Ermənistanda Konstitusiyaya dəyişikliklə bağlı dilemma – Paşinyan da sələflərinin yolu ilə gedir

2022/12/1669979761.jpg
Oxunub: 487     11:21     03 Dekabr 2022    
Ermənistanda Konstitusiyaya dəyişikliklə bağlı müzakirələrdə əsas məsələlərdən biri idarəetmə modelinin dəyişdirilməsi məsələsidir. Söhbət parlamentar sistemdən prezident və ya yarı-prezident üsuli-idarəsinə qayıdışdan gedir. Mahiyyət etibarı ilə əvvələr Ermənistanda yarı-prezidentlik modeli olsa da, faktiki ölkədə tam prezidentlik modeli hökm sürürdü. Bu, siyasi ənənələr, mədəniyyət və institusional natamamlıq problemlərindən irəli gəlir.

1995-ci il Konstitusiyası ilə Ermənistan güclü prezident hakimiyyəti mərhələsinə qədəm qoymuşdu. 2005-ci il Konstitusiyası ilə isə qismən zəifləmiş, belə demək mümkünsə, yarı-prezident modelinə keçid etmişdi. Bu vəziyyət bir sıra obyektiv və subyektiv amillərdən qaynaqlanırdı. Ümumiyyətlə, bu transformasiyanı 2003-cü il prezident seçkilərindən sonra kifayət qədər qızışmış idarəetmədəki çətin vəziyyət diktə etdi. Həmin seçki Ermənistanda təkcə iqtidar-müxalifət qızğın qarşıdurması ilə deyil, həm də iqtidardaxili qütblərin və qanadların kəskin münasibətləri, ciddi nizamlanma prosesləri ilə keçmişdi.

Şübhə yoxdur ki, Ermənistanda hökumət homogen deyil, ona görə də homogenliyi saxlamaq cəhdi daha təhlükəli vəziyyətə gətirib çıxaracaqdı. Nəticədə idarəetmə sistemi parlamentin rolunu gücləndirərək, çoxmərkəzli hakimiyyətin təminat mexanizmini təmin edəcək konstitusion nizamlamaya getməyə üstünlük verdi. Bununla paralel olaraq Ermənistana və sistemə rəhbərlik edən Robert Köçəryan da bu modellə - prezident qalmamaq, baş nazir təyin olunma fürsəti yaratmaq, daha sonra bəlkə də prezident postuna qayıtmaq niyyəti ilə 2008-ci ildən sonra hakimiyyəti saxlamaq imkanını təmin edəcəyini gözləyirdi. Bu Putin-Medvedev modelinə nisbətən bənzəyir.

Sirr deyil ki, Köçəryan Vardan Oskanyanı Ermənistanın “Medvedyev”i kimi görürdü. Serj Sarkisyan isə Rusiyanın planlarına daha çox “uyğun” olan öz planını ortaya qoyaraq, Moskvanın köməyi ilə həmin planın qarşısını aldı. Serj Sarkisyan 2015-ci ildə yeni model dəyişikliyi təşəbbüsü ilə çıxış etdi: parlamentar idarəetmə sisteminə keçid. Ermənistandakı həmin dəyişiklik sırf Serj Sarkisyanın öz hakimiyyətini əbədiləşdirmək və həmişə baş nazir olaraq qalmaq istəməsi məntiqi ilə qurulmuşdu. Praktikada isə problemlər tamam başqa dərinliyə və xarakterə malik idi. Bu o demək deyil ki, Sarkisyanın hakimiyyəti saxlamaq niyyəti olmayıb. Lakin bu cür məsələlərdə başqa hallar həmişə daha güclü olur, çünki Ermənistanın resurslar baxımından potensialı yoxdur.

Serj Sarkisyanı modeli dəyişməyə həm də ölkə daxilindəki siyasi vəziyyət, sistemdaxili çatlar, hakimiyyətdə artan ziddiyyətlər, resursların tükənməsi və “günah keçisi” riskinin çoxalması, xarici çağırışlar “sövq edirdi”. Sarkisyan gözləyirdi ki, bir tərəfdən parlament idarəçiliyi modeli qeyri-dövlət ittihamlarının yığılmasını yumşaltmağa imkan verəcək, digər tərəfdən isə Ermənistana xarici sahədə əlavə çeviklik verəcək, çünki əsas mandata sahib olan şəxs artıq bir nəfər yox, ən azı 131 nəfərdir.

İndi də Paşinyan sistemi dəyişməyə çalışır, onun məqsədləri artıq bəllidir. Paşinyan özünü məsuliyyətdən azad etmək və hakimiyyətinin ömrünü uzatmaq istəyir. Bunun necə nəticələnəcəyini isə zaman göstərəcək.

Aqil Məmmədov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Konstitusiya  


Bizi "telegram"da izləyin