“Eadaily”: Azərbaycan-Albaniya əməkdaşlığının inkişafı ABŞ-ın İrana qarşı strategiyasının təbii hissəsidir

2022/11/1668533772.jpg
Oxunub: 372     17:40     05 Dekabr 2022    
Rusdilli “Eadaily.com” nəşrində “Azərbaycan Qərbə doğru tələsir. Bakıya Albaniya niyə lazımdır və İranın onunla nə əlaqəsi var?” sərlövhəli məqalə dərc olunub.

Müəllif yazır ki, müxtəlif oyunçuların iştirak etdiyi Zaqafqaziyada baş verən iqtisadi və siyasi proseslər digər bölgələrdə gedən proseslərdə də öz əksini tapır.

“Bu dəfə Azərbaycan Prezidentinin noyabrın 15-də Albaniyaya ilk rəsmi səfəri praktiki olaraq Azərbaycanın Tiranada səfirliyinin açılması qərarı ilə üst-üstə düşməsi belə unikal hadisə oldu. İlham Əliyevin çıxışında ən qeyri-adi məqam Azərbaycanın NATO ilə münasibətləri kontekstində Albaniyanın adının çəkilməsidir”.

Bunu daha ətraflı təhlil edək. Azərbaycan özü neytrallığını elan etməsinə baxmayaraq, Şimali Atlantika Alyansı ilə fəal əməkdaşlıq edir və bu baxımdan Albaniya islam dünyası üçün Avroatlantizmin dirijoru kimi xüsusi əhəmiyyət kəsb edir. Tarixən albanlar islama ciddi şəkildə riayət etmir, xristian (pravoslav və katolik) və müsəlman adət-ənənələrinin vəhdəti şəklində sinkretizmə üstünlük verdilər. 1967-ci ildə Albaniyada bütün kilsə və məscidlərin bağlandığı diktator Ənvər Hocanın dövründə dinin mövqeyi xüsusilə zəiflədi. Lakin 1991-ci ildə dinlərin, o cümlədən İslamın dirçəlişi başladı.

Formal olaraq müsəlman olan və faktiki olaraq iki dövlətə, Albaniya və Kosovoya sahib olan albanlar həmişə Qərbə yönəliblər. Təsadüfi deyil ki, 1990-cı illərdən başlayaraq albanlar Amerikanın Balkanlarda təsirinin əsas daşıyıcıları olub. Türkiyədə çoxlu albanlar və alban köklü insanlar yaşayır. Ona görə də Azərbaycanın Albaniya ilə münasibətlərinin güclənməsi Türkiyəyə də təsir edəcək, onun alban əsilli vətəndaşları Ankaranın Avroatlantika yolundan sapmaması üçün hər şeyi edəcək. Albaniya-Azərbaycan yaxınlaşması indi dünyada siyasi vəziyyəti nəzərə alsaq, xüsusilə diqqətəlayiqdir. Albaniya bu yaxınlarda İranın Albaniyanın rəqəmsal infrastrukturuna kiberhücumlar etdiyi iddiasına görə İranla diplomatik əlaqələri kəsib.

Bildiyimiz kimi, albanlar ABŞ-ın Balkanlarda əsas dayağıdır, İran isə ABŞ üçün başağrısıdır. Azərbaycan da son vaxtlar ayətullahların əleyhdarlarını dəstəkləməyə başlayıb və açıq şəkildə Cənubi Azərbaycan adlanan ərazinin İrandan ayrılmasını müdafiə edir. Maraqlıdır ki, Bakı ilə Tehran arasında münasibətlərin pisləşməsi ABŞ və Azərbaycan arasında əməkdaşlığın qurulması ilə eyni vaxta düşüb. Son hadisələr onu deməyə əsas verir ki, Azərbaycanın siyasi baxımdan ABŞ-la yaxınlaşması Qərbin İrana qarşı uzunmüddətli strategiyası ilə bağlıdır. Belə ki, noyabrın 22-də Hudson İnstitutunun baş elmi işçisi Maykl Doran Zəngilan rayonunun Ağalı adlı “ağıllı kəndi”ndə olub, jurnalistlərlə söhbət edib. O bildirib ki, Ermənistan sülhə razılaşmalı, Zəngəzur dəhlizini açmalı, ərazilərin minalanmasını dayandırmalı, sərhədi delimitasiya etməli və Azərbaycanla münasibətlərin normallaşdırılması üzərində işləməlidir.

“Ermənistanın uduzduğu müharibə olub, amma indi düşünürəm ki, o da sülhün bərqərar olmasında maraqlıdır... Mən bir amerikalı kimi işğaldan azad edilmiş ərazilərə strateji dəyərlə baxıram”, - deyə o qeyd edib.

Ən əsası odur ki, amerikalı Azərbaycan, Türkiyə və İsrail arasında üçtərəfli əməkdaşlığın inkişafını alqışlayıb və İrana qarşı sərt hücuma keçib: “İran rejimi indi əvvəlkindən daha zəifdir və Azərbaycan yüksələn bir gücdür. Bilmirəm nə qədər tez olacaq, amma Güney Azərbaycan əhalisinin Azərbaycanla münasibətləri daha sıx olacaq. Bu, təkcə iranlı azərbaycanlılar üçün deyil, təkcə Azərbaycanın deyil, bütün dünyanın xeyrinə olacaq...”

Xudafərin körpüsünün yaxınlığında, Araz çayının sahilində olmuş “Naval postgraduate school”un (ABŞ) professoru Brenda Şaffer də eyni ruhu ifadə edib. O bildirib: “Mən heç vaxt belə bir şey görməmişəm. İndi İranda baş verənlər müstəsna hadisədir, çünki əhali tamamilə yeni idarəetmə sistemini tələb edir...” Üstəlik, həmin amerikalı 2020-ci ildə ikinci Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək verən Qərb qüvvələrinin strateji məqsədlərini üzə çıxarmağa imkan verib: “Hesab edirəm ki, Azərbaycanın ikinci Qarabağ müharibəsində qələbəsi İranda azərbaycanlıların özünüdərkinin artmasına və öz müqəddəratını təyin etməsinə böyük təsir göstərib. Çoxları Azərbaycanın müharibə illərində qazandığı uğurlarla fəxr edərək fəallaşdılar”.

Bakı ilə Tirana arasında əməkdaşlığın intensivləşməsi Azərbaycanın ABŞ və Aİ ilə ümumi yaxınlaşmasına çox uyğun gəlir. Albaniya da bu siyasi konfiqurasiyada üzvi görünür, çünki onun ABŞ, Türkiyə və İsraillə əla münasibətləri var. Ona görə də Azərbaycan təkcə Avropa üçün alternativ enerji resursları tədarükçüsü deyil, həm də Albaniya ilə yanaşı, İslam dünyasında avroatlantizmi təbliğ edən Qərbin qalalarından biridir. Bir sözlə, Azərbaycanla Albaniya arasında əməkdaşlığın inkişafı ABŞ-ın İrana qarşı strategiyasının təbii hissəsidir ki, bu da Rusiyaya mənfi təsir göstərir”, - deyə nəşr bildirib.

Sevinc Əliyeva  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Albaniya   ABŞ  


Bizi "telegram"da izləyin