Dövlət başçısı: "Prezidentin xüsusi nümayəndəsi institutu üç ərazidə artıq qurulub və səmərəliliyi sübut olunub"

2022/11/1669383147.jpg
Oxunub: 194     17:24     25 Noyabr 2022    
Biz azad edilmiş ərazilərdə ən son texnologiyalardan istifadə edirik.

Ordu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda ekspertlərin suallarını cavablandırarkən deyib.

“İki il əvvəl, müharibə bitəndən dərhal sonra mən “Qarabağı yenidən quracağıq və yenidənqurmanın yaxşı nümunəsini nümayiş etdirəcəyik” deyəndə eynilə bunu nəzərdə tutmuşdum. İndi bu, həyata keçir. Biz şəhərlərimizi və kəndlərimizi smart texnologiya platformasına əsaslanaraq tikirik və yenidən qururuq. Ağalıda ilk kənd artıq məskunlaşdırılıb. Oraya gedən hər kəs Qarabağın yenidən qurulması modelinin necə olacağını görə bilər. Çünki bu, təkcə 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, layiqli həyat yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun bir növ nümayişi olmamalıdır, həmçinin biz Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə hesab edirik. Onda biz, bəlkə də artıq indi davamlı olaraq texnoloji təcrübəyə, eləcə də inzibati idarəçiliyə keçəcəyik. Çünki azad edilmiş ərazilərdə bizim ölkənin digər yerlərindəkindən fərqli inzibati strukturlarımız var. Prezidentin xüsusi nümayəndəsi institutu üç ərazidə artıq qurulub və səmərəliliyi sübut olunub. Beləliklə, biz texnoloji inkişaf modelini sınaqdan keçirməklə yanaşı, həm də idarəçilik modelini sınaqdan keçiririk. Ona görə də biz rəqəmsal inkişafa çox diqqətlə və əzmlə yanaşacağıq, xalqımıza uyğun olan ən yaxşı seçimi edəcəyik”, - dövlət başçısı deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin