillik çağırışı ərazi bütövlüyünə və hüquqa həqarətdir. Onlara baxanda Paşinyan dost ölkənin rəhbəri kimi görünür. Adam 4 ildir, keçmiş prezidentlərdən xalqımızın intiqamını alır və işğala görə utanır, üsyan edir ki, ikinci dövlət avantürası “ermənisiz Ermənistan” deməkdir. İrəvan parlamentində Azərbaycanla bağlı ədalətli və heç vaxt görünməmiş bəyanatlar səslənir. Məsələn, “beynəlxalq ictimaiyyət bizə kömək etməyəcək, 2020-ci ilin səhvlərini təkrarlamamalıyıq, Qarabağ məsələsində plankanı aşağı salmalıyıq, əks halda onlara ümid bəsləməməyi xahiş edirlər, biz sənədi imzalayacağıq, çoxları bizi söyəcək, satqın adlandıracaq, lakin nəticədə davamlı sülh əldə edəcəyik" sözlərini xatırlatmaq kifayətdir.

Belə şəraitdə xaricdən siyasi hücumlara ən yaxşı cavab Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrəvanda üçlü sülh görüşüdür. Danışıqları kənar müdaxilə və qəsdlərdən qorumağın ayrı yolu yoxdur. Gedib Hindistandan raketlər alan dövləti inandırmalıyıq ki, sizi strateji silahlar yox, Azərbaycan və Türkiyənin qarantiyası xilas edə bilər”.

Zahid Oruc qeyd edib ki, 6 oktyabrda Praqada Ərdoğan-Paşinyan görüşü 100 ilin düşmənçiliyinə, qorxu və nifrətinə son qoymaq üçün ilk sınaq olub: “Praqadan, yaxud Soçidən yaxın və təhlükəsiz şəhərlər Bakı, İrəvan və Ankaradır. Ərdoğan və Əliyevin üç ölkənin paytaxtında Paşinyanla görüşləri yeganə yoldur. Xalqlar əbədi müharibə və düşmənçilikdə yaşaya bilməz. Biz savaşla Şuşanı, sülhlə İrəvanı qazanacağıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zahid-Oruc  


Bizi "telegram"da izləyin