Səfir: "Ukrayna ümid edir ki, Azərbaycan Qolodomorun soyqırımı aktı kimi tanınması barədə qərar qəbul edəcək"

2022/11/1669394681.jpg
Oxunub: 261     20:26     25 Noyabr 2022    
"Qolodomor müharibənin və ya təbii fəlakətin nəticəsi deyildi, bu, ukraynalıların sayını azaltmaq üçün məqsədli siyasət idi".

Ordu.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Qolodomor faciəsi ilə bağlı tədbirdə deyib.

Səfirin sözlərinə görə, 1933-cü ildə Ukraynada hər dəqiqə 17, hər saat 1 000, hər gün 24 000-dən çox adam aclıqdan ölüb.

O bildirib ki, Qolodomor nəticəsində 5-8 milyon, bəzi mənbələrə görə isə 10-11 milyon insan həlak olub.

Səfir Kanevski deyib ki, Sovet illərində bu həqiqət və faktlar inkar edilib, gizlədilib.

Diplomat vurğulayıb ki, ukraynalılar hər dəqiqə öz həyatları, gələcəkləri üçün mübarizə aparır, Ukrayna xalqı mövcuduğu üçün savaşır.

Səfir qeyd edib ki, Ukrayna bu müharibədə qalib gələ bilər, çünki artıq Ukrayna silahlı qüvvələri nəyə qadir olduğunu sübut edib, onlar "dünyanın ikinci ən güclü ordusunu döyüş meydanında geri çəkilməyə məcbur edir. Artıq bu reallıq mövcuddur".

Səfir Kanevski deyib ki, Ukrayna yalnız özü üçün deyil,həm də demokratik dünya üçün mübarizə aparır: "Ukraynanın qələbəsi demokratik dünyanın qələbəsi deməkdir".

Vladislav Kanevski onu da vurğulayıb ki, Qolodomorla Ukrayna xalqına qarşı törədilən bu cinayətlə bağlı tarixi ədalətin bərpası üçün beynəlxalq ictimaiyyət birləşməlidir.

"Ukrayna ümid edir ki, sovet terrorunun nə olduğunu bilən Azərbaycan Respublikası 1932-1933-cü illərin Qolodomorun Ukrayna xalqının soyqırımı aktı kimi tanınması barədə qərar qəbul edəcək", - səfir əlavə edib.

Polşa səfiri Rafal Pobolski bildirib ki, Ukrayna xalqına qarşı bu faciə məqsədli şəkildə təşkil olunub.

Polşalı diplomat Ukraynanın qələbəsinə inamını vurğulayıb.

Almaniyanın Azərbaycandakı səfirinin müavini Hayko Şvarts çıxışında bu faciə ilə bağlı tarixi ədalətin bərpasını vurğulayıb.

Diplomat qeyd edib ki, Almaniya Bundestaqı Qolodomorun soyqırımı kimi tanınması ilə bağlı qətnaməni müzakirə edəcək. O deyib ki, bu qətnamədə həm də bu gün Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsi pislənəcək.

"Mən Ukraynaya qələbə və sülh arzulayıram", o deyib.

Daha sonra Qolodomor faciəsi ilə bağlı film nümayiş olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna  


Bizi "telegram"da izləyin