Əsirlikdən qayıtmış erməni: “Məndə qıcolmalar yaranır, mühakimə olunacağımdan qorxuram”

2022/11/f633a-1669631836.jpg
Oxunub: 261     19:15     28 Noyabr 2022    
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfindən təhvil verilmiş keçmiş erməni əsirlərə məhəl qoymamaqda davam edir. Keçmiş erməni əsirlər ciddi psixoloji problemlərlə orduya çağırılırlar.

Ordu.az-ın məlumatına görə, Ermənistanın “Forrights.am” nəşri erməni hərbi qulluqçulardan və onun ailə üzvlərindən Suren Papikyanın müdafiə naziri kimi və onun rəhbərlik etdiyi strukturun problemlərə necə “barmaqarası” baxdığı barədə çoxlu məlumatlar alıb.

Cermukda əsir düşən erməni hərbi qulluqçulardan biri nəşrə açıqlamasında anonimlik şərti ilə səhhətində yaranan problemləri ətraflı şəkildə təqdim edib.

“Məndə qıcolmalar var, özümə zərər vurmaq meyllərim yoxdur, amma aqressiya olanda bu, müəyyən mənada özünü göstərəcək. Mən çox qorxuram ki, məni mühakimə edəcəklər. Hansısa cinayət məsuliyyəti nəzərdə tutan əməli törətməyə görə çox ciddi problemlər yarana bilər”, - deyə o bildirib.

Keçmiş erməni əsir qeyd edib ki, hərbi hospitalda və Ermənistan MN-in digər məsul işçiləri ilə görüşlərində bu problemləri dilə gətirib, lakin rəsmilər onun xarici görünüşünə baxaraq, xidmətə yararlı olduğunu deyiblər.

Erməni hərbi qulluqçu bildirib ki, bir neçə gündən sonra yenidən müayinə olunsa da, problemlərinə eyni yanaşma ilə baxılacağından qorxur.

Nəşr yazır ki, əsgərlərin əsirlikdən qayıtdıqdan qısa müddət sonra yenidən xidmətə götürülməsi geri dönməz nəticələrə səbəb olur. Nəşrə məlum olub ki, Cermukda əsir düşən və qayıtdıqdan az sonra orduya yola düşən erməni hərbi qulluqçuda hərbi hissədə ciddi psixoloji problemlər yaranıb. Üç gün sonra yenidən xəstəxanaya aparılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cermuk   Ermənistan  


Bizi "telegram"da izləyin