KTMT dağılmaq astanasındadır? – Avrasiya gözləmədədir

2022/01/61d83-1641560410.jpg
Oxunub: 611     12:38     03 Dekabr 2022    
Noyabrın 23-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan altı ölkənin lideri Rusiya-Ukrayna müharibəsinin onuncu ayına qədəm qoyduğu bir vaxtda Ermənistanın paytaxtı İrəvanda sammit keçirib. Rusiyanın başçılıq etdiyi blok daxilində çoxsaylı çatların yaranması fonunda KTMT sammiti geniş diqqəti cəlb edib.

İrəvan sammiti Ermənistanın KTMT-dən çıxmasını tələb edən yerli etirazlarla başlayıb. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Moskva və Kiyev arasında sülh danışıqlarına çağırış edib. Müşahidəçilər sammitdə liderlərin ümumi foto çəkdirməsi zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Putindən fiziki olaraq uzaq durmağa cəhd etdiyini qeyd edirlər.

Paşinyan KTMT-nin sərhəddə başverənlərə münasibət bildirməməsini əsas gətirərək birgə bəyannamə imzalamaqdan imtina edib və sammitdə olan ümumi gərgin ab-havanı dünyaya nümayiş etdirib. Danışıqlar masası arxasında çəkilən Putinin əsəbləşərək qələmini yerə qoyması videosuna “Twitter”də 1 milyoldan çox baxılıb. Videoda Belarus prezidenti Aleksandr Lukaşenko isə çaşqınlığını gizlədə bilmir.

Putin daha sonra açıqlama verərək bildirib ki, bütün məsələlərdə razılığa gəlmək nadir hallarda olur, amma ümumilikdə iş çox intensiv və faydalı olub.

Bu hadisələr Rusiyanın Soyuq Müharibədən sonrakı yaradılan KTMT-nin dağılmaq ərəfəsində olması ilə bağlı əlavə fərziyyələri gücləndirib. Bu, Putinin Ukraynaya hücumunun çoxsaylı “afterşok”larından yalnız biridir.

KTMT 2002-ci ildə kollektiv təhlükəsizlik təşkilatı kimi yaradılıb və Sovet İttifaqına daxil olan bir sıra keçmiş respublikaları özündə birləşdirib. Bununla belə, Rusiya strategiyasının təməl daşı hesab edilən təşkilatda Rusiya hegemonluğu açıq şəkildə qalmağa davam edir. Təşkilata Rusiyanın Varşava Müqaviləsinin davamı olaraq yaratdığı qurum kimi baxırlar. KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir.

Rusiyanın Ukraynaya hücumuna qədər KTMT nadir hallarda Avrasiya Çölündən kənarda beynəlxalq medianın diqqətini cəlb edirdi. Müşahidəçilər tərəfindən Rusiyanın təsir dairəsində olan ölkələrin ittifaqı “Delian Liqası” kimi qəbul edilsə də, bir birlik olaraq onun əsl gücü indiyədək ekzistensial sayılacaq qədər ciddi sınaqla üzləşməyib.

Rusiyanın Ukraynaya təcavüzü bir çox digər davam edən qlobal pozuntular kimi, katalizator rolunu oynayıb. Putinin fevralın 24-də başlatdığı müharibə blitzkriqlə nəticələnmədi, Kremlin “xüsusi hərbi əməliyyatı”nın trayektoriyası ilə bağlı optimist fərziyyələr tezliklə suya düşdü. Kiyev bir neçə gün ərzində ələ keçirilmədi, Ukrayna hökuməti dağılmadı, Ukrayna hərbçiləri silahı yerə qoymadı, Ukrayna xalqı rus işğalçılarını xilaskar kimi qarşılamadı.

