Ordu.az xəbər verir ki, bu barədə razılıq ölkələrin xarici işlər nazirləri arasında görüş zamanı əldə olunub.
Ararat Mirzoyan və Peter Siyarto Polşada ATƏT-in nazirlər forumu çərçivəsində keçirilən görüşdə Ermənistan-Macarıstan münasibətlərində qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət əsasında yeni səhifə açmaq niyyətində olduqlarını bildiriblər.
Erməni politoloq Armen Vardanyanın sözlərinə görə, münasibətlərin bərpasının rəsmi üzr istəmədən və ya ən azı Macarıstandan peşmanlıq mətni olmadan baş verməsi pisdir.
“Belə hallarda, bir qayda olaraq, tərəflərdən biri belə addımlar atır. Bəlkə də ötən il Macarıstan tərəfinin vasitəçiliyi ilə 5 hərbçinin Ermənistana qayıtması hakimiyyət üçün əsas olub. Təbii ki, bu, hökumətin müdaxiləsi ilə baş vermədi, amma hər halda, ola bilsin ki, bu da prosesə öz təsirini göstərib və Ermənistan rəhbərliyi həmin addımı atmağa qərar verib. Hər halda Macarıstan tərəfdən üzr istəmək və ya peşman olmaq kimi diplomatik jestlər olsa, daha düzgün olardı”, - deyə o qeyd edib.
Erməni politoloq vurğulayıb ki, Ermənistan-Macarıstan münasibətlərinin pozulmasına səbəb Macarıstan olduğu üçün burada macar tərəfinin müəyyən diplomatik jest etməsi daha düzgün olardı.
Erməni politoloq Andrias Qukasyanın sözlərinə görə, gedən prosesin Ermənistan-Avropa İttifaqı münasibətlərinə heç bir aidiyyatı yoxdur, ikitərəfli formatı nəzərdən keçirmək daha çox lazımdır.
“Ümumiyyətlə, 2019-cu ilin mart ayından Ermənistan və Avropa İttifaqı arasında Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin qüvvəyə mindiyi vaxtdan bu müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi və imkanların reallaşdırılması baxımından heç bir gözə çarpan uğur əldə olunmayıb. Bu gün bu, tamamilə dağıdılıb. Bu mənada Macarıstanla münasibətlərin bərpasının bununla heç bir əlaqəsi yoxdur, başqa səbəblərdən həyata keçirilir”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az