Dünya çempionatından sonra Yaxın Şərqdəki fasilə bitəcək – Bəs Ermənistan nə axtarışındadır?

2020/08/15965-1596776122.jpg
Oxunub: 533     18:40     28 Noyabr 2022    
Ermənistan parlamentinin sədri Alen Simonyan noyabrın 30-dan dekabrın 3-dək futbol üzrə dünya çempionatına ev sahibliyi edən Qətərdə işgüzar səfərdə olacaq. Simonyanın işgüzar səfərinin məqsədləri və mümkün görüşlər barədə məlumat verilməyib. Qətər rəhbərliyinin bu günlərdə dünya çempionatı tədbiri ilə məşğul olduğu üçün görüşlərin gündəliyi, əhatə dairəsi məlum deyil.

FİFA prezidenti İnfantino Qətərdə dünya çempionatı başlamazdan əvvəl futbolu siyasətə qarışdırmamağa çağırsa da, bu gün futbolun qlobal siyasətlə çox əlaqəsi olduğuna şübhə yoxdur. O, həmçinin çempionatın keçirildiyi günlərdə döyüşlərin dayandırılmasına çağırıb. Böyük ehtimal onun çağırışı Ukrayna və Rusiyaya yönəlib, amma yaxşı olardı ki, FİFA prezidenti bu çağırışı hər kəsə, o cümlədən Qətərdən çox da uzaqda olan Ermənistana da ünvanlasın. Təbii ki, dövlətlər, FİFA prezidentinin çağırışlarına qulaq asmır, xüsusən ona görə ki, FİFA-nın qlobal siyasətə tabe olduğunu söyləmək üçün bir sıra ciddi səbəblər var.

Qətərdə başlayan dünya futbol festivalı regional vəziyyəti sabitsizləşdirən risklərlə bağlı müəyyən “şantaj” rolunu oynayır, eyni zamanda futbol festivalı bitdikdən sonra regionun taleyinin necə olacağı sualını gündəmə gətirir. On minlərlə tərəfdar və futbol komandaları və heyətləri Qətəri, əslində Yaxın Şərq bölgəsini tərk edəcək. Bu regionda nəzərəçarpacaq dərəcədə yüksək səslə eşidilən ittihamlar bizi həyəcanla düşünməyə vadar edir ki, çempionatdan sonra region münaqişələrin şiddətlənməsi ssenarilərinə yaxınlaşa bilər.

Qeyd etmək lazımdır ki, “dialoq”un ssenari xətləri də paralel olaraq cərəyan edir. Dünya çempionatının açılışı münasibətilə Qətərə səfər edən Türkiyə prezidenti Ərdoğan Misir prezidenti Sisi ilə əl sıxaraq söhbət edib. Bu, illərdir kifayət qədər gərgin münasibətləri olan fiqurlar arasında ciddi hadisədir.

Eyni zamanda, Türkiyə mətbuatı Ərdoğanın Əsədlə görüşmək niyyətində olduğu barədə məlumatlar yayır. Türkiyə Rusiyanın Ukrayna müharibəsi, İranın isə daxili sabitliyin pozulması səbəbindən çətin vəziyyətdə olmasına görə güc mövqeyindən çıxış edir. İran və Rusiya Yaxın Şərq regionunda Türkiyənin əsas rəqibləridir.

Güman etmək olar ki, Ərdoğanın Misir prezidenti ilə görüşünün məqsədi Fransa strategiyasının balansına təsir etmək, Misiri Paris-Afina-Nikosiya xəttindən “kəsməyə” çalışmaqdır. Paris də öz növbəsində bu cəhdlərin qarşısını almağa çalışır və bu kontekstdə Fransanın son vaxtlar qəbul etdiyi təxribatçı qətnamələr bunun sübutudur.

Bu hadisələr fonunda Ermənistan parlamentinin Qətərə səfəri olduqca maraqlıdır.

Aqil Məmmədov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dünya-Çempoinatı   Ermənistan  


Bizi "telegram"da izləyin