“TCG Anadolu” – Dünyanın ilk PUA daşıyıcısı

2022/12/48-1670243108.jpg
Oxunub: 1463     16:30     05 Dekabr 2022    
Türkiyənin “Kızılelma” adlı pilotsuz qırıcısının sınaqlara başladığı barədə məlumatlar yayılıb. Bu xəbərlər fonunda qeyd olunan hava vasitələrinin daşınması üçün nəzərdə tutulan Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus “TCG Anadolu” adlı çoxfunksiyalı desant gəmisi mediada xüsusi diqqət çəkib. Dünyanın ilk PUA daşıyıcısı olacaq bu gəmiyə daha yaxından nəzər salaq.

“TCG Anadolu” universal amfibiya hücum gəmisidir. O, həmçinin qısa müddətdə havaya qalxa və şaquli eniş edə bilən PUA-lar üçün üçün nəzərdə tutulmuş “yüngül aviadaşıyıcı” kimi istifadə edilə biləcək hibrid döyüş gəmisidir. Donanmaya qəbul zamanı “TCG Anadolu” Türkiyə Hərbi Dəniz Qüvvələrinin ən böyük gəmisi və flaqmanı olacaq.


“TCG Anadolu”nun qaynaq mərasimi 30 aprel 2016-cı ildə İstanbuldakı “Sedef” gəmiqayırma zavodunda edilib, lakin gəminin inşasında istifadə edilən dizayn və texnologiyalar İspaniyanın “Navantia” şirkəti tərəfindən yaradılıb və onları Türkiyə tərəfinə təqdim edib.

“TCG Anadolu”nun üç “qardaş gəmi”si var. Bunlar İspaniyanın “Juan Carlos I” universal amfibiya gəmisi və Avstraliyanın “Kanberra” (2014) və “Adelaide” (2015) helikoter daşıyıcılarıdır.


2013-cü ildə “TCG Anadolu”nun “Juan Carlos I”dən bir qədər qısa olacağı, döyüş təyyarələri üçün uçuş-enmə zolağının olmayacağı və yalnız “Kanberra” və “Adelaida” kimi helikopterləri daşıyacağı planlaşdırılırdı. “Sedef” və “Navantia” arasında müqavilə 2015-ci il mayın 7-də imzalanıb. 2015-ci ildə gəminin inşası və təchiz edilməsinin dəyəri 1 milyard dollar həcmində qiymətləndirilir.

Bu mərhələdə Türkiyə Hərbi Dəniz Qüvvələri qərara gəldi ki, sadəcə helikopter daşıyıcısı yox, F-35B qırıcılarının havaya qalxacağı yüngül aviadaşıyıcı konfiqurasiyasında universal gəmi lazımdır. Türkiyənin TUSAŞ şirkəti F-35 proqramında “Lockheed Martin”in tədarükçüsü olan iki xarici şirkətdən biridir, ona görə də qırıcıların Türkiyədə də yığılacağı güman edilirdi. Təxminən 120 təyyarə ilə bağlı danışıqlar gedirdi.


2016-cı ildə Türkiyə hökuməti Rusiyanın uzaqmənzilli S-400 “Triumf” hava hücumundan müdafiə sistemlərini almağa qərar verdi, buna görə də 2018-ci ildə ABŞ bu ölkəni F-35 proqramından kənarlaşdırdı, ancaq TUSAŞ-a qırıcı komponentlərin tədarükü üçün müqaviləni başa çatdırmaq imkanı verildi.

Bu qərarın nəticəsində “TCG Anadolu”nun PUA daşıyıcısına çevrilməsi qərara alındı. “Bayraktar TB3” və “Kızılelma” gəminin aviasiya qanadını təşkil edəcək əsas platformalar olacaq. Amma Türkiyə gələcəkdə qısa müddətdə qalxa və enə bilən qırıcılar, bəlkə də eyni F-35B-lər almaq ümidindən əl çəkmir və bu konfiqurasiyada da “TCG Anadolu”dan istifadə edir.


PUA daşıyıcısının inşasına 7 fevral 2018-ci ildə başlanıb. Gəmi 30 aprel 2019-cu ildə suya buraxıldı. “TCG” Anadolu hazırda dəniz sınaqlarından keçir, 18 noyabr 2022-ci ildə ilk helikopter enişi həyata keçirilib. Flaqmanın donanmaya 2023-cü ildə qoşulacağı gözlənilir.

“TCG Anadolu” aviasiya qanadının formalaşmasına qədər universal amfibiya gəmisi konfiqurasiyasında istifadə ediləcək. Gəmi anbarında 27 AAV üzən zirehli personal daşıyıcısı və 29 əsas döyüş tankı (“Leopard 2” və ya “Altay”), 900 hərbçi daşıya bilir. “TCG Anadolu” komandasının özü 261 dənizçidən ibarətdir.


“Yüngül aviadaşıyıcı” konfiqurasiyada “TCG Anadolu” 10 ədəd F-35B döyüş təyyarəsi və 12 orta ağırlıqlı helikopter daşıya bilər. Helikopter daşıyıcısı olaraq gəmi T129 “Atak”, çoxməqsədli “Eurocopter AS532 Cougar” və ya Sikorsky SH-60 “Seahawk” tipli 12-25 (anqarların konfiqurasiyasından asılı olaraq) orta səviyyəli hücum helikopteri və ya 8 ədəd ağır CH-47 “Chinook” helikopteri daşıya bilər.

