Azərbaycanla İran arasında müharibə nə qədər realdır? – Sonuncunun məğlubiyyəti qaçılmazdır

2022/10/1666935487.jpg
Oxunub: 1135     19:40     26 Noyabr 2022    
Noyabrın 25-də ADA Universitetində keçirilən konfrans zamanı Azərbaycan Prezidenti İlham Əliyev İranla münasibətlərə dair fikirlərini təqdim edib. Dövlət başçısı münasibətlərin hazırkı vəziyyətinin Azərbaycan tərəfindən yaradılmadığını vurğulayıb: “Mən İranın əvvəlki üç prezidenti ilə - Prezident Hatəmi, Prezident Əhmədinejad və Prezident Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində heç vaxt indiki vəziyyətimizə oxşar bir şey olmayıb”.

Dövlət başçısı bildirib ki, Azərbaycan qonşuları ilə sülh və dostluq münasibətləri istəyir: “Eyni zamanda, biz həmişə öz ləyaqətimizi, müstəqilliyimizi, həyat tərzimizi müdafiə edəcəyik və heç bir xarici aktora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcəyik”.

Azərbaycan lideri İranda yaşayan azərbaycanlılarla bağlı narahatlığını dilə gətirib: “İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər?”

Bu açıqlamalar İran-Azərbaycan münasibətlərində son dövrlərdə yaşanan gərginlik fonunda olduqca vacibdir. Bakının İranda yaşayan azərbaycanlıların taleyi ilə bağlı narahatlıqları Prezident səviyyəsində dilə gətirməsi yeni dövrün başlanğıcından xəbər verir.

Qeyd edək ki, İran yalnız Azərbaycan üçün təhdidlər yaratmır. Rusiyanın Ukraynada mülki şəxslərin öldürülməsində istifadə etdiyi PUA-ları İran tədarük edib və Yaxın Şərqdə bir çox münaqişələrin kökündə İranın rolu var.

Onu da vurğulamaq lazımdır ki, İranda son aylarda baş verən etiraz aksiyaları səbəbindən Rəisi hökuməti özü üçün xarici təhdid hekayəsi yaratmağa cəhd edir. Azərbaycana qarşı informasiya təxribatlarının səbəblərindən biri də məhz budur.

Ola bilsin ki, heç kim Azərbaycan və İran arasında münaqişəyə inanmır və ya az adam bunu mümkün hesab edir, lakin xatırladaq ki, illər əvvəl, bəlkə də, az adam və ya heç kim Rusiya ilə Ukrayna arasında birbaşa, genişmiqyaslı müharibəni təsəvvür edə bilməzdi. Ümumilikdə, İranın məğlubiyyəti qaçılmazdır və onun regional müttəfiqləri, ilk öncə Ermənistan bu məğlubiyyətdən ən çox təsirlənən ölkələrdən biri olacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İran  


Bizi "telegram"da izləyin