Dövlət başçısı bildirib: “Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.
Erməni politoloq Ruben Mehrabyanın sözlərinə görə, Ermənistan Makronun iştirakını tələb etməyib, Ermənistan razılaşmaların davamlılığından danışıb.
Mehrabyan qeyd edib ki, Azərbaycan Rusiyanın Ermənistandan narazılığından istifadə edir.
“Putin bu prosesi bəyənmir, ona görə də Putin İlham Əliyevin köməyi ilə onu məhv etməyə, digər tərəfdən isə Ermənistanı şantaj etməyə çalışır”, - deyə o bildirib.
Digər bir erməni politoloq Andrias Qukasyan deyib ki, Rusiya Qarabağdakı hərbi mövcudluğundan imtina etməyə hazırdır, lakin bunun müqabilində Krımın tanınmasını tələb edir.
“Qərb təbii olaraq bu cür ticarətdən qaçmaq istəyir. Görünən odur ki, prosesin uğursuzluğuna görə cavabdeh tərəf Ermənistan oldu. Qərbin bu addıma görə kimi daha çox günahkar hesab etməsindən asılı olaraq, gələcək hadisələrin də şahidi olacağıq. Amma Blinkenin 10-15 gün öncəki tvitindən belə qənaətə gəlmək olar ki, onlar Nikol Paşinyanı elə bir tərəf kimi qəbul edirlər ki, onun vasitəsilə Rusiya Brüsseldəki bu görüşü və ümumilikdə bu formatı məhv edir. Burada demək olar ki, bu, çox dahi diplomatik gediş idi: Ermənistan ötürmə verdi, Azərbaycan isə qolu vurdu”, - deyə Qukasyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az