Erməni politoloq: “İranla Azərbaycan arasında hərbi qarşıdurma olarsa, ABŞ və İsrailin Azərbaycana ciddi dəstək verəcəyi istisna edilmir”

2022/11/1669620203.jpg
Oxunub: 797     16:30     28 Noyabr 2022    
“Uzun illərdir ki, həm İsrail, həm də ABŞ Azərbaycanı İrana qarşı platformaya çevirmək üçün çalışırlar”.

Ordu.az xəbər verir ki, bunu ABŞ-ın Lehiq Universitetinin politologiya professoru Arman Qriqoryan deyib.

Onun sözlərinə görə, heç kimə sirr deyil ki, İsraillə Azərbaycanın çox yaxın, isti münasibətləri var və İsrailin İrana, Azərbaycana münasibəti müəyyən mənada ABŞ-ın da İrana münasibətidir.

“Bu, təsadüfi deyil, çünki çox vaxt ABŞ-ın İrana münasibəti İran-İsrail münasibətləri ilə şərtlənir. Bütün dünyada ümumi sabitliyi pozan şeylər var və bizim regionda da bu təhlükə var. Onların Ermənistanla sərhədi itirməsi İran üçün çox böyük problemdir. Dəhlizlə bağlı xəbərlər İranda ciddi narahatlıq yaradıb. Bundan əlavə, nə qədər ki, Azərbaycan Qarabağ məsələsi ilə məşğul idi, nə qədər ki, Qarabağ məsələsi var idi, nə qədər ki, Ermənistan Azərbaycan üçün ciddi düşmən idi, İran Azərbaycan üçün bu qədər narahat ola bilməzdi. Onların isə fundamental problemi var: İrandakı azərbaycanlı əhali problemi. İndi Azərbaycanda bu mövzu ilə bağlı söhbətlər çox geniş yayılıb və İsrail onları böyük səylə həvəsləndirir”, - deyə Qriqoryan bildirib.

Erməni politoloq qeyd edib ki, ABŞ dövlət katibi Sallivanın Azərbaycanı İrandan qoruyacaqları barədə bəyanatına təəccüblənmək olmaz.

“Bir tərəfdən Azərbaycanı özlərinə rəqib olan, düşmən münasibətdə olduqları İrandan qorumağa hazır olduqlarını bildirdilər, digər tərəfdən bu, İrana təzyiq göstərmək üçün əlavə fürsətdir. İranla ABŞ arasında hansısa danışıqların olması, hər ikisinin dəhlizdən narahat olması, Rusiya və Türkiyəyə qarşı əməkdaşlıq etməsi barədə bəyanatlar məni təəccübləndirir. Bu, mənim fikrimcə, ciddi deyil. ABŞ-ın bu regionda maraqlarının nədən ibarət olduğunu başa düşmək və nəzərə almaq lazımdır. Gəlib bizi qoruyacaqlar, silah satacaqlar, Türkiyəyə, Azərbaycana, Rusiyaya qarşı İranla ittifaq bağlayacaqlar kimi illüziyalar, boş ümidlər olmamalıdır. Mən təbii olaraq anlayıram ki, bizim vəziyyətimiz çox ağırdır, əlimizdə olan müttəfiqlər minimum ehtiyaclarımızı belə ödəmir. Belə olan halda başqa yerdə dayaq və müttəfiq axtarmaq istəyi təbiidir, amma təbii istək başqadır, bu soyuq hesablamanı edib etməli olduğumuz acı reallıqları qəbul etmək başqa şeydir. Çox təhlükəli oyun var. Bunun Azərbaycan üçün çox pis nəticələri ola bilər. Xüsusilə, İranla Azərbaycan arasında dərin eskalasiya və hərbi qarşıdurma olarsa, təbii olaraq ABŞ və İsrailin Azərbaycana ciddi dəstək verəcəyi istisna edilmir, lakin bu halda bununla məhdudlaşmayacaq. Burada digər böyük ölkələrin maraqları da olacaq. Azərbaycan belə bir şeyi həzm edə bilər, ya yox, mən təsəvvür edə bilmirəm”, - deyə Qriqoryan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Ermənistan  


Bizi "telegram"da izləyin