Azərbaycanın Qarabağdakı ekoloji vəziyyətin araşdırılması ilə bağlı müraciəti Moskvada müzakirə olunub

2022/12/1670251018.jpg
Oxunub: 329     18:26     05 Dekabr 2022    
Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov Azərbaycan tərəfinin Qarabağdakı ekoloji vəziyyətin araşdırılması ilə bağlı müraciətini müzakirə ediblər.

Ordu.az-ın verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada keçirdiyi mətbuat konfransında deyib.

"Biz bu mövzuya bir qədər vaxt ayırdıq. Bildirdik ki, Azərbaycan qurumlarının nümayəndələri Rusiya sülhməramlı kontingentinin iştirakı ilə işlər aparır. Digər hallarda olduğu kimi, azərbaycanlı qonşularımızın və həmkarlarımızın üçtərəfli bəyanatlarda göstərilən tapşırıqların icrası ilə bağlı qaldırdıqları bütün məsələlər bizim üçün prioritetdir. Bizim ərazidəki ordumuz bununla fəal məşğul olur”.

Xatırladaq ki, Azərbaycan bundan əvvəl Xankəndi-Şuşa yolunda faydalı qazıntı yataqlarının qanunsuz istismarını araşdırmaq üçün mütəxəssislər göndərib.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidməti və “AzerGold” QSC-nin əməkdaşları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisinə keçərək sülhməramlı qüvvələrin Xocalıdakı qərargahında sülhməramlıların komandanlığı ilə danışıqları davam etdirib.

Müzakirələr zamanı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin tərkib hissəsi kimi faydalı qazıntıların qeyri-qanuni istismarı, bunun nəticəsində ekoloji və digər fəsadlarla bağlı ciddi narahatlıq və narazılıqlar yenidən ifadə olunub. Qanunsuz hasilat həyata keçirilən yataqlarda monitorinqin, əmlakın inventarlaşdırılmasının və ekoloji tədqiqatların aparılmasının vacibliyi vurğulanıb.

Dekabrın 3-də saat 18:00 radələrində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin və “AzerGold” QSC-nin əməkdaşları Şuşa şəhərinə qayıdıblar.

Sülhməramlı qüvvələrin Xocalı şəhərindəki qərargahında aparılan müzakirələr nəticəsində ərazidə göstərilən fəaliyyət sahələri istiqamətində işlərin aparılması üçün Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ  


Bizi "telegram"da izləyin