Azərbaycan MN-dən rusiyalı həmkarlarına coğrafiya dərsi – ÇARDAQLI, AĞDƏRƏ, XOCAVƏND

2020/10/wngCQ-1601803554.jpg
Oxunub: 1996     15:01     26 Noyabr 2022    
Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının yaydığı məlumatla bağlı açıqlama yayıb. Rusiya sülhməramlıları guya Azərbaycan ordusunun atəş açdığını təsdiqləyib.

Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusunun bölmələri atəşkəsi pozmayıb və bu istiqamətdə heç bir atəş açmayıb.

“Təəssüf ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilir. Belə ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin 24 noyabr 2022-ci il tarixli rəsmi məlumatında “Maqavuz” yaşayış məntəqəsi istiqamətində Azərbaycan tərəfindən guya atəşkəsin pozulmasının qeydə alındığı bildirilir. Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların “Maqavuz” adlandırdığı Azərbaycan yaşayış məntəqəsinin rəsmi adı ÇARDAQLIDIR”, - deyə açıqlamada bildirilir.

Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətini işıqlandıran “Telegram” kanalında qeyd olunub ki, guya Rusiya silahlı qüvvələri və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələri təlim-döyüş tapşırıqlarının icrası zamanı Rusiya Silahlı Qüvvələri Baş Qərargahının topoqrafik xəritələri ilə müəyyən edilmiş təyinatlardan istifadə edirlər. Maraqlıdır ki, bu məlumatdan sonra Rusiya mətbuatında qəribə məlumat yayılıb. Rusiya Müdafiə Nazirliyinin adı açıqlanmayan nümayəndəsi “NEWS.ru” portalına açıqlamasında bildirib ki, Rusiya sülməramlı qüvvələrinin adından bəyanat yayan kanalın nazirliklə nə əlaqəsi olduğunu bilmir. O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin yalnız əsas kanalı rəsmidir. RSK-nın səhifəsində də rəsmi kanal kimi Rusiya Müdafiə Nazirliyinin teleqramdakı kanalı göstərilib.

Növbəti gün yenidən eyni proses baş verdi. Rusiya sülhməramlıları yenidən Azərbaycan yaşayış məntələqələrinin adlarında təxribata yol verdi.

“Rusiya Federasiyasının sülhməramlı kontingentinin 25 noyabr 2022-ci il tarixli rəsmi məlumatında patrul xidməti aparılan marşrut “Mardakert” və “Martuni” yaşayış məntəqələri istiqaməti kimi qeyd olunub. Rusiya tərəfinin diqqətinə çatdırırıq ki, məlumatda onların “Mardakert” və “Martuni” adlandırdıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏND-dir. Bir daha Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq”, - deyə Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Qeyd edək ki, son bir ayda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qanunsuz erməni dəstələri Azərbaycan ordusunun mövqelərini atəşə tutur.

Son zamanlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması və digər hadisələr barədə Rusiya tərəfinə verilən məlumatlar nədənsə Rusiya sülhməramlı kontingentinin rəsmi açıqlamalarında öz əksini tapmır.

Beləliklə, Ermənistan sərhəddə mövqelərimizi atəşə turur, Rusiya sülhməramlıları qanunsuz erməni dəstələrinin mövqelərimizi atəşə tutmasına şərait yaradır. Yeri gəlmişkən, Azərbayca tərəfi rəsmi olaraq bəyan edib ki, Qarabağda son zamanlarda aşkar edilən minalar Laçın dəhlizi vasitəsilə daşınıb. Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir və bu, şübhəsiz ki, Rusiya sülhməramlılarının nəzarəti altında baş verir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çardaqlı   Ağdərə   Xocavənd  


Bizi "telegram"da izləyin