Bu fəlakətdən on ay keçir, ABŞ Rusiyanın 100 min itki verdiyini deyir, bu, Rusiyanın İkinci Dünya Müharibəsindən sonra verdiyi ən böyük itkidir. Rusiya qüvvələri bütün şimal cəbhəsindən, Donbasın əsas hissələrindən və cənubdakı Xersondan çıxarılıb. Rusiya tərəfindən ilhaq edilmiş Krım təhlükə altındadır və Ukraynada Dnepr çayının qərbində bir dənə də olsun aktiv rus bölməsi yoxdur.

Ukrayna şərqə doğru irəlilədiyi üçün Rusiyanın digər təhlükəsizlik çağırışları da boş qalmayıb. Yanvar ayında Rusiya Ukraynanı işğal etməyə hazırlaşarkən öz qüvvələrini gücləndirdiyi bir vaxtda Qazaxıstanda baş verən iğtişaşlar KTMT qoşunlarının sürətlə bu ölkəyə yerləşdirilməsinə səbəb oldu. Vəziyyət sabitləşdi və KTMT qüvvələri iki həftə sonra geri çəkildi. Böhran Ukraynada müharibə zamanı zəifləsə də, bu, gələcəkdə baş verəcəklərin əlaməti idi. Rusiyanın elan etdiyi təsir dairəsi daxilində təhlükəsizlik çağırışlarının öhdəsindən gəlmək qabiliyyəti Ukraynada baş verən hadisələrdən asılıdır.

Növbəti ciddi alovlanma nöqtəsi Qafqazda yarandı. 2020-ci ildə baş verən müharibədə məğlubiyyətə uğrayan Ermənistan Azərbaycanla sərhəddə təxribatlara cəhd etdi. Azərbaycan ordusu sərt cavab vermək məcburiyyətində qaldı və şiddətli toqquşma Azərbaycan tərəfindən 80, Ermənistan tərəfindən 400-ə yaxın itki ilə başa çatdı. 2020-ci il atəşkəs razılaşmasının bir hissəsi olaraq bölgədə yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin heç bir mənalı köməyi olmadı, KTMT-nin ən böyük ordusu hazırda Ukraynada məqsədsiz müharibədədir və ağır itkilərlə üzləşib. Azərbaycanın Qarabağdakı və sərhəddəki əməliyyatları səmərəli olub.

Rusiyadan ümidini kəsən Ermənistan Fransa, Avropa İttifaqı (Aİ) və ABŞ-dan vasitəçilik axtarır. Kremlə gəlincə, Rusiyanın Mərkəzi Asiyada təhlükəsizlik nizamlanmasına dair imprimaturası indi nəinki lazımsız, hətta bəlkə də arzuolunmaz hesab olunur. Rusiyanın Ukraynada bağlanması və yardım xahişlərinin cavabsız qalması ilə İrəvan getdikcə daha çox KTMT-nin kollektiv təhlükəsizlik missiyasının Kremlin səhlənkarlığı və axmaqlığı ucbatından ləğv edildiyini düşünür. Bu açıq-aşkar sınıqlar və uğursuzluqları nəzərə alsaq, KTMT-nin dağılmasına hazırlaşmağı düşünmək olar. Ancaq iki əsas səbəbə görə bu cür bəyanatlarda ehtiyatlı olmalıyıq.

Birincisi, Rusiya və onun KTMT peykləri arasında iqtisadi qarşılıqlı asılılıq hələ də güclüdür və Qərbin sanksiyalarında azalma əlaməti yoxdur, biz bunun artacağını gözləməliyik.

