Çin təhlükəsi və Rusiya-Ukrayna müharibəsi fonunda Yaponiya müdafiə xərclərini iki dəfə artıracaq

2022/11/1440x-1669805746.jpg
Oxunub: 297     14:38     30 Noyabr 2022    
Yaponiyanın baş naziri Fumio Kişida müdafiə və maliyyə nazirlərinə 2027-ci ilə qədər müdafiə xərclərini ölkənin ÜDM-nin 2 faizinə çatdırmaq üçün lazımi vəsaiti ayırmağı tapşırıb.

Ordu.az xəbər verir ki, Tokio “Çindən gələn təhdidlərin artması və Rusiyanın Ukraynaya təcavüzündən sonra dəyişən geosiyasi mühit” səbəbindən müdafiə və təhlükəsizlik strategiyalarını yenidən nəzərdən keçirir.

Baş nazir Kişida ilə görüşən müdafiə naziri Yasukazu Hamada, görüşdən sonra mətbuata verdiyi açıqlamada bildirib ki, 2027-ci ilə qədər müdafiə xərcləri və digər xərclərin cari ÜDM-in 2 faizinə çatdırılması üçün büdcə tədbirləri görüləcək.

Yaponiya Müdafiə Nazirliyi bəyan edib ki, Çinin artan hərbi gücü və Şimali Koreyanın nüvə və raket proqramı ilə əlaqədar ölkənin müdafiə qabiliyyətinin artırılması üçün qarşıdakı beş il ərzində əlavə 48 trilyon yen tələb olunacaq.

Avqust ayında Müdafiə Nazirliyi 40 milyard dollarlıq büdcə istəyib.

Lakin hökumət müdafiə siyasəti ilə bağlı yeniləmələri tamamlamayana qədər bu məbləğ bəlli olmayacaq.

Kişida isə hökumətin eyni vaxtda xərcləri və gəlirləri nəzərdən keçirəcəyini və lazımi vəsaitin cəlb edilməsi üçün görüləcək tədbirlərə gələn ay qərar verəcəyini bildirib.

Hakim Liberal Demokrat Partiyası yenilənmiş yeni strategiyada növbəti beş il ərzində müdafiə xərclərini iki dəfə artıraraq, ÜDM-in 2 faizi və ya bir qədər çox səviyyəsinə çatdırmağa, NATO-ya üzv dövlətlərlə bərabərləşdirməyə çalışır.

Ölkə uzun müddətdir ki, illik müdafiə xərclərini 5 trilyon yen (36 milyard dollar) ilə məhdudlaşdırıb ki, bu da ÜDM-in 1 faizinə bərabərdir.

Ölkə mətbuatında bildirilib ki, əvvəllər koronavirusla mübarizə üçün ayrılan vəsaitin bir hissəsi müdafiə büdcəsinə köçürüləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Yaponiya  


Bizi "telegram"da izləyin