GUAM PA-da Fransa Senatının Azərbaycana qarşı qərəzli qətnaməsi pislənilib

2022/11/fad7d-1669640881.jpg
Oxunub: 299     17:07     28 Noyabr 2022    
GUAM Parlament Assambleyasının 17-ci Büro iclasında Fransa Senatının Azərbaycana qarşı qərəzli qətnamə qəbul etməsi pislənilib.

Ordu.az xəbər verir ki, toplantıda Milli Məclisin deputatı, GUAM PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev çıxış edib.

O, diqqəti Azərbaycan və Ermənistan arasında normallaşma proseslərinə, bu istiqamətdə göstərilən beynəlxalq səylərə yönəldib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi və həm də Fransa prezidentinin iştirakı ilə aparılan danışıqlarda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını sülh prosesində mühüm addım kimi dəyərləndirən deputat bir neçə gün sonra Fransa prezidentinin Azərbaycana qarşı reallıqdan uzaq, böhtan xarakterli açıqlamalar verməsinin, Fransa Senatının Azərbaycana qarşı qərəzli qətnamə qəbul etməsinin isə heç bir məntiqə sığmadığını bildirib. Bunu tarixə qovuşmuş münaqişəni yenidən alovlandırmaq cəhdi kimi dəyərləndirən deputat belə hərəkətlərin Azərbaycanla Ermənistan arasında post-münaqişə dövründə davam edən normallaşma prosesinə xələl gətirdiyini vurğulayıb.

E.Allahverdiyev Cənubi Qafqazda dayanıqlı sülhün və əməkdaşlığın inkişafı üçün əldə olunmuş razılaşmaların bütün şərtlərinə əməl etməyin vacib olduğunu bildirib.

Büroda GUAM Parlament Assambleyasının komitə iclaslarının yekunları, GUAM PA-nın 15-ci sessiyasının yekun sənədinin layihəsi barədə və digər məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub.

GUAM PA-nın videokonfrans formatında 15-ci sessiyasında isə Milli Məclisin deputatları, GUAM PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, nümayəndə heyətinin üzvləri Əli Məsimli, Qüdrət Həsənquliyev, Cavid Osmanov, GUAM-ın baş katibi Altay Əfəndiyev, Baltik Assambleyasının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Sessiyada GUAM-ın 25 illiyi, təhlükəsizlik və enerji böhranı kontekstində GUAM ölkələrinin əməkdaşlığı, GUAM-ın əsas iqtisadi layihələrinin dəstəklənməsi kimi məsələlər müzakirə edilib.

GUAM PA-da nümayəndə heyətimizin rəhbəri Elnur Allahverdiyev “Təhlükəsizlik və enerji böhranı kontekstində GUAM ölkələrinin əməkdaşlığı” mövzusunda çıxış edib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən, bu istiqamətdə Gürcüstanla qurulan strateji tərəfdaşlıqdan danışıb.

Avropanın enerji arxitekturasında baş verən proseslər barədə fikirlərini bölüşən Elnur Allahverdiyev GUAM regionunda əməkdaşlığa və sabitliyə mane olan amillərə toxunub, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının region ölkələrinin iqtisadi inkişafına və əməkdaşlığının genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Sessiyada GUAM PA-ya sədrlik Moldovadan Ukraynaya keçib, iclasın sonunda yekun sənəd olaraq kommünike qəbul olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Milli-Məclis  


Bizi "telegram"da izləyin