Ermənistanda baş verən təyyarə qəzası nəticəsində ölənlərin kimliyi məlum olub – Onlar Rusiya vətəndaşlarıdır

2022/12/jrabe-1669968172.jpg
Oxunub: 348     14:55     02 Dekabr 2022    
Ermənistanda, Caraber kəndində baş verən təyyarə qəzası nəticəsində ölən 2 nəfər Rusiya vətəndaşıdır. Ölən şəxslər pilotlar A. P. (1979-cu il təvəllüdlü) və V. R.-dır (1983-cü il təvəllüdlü).

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan FHN-nin mətbuat katibi Hayk Kostanyan məlumat verib.

Qeyd edək ki, dekabrın 1-də saat 14:20-də B55 tipli təyyarənin Ermənistanın Kotayk vilayətinin Craber kəndi ərazisində qəzaya uğraması və alovlanması barədə Milli Böhran İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Hadisə yerinə gələn FHN-nin xilasediciləri hadisə yerində 2 nəfərin yanmış meyitini aşkar ediblər. Təyyarə iki nəfərlik olub, “Zvartnots” hava limanından çıxıb Həştərxana istiqamət alıbmış. Yolda təyyarə ilə əlaqə kəsilib. Təyyarə açıq sahədə qəzaya uğrayıb və başqa heç bir infrastruktura ziyan dəyməyib.

Öz növbəsində Ermənistan Mülki Aviasiya Komitəsi bəyanat yayıb: “Dekabrın 1-də yerli vaxtla saat 13:11-də İrəvan-Həştərxan istiqamətində uçan özəl “BeechCraft 95” tipli təyyarə ilə əlaqə kəsilib. Yerli vaxtla saat 14:20-də təyyarə qəzaya uğramış halda Kotayk vilayətinin Craber kəndi ərazisində tapılıb. Təyyarədə yalnız ekipaj üzvləri olan 2 pilot həlak olub. Hadisə ilə bağlı Mülki Aviasiya Komitəsində ilkin məlumatların toplanması aparılır. Əlavə məlumat olduğu halda Komitə ayrıca məlumat yayacaq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qəza  


Bizi "telegram"da izləyin