Ermənistan təxribatlarla növbəti döyüş əməliyyatlarını sürətləndirir

2020/07/456_1-11159949500.jpg
Oxunub: 476     16:34     25 Noyabr 2022    
Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq Ermənistan tərəfinin üzərinə düşən öhdəlikləri icra etməməsi, Soçidə keçirilmiş son görüş və onun nəticələri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Noyabrın 14-də Rusiya nümayəndəsi Ermənistanda olub, Paşinyan və xarici işlər naziri Mirzoyanla görüşüb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da brifinq zamanı İqor Xovayevin səfərinə toxunaraq qeyd edib ki, xüsusi nümayəndə noyabrın 14-də İrəvanda olub və həmin təmaslar zamanı digər məsələrlə yanaşı, sülh müqaviləsi məsələsi də müzakirə olunub.

Rusiya prezidenti Vladimir Putin İrəvana səfər edərək Ermənistan və Azərbaycanın nəhayət sülh sazişi imzalayacağına ümid etdiyini bildirdiyi halda, Ermənistan və Rusiya sülhməramlılarının nəzarəti altında olan erməni silahlı dəstələri Azərbaycan ordusunun mövqelərini atəşə tutur.

Bu fonda Bakıdan ciddi xəbərdarlıqlar edilir. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin direktor müavini Ceyhun Şadlinski bildirib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələrin hər vəchlə maneçilik törətməyə çalışması, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyl etməsi narahatlıq doğuran məqamlardır. Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransda müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək ölkə rəhbərinin tapşırığı əsasında, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun hərbi potensialının artırılması yönümündə həyata keçirilən islahatlar, yeni hərbi birliklərin yaradılması, qarşıya qoyulmuş vəzifələrin operativ və çevik yerinə yetirilməsi üçün silahlı qüvvələrimizin şəxsi heyətinin hərbi təhsil səviyyəsinin yüksəldilməsi, müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması barədə məlumat verib.

Daha sonra Xarici İşlər Nazirliyindən bildirilib ki, bu ilin avqust ayından etibarən sözügedən minalar daxil, Azərbaycan-Ermənistan arasında sərhədin Kəlbəcər və Laçın sahəsində 1119, Qarabağ iqtisadi rayonu ərazisində isə 1609 ədəd 2021-ci il Ermənistan istehsalı minalar (ümumilikdə 2728) aşkarlanaraq zərərsizləşdirilib. Noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı dəstələri tərəfindən basdırılmış 2021-ci il Ermənistan istehsalı 350 ədəd PMN-Э tipli piyada əleyhinə minalar aşkarlanıb.

Xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, Ermənistan 2021-ci il istehsalı olan və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırdığı minaları Laçın dəhlizindən daşıyıb.

Göründüyü kimi, Ermənistan bütün istiqamətlərdə təxribatlara davam edir və Rusiya sülhməramlılarının nəzarəti altına olan erməni dəstələri mövqelərimizi atəşə tutur. Azərbaycan ordusunun təxribatların qarşısını alır və almağa davam edəcək.

Aqil Məmmədov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat  


Bizi "telegram"da izləyin