“Lavrov Ermənistana qarşı “təxribat” törətməyə çalışır” – İrəvan isterik vəziyyətdə

2019/04/10281-1555486514.jpg
Oxunub: 580     21:20     02 Dekabr 2022    
Moskvada keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan münaqişəsi barədə danışıb.

“Praqada imzalanan sənəddə qeyd olunub ki, Azərbaycanla Ermənistan arasındakı delimitasiya və sülh sazişi BMT Nizamnaməsinə və 1991-ci ilin Alma-Ata Bəyannaməsindəki müvafiq sərhədlərə əsaslanmalıdır. Alma-Ata Bəyannaməsində isə qeyd olunub ki, bütün ittifaq respublikaları Müstəqil Dövlətlər Birliyini formalaşdırır və SSRİ-nin İttifaq dövlətləri arasındakı mövcud olan sərhədlərin pozulmamasını təsdiqləyir. Başqa sözlə, həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olub. Bu, həm Azərbaycan, həm Ermənistan, həm Fransa, həm də cənab Mişel (Şarl Mişel – red.) tərəfindən sənəd çərçivəsində təsdiq olunub. Yəni, Alma-Ata Bəyannaməsinin heç bir qeyd-şərt olmadan tanınması, əlbəttə ki, gələcək işi yüngülləşdirir. Ona görə ki, bu, “Qarabağın statusu”na necə yanaşmaq problemini həll edir. Ermənistan rəhbərliyinin son vaxtlar statusdan çox Qarabağdakı ermənilərin hüquqları barədə danışması boş yerə deyil”, - deyə Lavrov qeyd edib.

Rusiya XİN başçısı Azərbaycan tərəfinin Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazır olduğunu söyləyib: “Azərbaycan bunu müzakirə etməyə, Azərbaycanın digər vətəndaşlarının sahib olduğu hüquqların eynisini Qarabağdakı ermənilərə şamil etməyə və buna dair zəmanət təqdim etməyə hazırdır”.

“1in.am” nəşri yazır ki, Lavrov vəziyyəti təsvir edərək məsuliyyəti İrəvanın üzərinə qoyub.

“Sergey Lavrov Ermənistana qarşı “təxribat” törətməyə və bununla da “status”la bağlı müəyyən ritorika “təhrik etməyə” çalışır. Eyni zamanda, bunun Ermənistan parlamentinin növbədənkənar sessiyası ərəfəsində baş verdiyinə diqqət yetirməyə dəyər. Təbii ki, Lavrovun bu hesablama ilə mətbuat konfransı keçirməsi fikrindən uzağam, amma hər halda, Ermənistan parlamentinin növbədənkənar sessiyası ilə mətbuat konfransının zamanı “xronoloji” olaraq ardıcıldır. Parlamentdə müxalifətdə olan “Hayastan” fraksiyasının hazırladığı bəyanatda Ermənistan-Azərbaycan münaqişəsi və Qarabağ probleminə toxunulacaq bəyanat müzakirə olunacaq.

Onu da qeyd edək ki, yeni vəziyyət Qafqaz məsələləri üzrə amerikalı nümayəndə Filip Rikerin dekabrın 1-də Bakıdan Ermənistana regional səfərinə paraleldir. Riker regional səfər çərçivəsində Ermənistan-Azərbaycan birbaşa dialoq mexanizminin perspektivini müzakirə etməyə çalışır. Lavrov mətbuat konfransında onu da bildirib ki, Qərb Rusiyanın yardımı ilə əldə edilmiş Ermənistan-Azərbaycan razılaşmalarını “mənimsəməyə” çalışsa da, bu, nəticəsiz qalıb”, - deyə məqalədə bildirilir.

Alpər Mövludoğlu  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Ermənistan   Qafqaz  


Bizi "telegram"da izləyin