Əslində, İrəvan sammitində Paşinyanın özünün də etiraf etdiyi kimi, Rusiya ilə Ermənistan arasında ikitərəfli ticarətin həcmi 2022-ci ildə 67 faiz, illik müqayisədə 55 faiz artıb. Rusiya KTMT-nin hər bir üzvü üçün əsas ticarət tərəfdaşı olaraq qalır. Belarus və Ermənistan üçün Rusiya bir nömrəli idxal və ixrac tərəfdaşıdır. Çinlə dərinləşən kommersiya əlaqələrinə baxmayaraq, Qazaxıstan Rusiya ilə ticarət həcminin də artdığını bildirir. Rusiya-Qazaxıstan sənaye əməkdaşlığının artırılması üçün də müzakirələr aparılıb. Rusiyanın Ukraynaya müdaxiləsi ticarəti azaltmadı, əksinə bu tendensiyaları sürətləndirdi. Rusiyanın təhlükəsizlik blokundan hər hansı bir qırılma bu fundamental iqtisadi reallığın ayıq qiymətləndirilməsini tələb edəcək ki, bu da arzuolunmazdır.

İkincisi, Rusiyanın KTMT üzrə müttəfiqlərində Rusiyanın regional hegemon və güc brokeri kimi oynadığı rola real alternativ yoxdur.

Qərbin Ermənistan-Azərbaycan böhranında vasitəçilik səylərinə baxmayaraq, regional güc dinamikası regional təhlükəsizliyi diktə etməkdə davam edəcək. Aİ və ya ABŞ-ın Mərkəzi Asiyanın təhlükəsizlik vasitəçisi kimi uzunmüddətli əhəmiyyətli rol oynaması üçün real perspektiv yoxdur. Qərbin bu regionda rolunun artması nəticəsində Rusiya və Çinlə toqquşma ehtimalı artacaq və artan qlobal qarşıdurma şəraitində yeni bir teatr açacaq.

Qərb paytaxtlarının bu barədə heç bir illüziyası yoxdur və onların Bakı ilə İrəvan arasında vasitəçilik səyləri Avro-Amerika təhlükəsizlik siyasətində Mərkəzi Asiya üzrə dəyişiklik demək deyil. Bununla belə, Qərb vasitəçiliyi Moskvanı utandıran və Putinlə onun getdikcə daha çox narahat olan KTMT müttəfiqləri arasında etimadsızlıq yaratmaq kimi xoşagəlməz köməkçi effektə malikdir.

Çinin Mərkəzi Asiyada artan maraqları burada, şübhəsiz ki, vacibdir, çünki Qazax Çölü Çin-Rusiya gərginliyi üçün yeganə ən güclü alov nöqtəsi ola bilər. Çin hazırda Qazaxıstanın ən böyük ixrac bazarıdır və bu, şübhəsiz ki, Çinin regionda hegemon mantiyanı mənimsəmək potensialını əks etdirir. Bununla belə, Çin təhlükəsizlik üzrə hakim rolunu oynamağa ciddi iradə nümayiş etdirməyib və istənilən halda, belə bir addım Moskva ilə münasibətlərinə xələl gətirə bilər.

Nəticə etibarilə, Mərkəzi Asiyanın əsas güc brokeri kimi yalnız regiona güc gətirmək üçün yaxınlığı, bacarığı və iradəsi olan bir dövlət çıxış edə bilər. Çində bunun üçün iradə çatışmır və Qərbdə hər üçü yoxdur. Nə vaxtsa Rusiyanın Ukraynadakı amansız müharibəsi sona çatacaq və Moskva qumar oynadığı potensialı bərpa etməyə başlayacaq. Moskvanın KTMT üzrə müttəfiqləri bunu çox yaxşı başa düşürlər və coğrafiyanın zülmü onları müharibənin başladığı vaxtdan daha çox rus behemotundan uzaqlaşdırmır.

Rusiyanın bloku idarə etməsinə inam açıq şəkildə geriyə doğru gedir, lakin KTMT öləcəksə, bu, yavaş və tədrici ölüm olacaq. Onun dağılması qaçılmaz olmasa da, şübhəsiz ki, Putinin Ukraynadakı uğursuz macərası sayəsində daha kövrəkdir. Putin Ukraynada zər atmağa davam edərkən, Avrasiya xalqları gözləyirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Avrasiya   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin