Teleqramda Qarabağdakı Rusiya sülhməramlılarının saxta bəyanatı dərc olunub

2022/11/1669353058.jpg
Oxunub: 420     20:55     25 Noyabr 2022    
Rusiya sülhməramlı kontingentinin (RSK) rəsmi kanalı statusuna malik olmayan teleqram kanalı Qarabağda yerləşən RSK-nın Rusiya Silahlı Qüvvələri Baş Qərargahının xəritələrindəki toponimlərdən istifadə etdiyi barədə bəyanat yayıb.

Ordu.az xəbər verir ki, kanalın qeyri-rəsmi olmasına baxmayaraq, bir sıra KİV, o cümlədən “Sputnik Ermənistan” bu postu RSK-nın Azərbaycan ərazisindəki yaşayış məntəqələrinin adları ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin rəsmi bəyanatına cavabı kimi qeyd edib.

Rusiya Müdafiə Nazirliyinin adı açıqlanmayan nümayəndəsi “NEWS.ru” portalına açıqlamasında bildirib ki, RSK adından bəyanat yayan kanalın nazirliklə nə əlaqəsi olduğunu bilmir. O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin yalnız əsas kanalı rəsmidir. RSK-nın səhifəsində də rəsmi kanal kimi Rusiya Müdafiə Nazirliyinin teleqramdakı kanalı göstərilib.

Qeyd edək ki, postda Rusiya Silahlı Qüvvələri və Qarabağdakı Rusiya sülhməramlı kontingentinin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının topoqrafik xəritələri ilə müəyyən edilmiş toponimlərdən istifadə etdiyi bildirilir.

“Maqavuz (əslində isə Çardaqlı – red.) qəsəbəsinin adı ilə bağlı Bakıdan gələn tənqidlər təəccüb doğurur, çünki əvvəllər də bir neçə dəfə Rusiya Müdafiə Nazirliyinin bülletenlərində başqa qeyri-azərbaycanca toponimlərdən istifadə edilib”, - “Peacekeeper” kanalı yazıb.

Rusiyanın hərbi qurumundakı həmsöhbət qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin bütün rəsmi kanallarına keçidlər nazirliyin saytında yerləşdirilib.

Azərbaycan Müdafiə Nazirliyi bundan əvvəl də Rusiya Müdafiə Nazirliyinin bülletenlərində Çardaqlı qəsəbəsinin adının Maqavuz kimi işlədilməsinə etirazını bildirib. Nazirlikdən Qarabağda rəsmi coğrafi adlara uyğun gəlməyən toponimlərdən istifadə olunduğu vurğulanıb.

Azərbaycan hakimiyyəti dəfələrlə “Dağlıq Qarabağ” adlı ərazi vahidinin olmadığını, əvəzində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı əsasında yaradılan Qarabağ iqtisadi zonasının olduğunu vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qarabağ  


Bizi "telegram"da izləyin