PUA daşıyıcısı olaraq “TCG Anadolu” 30-50 “Bayraktar TB3” və/yaxud “Kızılelma” sistemlərini idarə edə biləcək. Amma məsələ burasındadır ki, qeyd olunan PUA-ların lazımi miqdarı yalnız 2-3 ildən sonra hazır olacaq. “Kızılelma” ilk sınaq uçuşunu yenicə həyata keçirib və “Bayraktar TB3” 2023-cü ildə uçmalıdır.


“Bayraktar TB3” əvvəlki TB2 konfiqurasiyasının qatlanan qanadlı ağır dəniz versiyasıdır. TB2-dən nisbətən daha çox, 280 kq-a qədər faydalı yük daşıyacaq. Bundan əlavə, “Bayraktar TB3” eyni uçuş müddətində sələfindən daha sürətlidir.

Maraqlıdır ki, “TCG Anadolu”nun yenidən təchiz edilməsi uzun müddət çəkəcək. Burada yalnız anqarların və anbarların yenidən qurulmasını, avadanlıq üçün yanacağın, anbarlardakı silahların dəyişdirilməsi lazım deyil, eyni zamanda komanda tam dəyişməlidir. Amfibiyalara və helikopterlərə xidmət göstərən texniklərin döyüş təyyarələrinə və ya PUA-lara xidmət göstərə bilməsi ehtimalı azdır.


Silahlara gəldikdə, “TCG Anadolu” qismən tərəfdaş ölkələrin silahlarından, qismən də Türkiyə istehsalı olan silahlardan istifadə edir. Məsələn, gəminin bütün hava şəraitinə uyğun radar İtalya istehsalı “Leonardo SPN-720”, döyüş idarəetmə sistemi isə Türkiyə istehsalı GENESIS-ADVENT-dir. Döyüş sistemlərinin əksəriyyəti Türkiyənin ASELSAN və HAVELSAN şirkətləri tərəfindən istehsal olunur. Silahlanmaya gəmi əleyhinə raketlərdən qorunmaq üçün RIM-116 “Rolling Airframe Missile” raketləri üçün zenit kompleksi, “M61 Vulcan” 20 mm-lik silahlara əsaslanan “Phalanx CIWS” artilleriya sisteminin 2 C-RAM qurğusu və “Oerlikon KBA” 25 mm-lik avtomatik silahlar və ya M242 “Bushmaster” ilə təchiz edilmiş 5 ASELSAN istehsalı “Stop” qurğuları daxildir.

Artıq qeyd etdiyimiz kimi, “TCG Anadolu” Türkiyə Hərbi Dəniz Qüvvələrinin ən böyük gəmisi olacaq və onları xeyli gücləndirəcək. Hazırda Türkiyə Hərbi Dəniz Qüvvələrində 16 freqat, 8 korvet, 12 sualtı qayıq, 30-a yaxın patrul və kiçik hücum kateri və dünyanın ən böyük tank desant amfibiya gəmiləri olan “TCG Bayraktar” və “TCG Sancaktar” da daxil olmaqla müxtəlif siniflərdən 34 amfibiya gəmisi var. Qeyd olunan gəmilər subasımı baxımından “TCG Anadolu”dan üç dəfə kiçikdir.

Amma “TCG Anadolu” ilə hər şey bitməyəcək. Türkiyə bu sinifdən ikinci gəmini – “TCG Trakya”nı suya buraxmağı planlaşdırır.


“TCG Anadolu”nun universal amfibiya hücum gəmisindən nə qədər tez PUA daşıyıcısına çevriləcəyi və bu konsepsiyanın nə dərəcədə real olacağı “Baykar”dan və onun “Bayraktar TB3” və “Kızılelma”nı nə qədər sürətlə istehsal edəcəyindən asılıdır.

Maraqlıdır ki, PUA daşıyıcısının ilk konsepsiyası 2007-ci ildə Britaniyanın “BAE Systems Maritime” şirkəti tərəfindən təklif edilsə də, “UXV Combatant” adlı layihə yalnız bir konsepsiya olaraq qaldı. İndi Türkiyə gözlənilmədən bu sahədə yenilik edə bilən ilk ölkə ola bilər.

Taktiki-Texniki Xüsusiyyətləri:

Sinif və tipinin ümumi xüsusiyyətləri – universal desant gəmisi, yüngül aviadaşıyıcı, PUA daşıyıcısı
Subasımı – 27.079 ton (desant gəmisi konfiqurasiyası)/24.660 ton (yüngül aviadaşıyıcı konfiqurasiyası)
Uzunluğu – 232 m
Eni – 36.9 m
Hərəkət gücü – 5×8,000 kVt (11,000 at gücündə) “Navantia Man” dizel generatorları, 2×11 MW (15,000 at gücündə) “Siemens SiPOD”, 2×1,500 kVt (2,000 at gücündə) gücündə təkana malik itələyici
Sürəti – 21 düyün (39 km/saat)
Siapazon 15 dəniz mili (28 km/saat) sürətlə 9.000 dəniz mili (17.000 km)
Sensorlar – SMART-S Mk.2 S-band 3D radarı, SPN-720 radarı, GENESIS-ADV İdarəetmə sistemi və s.
Silah – 1xRAM, 2xPhalanx CIWS, 5×25 mm Aselsan STOP
Daşınan aviasiya – 4xT-129 “Atak”, 2xS-70B “Seahawk”, 8xAs532; və ya 8xCH-47F; ya da 30-50 “Bayraktar TB3” və ya “Kızılelma”


Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anadolu   Türkiyə   Aviadaşıyıcı  


Bizi "telegram"da izləyin