“İndiki hakimiyyət dövründə yeni müharibə və yeni kapitulyasiya olacaq” - Sağatelyan

2021/09/c1186-1632564313.jpg
Oxunub: 314     10:35     03 Dekabr 2022    
“İndiki hakimiyyət dövründə yeni müharibə və yeni kapitulyasiya olacaq”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı, Daşnaksütun təşkilatının ali orqanının nümayəndəsi İşxan Sağatelyan deyib.

Onun sözlərinə görə, əgər bir müddət əvvəl müxalifət ya yeni kapitulyasiya, ya da yeni müharibə deyirdisə, indi hər ikisi bir yerdə qeyd olunur.

“Davamlı çağırışlar olur ki, müharibəni yaxınlaşdırmamaq üçün bu haqda danışmasınlar, amma türklər artıq Basarkeçər və İstisuya (Cermuk) çatıblar. Hakim rejim Ermənistan haqqında deyil, öz hakimiyyəti və təhlükəsizliyi haqqında düşünür. Xalqın müqaviməti olmasaydı, hakimiyyət çoxdan kapitulyasiyaya imza atardı. Hakimiyyət kapitulyasiyanı həzm edə biləcəyini bilsəydi, çoxdan imzalayardı”, - deyə erməni deputat qeyd edib.

Sağatelyan etiraf edib ki, parlamentin iclasında mandat və iştirakla bağlı müzakirələr olub, lakin Daşnaksütun ali orqanı “Hayastan” blokunda partiyanın bütün üzvlərinin parlamentin işində iştirak etməsinə qərar verib.

“Mən mandatdan imtina etməyəcəyəm. Mən etsəydim, bütün partiya üzvləri də belə edərdilər. Ancaq əminəm ki, hakimiyyət bizi mandatdan məhrum etməyə çalışacaq. Qoy cəhd etsin”, - deyə o vurğulayıb.

Erməni deputat bildirib ki, hakim güc “Artsax” ifadəsini silib, yerinə “Qarabağ erməniləri” ifadəsini əlavə edib.

“Bir neçə gün əvvəl Azərbaycan parlamenti bəyanat qəbul etdi və bir çox anti-erməni bəyanatlar verdi. İndi müxalifət Ermənistan parlamentinin Azərbaycan parlamentinin bəyanatını pisləyən bəyanatla çıxış etməsi, eləcə də bir sıra məsələlərə əsaslı qiymət verilməsi təşəbbüsü ilə çıxış edib. Belə çıxır ki, Fransa Milli Assambleyası və Senat bəyanat verir, Ermənistan parlamenti isə bəyanat verməkdən imtina edir”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin