Cənub sərhədlərində "Atak"lardan gövdə göstərişi – İran daha çox ehtiyatlı davranmağa məcburdur!

2022/12/2-3340513310.jpg
Oxunub: 2476     20:00     05 Dekabr 2022    
Ssenariyə uyğun olaraq, hərbi manevrlərdə Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbiçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirir.

Təlimlərdə müasir döyüş üsullarından istifadə olunmaqla artilleriya, aviasiya və digər qoşun növləri tətbiq edilir. Təlimlər zamanı Türkiyənin "Atak" helikopterləri ilə müxtəlif döyüş tapşırıqları yerinə yetirilir.


Buna qədər "Atak" helikopterlərinin Naxçıvanda keçirilən birgə təlimlərdə tətbiqi həyata keçirilib.

Terrorizmlə on illərdir imübarizə aparan, Türkiyə ehtiyac duyduğu müasir silah sistemlərini, o cümlədən helikopterləri müttəfiqlərindən vaxtında əldə edə bilmirdi. Şərqi və Cənub-Şərqi Anadoluda artan helikopter ehtiyacı qarşılanmadığı üçün qırıcıların resursları normadan artıq sərf edilirdi. TSQ-nin silahlanmasında mövcud olan "Kobra" hər coğrafiyada tətbiq edilə bilmirdi, yararlı olan AH-1 "Super Kobra" tipli helikopterlər isə məhdud sayda idi.


Vəziyyətin bu templə davamının mümkünsüz olduğunu anlayan Türkiyə yerli helikopter istehsalının başlanmasına qərar verdi. Ankara hücum və çoxməqsədli helikopterlərin Türkiyədə istehsal edilməsi üçün çalışmalara 1995-ci ilin oktyabr ayında başladı. 24 iyun 2008-ci ildə qüvvəyə minən layihənin əsas podratçısı TAI, subpodratçıları isə "AgustaWestland" və ASELSAN şirkətləri təyin edildi.

Türkiyə Quru Qoşunları üçün istehsal ediləcək T-129 helikopterləri təbii olaraq XXI əsrin ən qabaqcıl avionika sistemləri və silahları ilə təchiz edilir. T-129 Türkiyənin mövcud AH-1 "Super Kobra" helikopterindən daha üstün xüsusiyyətlərə malikdir. Türkiyə T-129 helikopterinin yeganə istehsalçısıdır. Bu baxımdan "Atak" layihəsi Türkiyə aviasiya istehsal sənayesində başlanğıc üçün çox vacib bir addım hesab edilir.


Təkərli şassiyə malik olan helikopterin 5 pərli rotora sahib olması və istifadə olunan silah-sursat baxımından böyük üstünlüklər təmin etməsi, bu məhsulu Türkiyə Silahlı Qüvvələrindəki digər helikopterlərdən fərqləndirir. Helikopter pilot və pilot köməkçisi (tuşlayıcı) tərəfindən idarə edilir.

A-129-un P5 prototipi ilə eyni korpusa sahib olan T-129, S-70 və AH-64 kimi zərbəyə müqavimətləri ilə məşhur olan helikopterlərə məxsus MIL-STD-1290 (Zərbəyə Davamlılıq Standartı) standartına uyğun istehsal edildi. Daxili yanacaq çənləri nüfuzetməyə və çatlamağa qarşı davamlıdır. Mühərriklər iki ayrı hissədə yerləşir və aralarında zirehli bölmə mövcuddur.

Helikopterin transmissiyası 12.7 mm güllə və 30 dəq yağsız rejimdə çalışmağa davamlıdır. Rotor pərləri 12.7 mm güllələrə qarşı ballistik müdafiəyə malikdir. 15 sm diametrdə ağac budaqlarına çırpılması belə pərlərə mənfi təsir etmir.


T-129 hücum helikopterinin missiya kompüteri layihənin ən vacib bölməsi hesab olunur. Bu kompüter və proqram təminatı pilotlara rəqəmsal kabindən naviqasiya, rabitə, elektron mübarizə, hədəf aşkarlanması, platformanın və silahların idarəetmə funksiyalarını həyata keçirməyə imkan verir.

Aerodinamik quruluşda ediləcək bəzi dəyişikliklərə (burun, yan qanadlar, quyruq pərləri və s.) əlavə olaraq mövcud silah asqılarının artırılması planlaşdırılır. Bundan əlavə STINGER atıcı qurğularındakı yeniliklər və 5 maili pərin tətbiqi, atəş gücü və səssizlik baxımından ciddi əhəmiyyət kəsb etməkdədir.

Mühərriki

T-129 helikopteri iki ədəd LHTEC CTS800-4 mühərriki ilə təchiz edilir. "Rolls-Royce" və "Honeywell" şirkətlərinin ortaq yaratdığı LHTEC kompaniyasının yüngül platformalar üçün hazırladığı bu mühərrik CTS800 sinifinə aiddir.

Bu mühərriklər dünyanın müxtəlif hərbi hava platformalarında istifadə olunur. Mühərrik 35000 saatlıq uçuş təcrübəsi ilə seçilir. FADEC (Tam Rəqəmsal Mühərrik İdarəetmə Sistemi) xüsusiyyəti sayəsində CTS800-4N mühərriki pilotun iş yükünü azaldır və mühərrikin istismar xərclərini yüngülləşdirir. Müqavilə çərçivəsində, 96 milyon ABŞ dolları dəyərində 100 ədəd mühərrik və ehtiyat hissələri "Rolls-Royce" şirkətindən sifariş edilib.

Silahlanması


Helikopter yaxın hava dəstəyi və çoxməqsədli missiyalar üçün iki versiyada hazırlanıb. Yaxın hava dəstəyi üçün hazırlanan T129 A helikopteri 76 ədəd 70 mm-lik idarəolunmayan raketlər və 500 ədəd sursat dəstinə malik 20 mm top ilə təchiz edilir.

T129 B versiyalı helikopter isə çoxməqsədli tapşırıqlara uyğun olaraq ən müasir elektron döyüş vasitələri ilə təchiz edilir. Onun silah təchizatına 8 ədəd UMTAS idarəolunan tank əleyhinə raketi, 12 ədəd CİRİT idarə olunan raketi, 8 ədəd "hava-hava" tipli STINGER raketi, 76 ədəd idarəolunmayan raket və 500 ədəd sursat dəstinə malik 20 mm-lik top daxildir.

Helikopterə ROKETSAN tərəfindən istehsal edilən "Hydra", "Çirit" raketi və UMTAS tank əleyhinə idarəolunan raketlər inteqrasiya edilir.

Hava təhdidlərinə qarşı FIM-92 STINGER raketlərinin, yaxın məsafədən edilən hücumlar zamanı isə TM-197 topunun tətbiq edilməsi nəzərdə tutulur.

Vəzifələri

"Atak" helikopterləri aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:

Hücum;
Silahlı kəşfiyyat;
Silahlı müşayiət;
Həssas müdaxilə;
Dərin hücum;
Silahlı Dəstək;
Karvan qorunması;
Hava Hücumundan Müdafiə sistemlərinin məhv edilməsi;
Sülhməramlı əməliyyatlar;
Sıx yaşayış məntəqələrində əməliyyatlar.


Layihədə helikopterinin iki növdə istehsal edilməsi nəzərdə tutulurdu:

T-129 TUC-1: unikal missiya kompüteri, REM kompleksi, ASELSAN-ın ASELFLIR-300T elektron-optik gecə/gündüz nişangah və atəş sistemi, "Thales" istehsalı dəbilqəyə quraşdırılan nişangah sistemi, "Hellfire II" və ya "Spike-ER" tank əleyhinə raket kompleksi ilə;

T-129 TUC-2: unikal missiya kompüteri, REM kompleksi, ASELSAN-ın ASELFLIR-300T elektro-optik gecə/gündüz nişangah və atəş sistemi, ASELSAN-ın dəbilqəyə quraşdırılan AVCI nişangah sistemi, ROKETSAN-ın UMTAS və "Cirit" tank əleyhinə raketləri ilə.


Sonradan bu silah sistemlərinin bəziləri analoqları ilə əvəz edildi.

ASELSAN avadanlıqları


T-129 helikopteri 2001-ci ildə ASELSAN və TÜBİTAK tərəfindən 2001-ci ildə hazırlanmasına başlanan və 2007-ci ildə müvəffəqiyyətlə tamamlanan orijinal missiya kompüteri AH-1S "Kobra" helikopterində sınaqdan keçirildi. T-129 helikopteri həm ASELSAN-ın orijinal istehsalı olan ASELFLIR-300T gecə/gündüz termal nişangah və hədəf sistemi, həm də dəbilqəyə quraşdırılan AVCI nişangah sistemi ilə təchiz edilir.

Helikopterin rabitə sistemi ASELSAN tərəfindən hazırlanan MXF-484 U/VHF və uzun mənzilli HF-SSB radiostansiyaları ilə təmin ediləcək. Gələcəkdə bu radiostansiyalar ASELSAN proqramına əsaslanan yeni vasitələrlə əvəzlənəcək.

Helikopterlər SSM ilə ASELSAN arasında imzalanan müqaviləyə əsasən REM kompleksi ilə təmin edilir. Bu kompleksə radar xəbərdarlıq sistemi, raket xəbərdarlığı sistemi, lazer xəbərdarlıq sistemi, IR maneə sistemi, "özümün-özgənin" sistemi və s. inteqrasiya edilib. Bu sistemlərin dizaynı, sınaqları və kütləvi istehsalına ASELSAN və onun tabliyindəki MİKES şirkəti cavabdehdir.

Bunlardan başqa helikopterdə təxminən 40 ədəd digər şirkətin istehsal etdiyi müxtəlif yerli cihazlar da yer alır.


Əldə edilən avionika xüsusiyyətləri

Mərkəzi İdarəetmə Kompüteri (pilot və pilot köməkçisi üçün);
Tam rəqəmsal 4 oxlu Uçuşu İdarəetmə Sistemi;
2 ədəd çoxfunksiyalı ekran (Pilot və pilot köməkçisi üçün);
Ətalətli naviqasiya Sistemi və GPS;
Rəqəmsal uçuş xəritəsi;
Uçuş məlumat sistemi;
Altimetr RLS-i;
VHF/UHF qəbuledicisi;
Yüksək tezlikli qəbuledici;
IFF transponderi;
Səs kodlayıcısı;
Tezlik dəyişdiricisi;
Görüntü məlumatları bağlantısı;
DAS passiv və aktiv əks tədbirlər paketi.

Əlavə təchizatlar

Missiya İdarəetmə Sistemi;
EO, FLIR və CCTV və lazer məsafəölçəni;
Ballistik kompüter;
Dəbilqədə gecə görüntü sistemi;
Təcili yer təyin etmə sistemi;
Əlavə yanacaq çənləri;
Buzlanma əleyhinə sistem;
İnfraqırmızı basdırıcılar.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Atak   T-129   Təlim   Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin