İranın Yəməndəki PUA hücumları Rusiyanın Ukraynadakı müharibəsinə necə təsir etdi? – ANALİZ

2022/12/55-1670313190.jpg
Oxunub: 305     11:46     06 Dekabr 2022    
Rusiyanın Ukraynada İran istehsalı olan PUA-lardan istifadə etməsinin ilk əlaməti bu ilin sentyabrında ortaya çıxdı. Ukrayna əsgərləri bildiriblər ki, “Şahed-136” kamikadze PUA-sı Rusiyanın şimal-şərqindəki Kupyansk şəhəri yaxınlığında bu yaxınlarda geri alınan ərazidə hərbi mövqeləri hədəfə almaq üçün ilk dəfə istifadə edilib. Bir neçə həftə sonra Rusiya bu PUA-lardan Ukrayna şəhərlərinə, o cümlədən Kiyevə qarşı bir neçə dəfə hücumlar həyata keçirmək üçün istifadə etdi.

İran istehsalı olan PUA-lardan Avropa paytaxtına qarşı istifadə Qərb üçün şok oldu, lakin bu, Qərbin İranın Yəməndə istifadə etdiyi PUA və ballistik raket proqramlarına yumşaq yanaşmasının birbaşa nəticəsidir. İranın Yəməndəki yerli nümayəndəsi olan “husi” qiyamçıları bütün Körfəz ölkələrini hədəfə alaraq İrana nisbətən təkmil hava hücumundan müdafiə sistemlərinə qarşı yeni silahları sınaqdan keçirmək üçün döyüş meydanı təqdim ediblər. İndi həmin silahlar İran və Yəməndən minlərlə kilometr uzaqlıqda yerləşən Ukrayna cəbhəsində istifadə olunur.

Yəmən böhranı artıq unudulmuş münaqişədir və nadir hallarda manşetlərə çıxır. İranın köməyi ilə yəmənli husilər tədricən Yəmənin şimal-qərbində (və ən sıx məskunlaşan) əksər ərazilərdə nəzarəti ələ keçiriblər. Qrupun Səudiyyə Ərəbistanı ilə sərhədə yaxın mövqeyi İranın qrupu dəstəkləmək qərarında əsas rol oynadı, lakin husilər də İrana daha bir dəyərli “gəlir” təmin etdilər. Onlar döyüş sınaqlarından keçmiş təminatlarla İran üçün getdikcə daha vacib olduqlarını sübut etdilər.

İllər əvvəl Yəməndə yerləşən qrupun kamikadze PUA və ya raketlərin istifadəsi haqqında çox az məlumat var idi. Husilərin bu cür vasitələrdən istifadə etmək üçün ilk cəhdləri kobud və səmərəsiz idi. Qrup Səudiyyə Ərəbistanının cənubunu vurmağa cəhd etmək üçün əvvəlcə konvertasiya edilmiş hava hücumundan müdafiə raketlərindən və yerli (əsasən Sovet istehsalı) ballistik raketlərdən istifadə edirdi. Lakin İranın köməyi ilə husilərin arsenalı sürətlə idarə olunmayan raketlərdən qanadlı raketlərə və PUA-lara çevrildi.

Husilər tərəfindən İran istehsalı PUA-lardan ilk istifadə 2016-cı ilin sonlarına təsadüf edir, onlar Səudiyyə Ərəbistanını hədəf almaq üçün “Qasef-1” kamikadze PUA-larından (“gəzən sursat”) istifadə ediblər. O vaxtdan bəri qruplaşma İran istehsalı olan sistemlərə və əvvəlki hücumlar zamanı öyrənilmiş dərslərə əsaslanaraq, həmin PUA-ların həm əhatə dairəsini, həm də dəqiqliyini artırmaq üçün PUA istehsal xəttini genişləndirdi. “Sammad” 1, 2 və 3 də daxil olmaqla yeni PUA istehsal xətləri də işə salınıb.

Buraya 2019-cu ildə Səudiyyənin iki enerji obyektinə qarşı hücumda ilk əməliyyat istifadəsini həyata keçirmiş “Şahed-136” daxildir. Birbaşa İran tərəfindən həyata keçirildiyi ehtimal edilən Səudiyyənin enerji infrastrukturuna qarşı misli görünməmiş hücumdan sonra “delta qanadlı” PUA dağıntıları aşkar edilib. Bu il sürətlə irəliləyən husilər Hudeyda liman şəhərində keçirilən parad zamanı Ukrayna şəhərlərini vuran PUA-lara sahib olduqlarını açıq şəkildə nümayiş etdirdilər.

Təbiətinə görə, bu cür PUA-lar demək olar ki, yalnız mülki hədəflərə qarşı istifadə olunur. Onlar GPS koordinatları vasitəsilə idarə olunur və nəticədə yalnız hərəkətsiz hədəfləri dəqiq vurmağı gözləmək olar. Husilər PUA-lardan Səudiyyə Ərəbistanının cənubundakı bir neçə hərbi bazaya qarşı istifadə etməyə cəhd etsə də, bu hərbi aktivlər ümumiyyətlə infrastruktur və şəhərlər də daxil olmaqla “yumşaq” mülki hədəflərdən daha yaxşı müdafiə olunur. Bu hücumların məqsədi terror hücumlarında olduğu kimi düşmənin hərbi imkanlarına zərbə vurmaq deyil, müharibəni mülki əhaliyə yönəltməklə onun döyüş əzmini və iradəsini sındırmaqdır.

Yəməndəki münaqişə qızışdıqca, İran da müasir hava hücumundan müdafiə sistemlərindən səmərəli şəkildə yan keçmək barədə dəyərli məlumatlar əldə edə bildi. PUA proqramı ilə yanaşı, husilər həmçinin İranın həm ballistik, həm də qanadlı raketlərlə bağlı təcrübəsindən faydalanıb, Yəməndə və kənarda istifadə edilən silahlar hazırlayıblar.

Avropadan minlərlə kilometr uzaqda olan münaqişədən alınan dərslərin İkinci Dünya Müharibəsindən bəri qitənin gördüyü ən böyük müharibələrdən birinə birbaşa təsir göstərməsi təəccüblü görünə bilər. Amma həqiqət budur ki, husilərə və İranın PUA və raket proqramlarına qarşı yumşaq yanaşmanın nəticələri artıq öz “bar”ını verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   PUA   Terror  


Bizi "telegram"da izləyin