Peskovun şərhi və Paşinyan tərəfindən qəbul edilməyən KTMT bəyannaməsi – Yəni hər şey müsbətdir?

2021/10/8788-1634812251.jpg
Oxunub: 168     14:46     25 Noyabr 2022    
KTMT-nin İrəvan sammitindən sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan KTMT-də qalacaq.

“KTMT sammitində bütün mürəkkəbliyə baxmayaraq, liderlərin çıxışları zamanı hər şey razılaşdırılmasa da, tədbir bu formata olan tələbi, KTMT-nin aktuallığını və canlılığını bir daha təsdiqlədi”, - deyə o bildirib.

Peskov qeyd edib ki, bu il KTMT yanvar ayında Qazaxıstanda yaranmış vəziyyətin nizamlanmasında çox mühüm rol oynayıb. “Rossiya 1” telekanalına müsahibəsində Kremlin sözçüsü “Ermənistan və Azərbaycan arasında münaqişənin həllində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının səylərinə birmənalı şəkildə ehtiyac olduğuna” inandığını bildirib.

Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin Bakı ilə İrəvan arasındakı vəziyyətlə bağlı fəaliyyətini uğursuzluq kimi şərh etməyə meylli olduğu barədə sözlərinə diqqət çəkib. “Ermənistan tərəfinin nöqteyi-nəzəri budur, vəziyyətə bu cür baxmaq erməni tərəfinin haqqıdır. Amma digər tərəfdən, bu vəziyyətdə KTMT-nin tələbi göz qabağındadır”, - deyə Vladimir Putinin sözçüsü bildirib.

Qeyd edək ki, Ermənistan KTMT-nin yekun bəyannaməsini imzalamaqdan imtina edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 3 sənəd qəbul etməyib. Paşinyan KTMT-nin bəyannaməsini və Ermənistana yardımın göstərilməsi üzrə birgə tədbirlər layihəsini imzalamaqdan imtina edib və sənədin yekunlaşmadığını əsas gətirib.

Bütün bunlara baxmayaraq Paşinyan İrəvan sammitində aparılan müzakirələrə səmimi və müsbət qiymət verib. “Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsi qəbul edilmədi, yəni biz bəyannaməni imzalamadıq və 13 sentyabrın eskalasiyası ilə bağlı KTMT-nin reaksiya qərarı imzalamadığımız üçün yenidən qəbul olunmadı. Amma onu da demək istəyirəm ki, müzakirəni ümumilikdə müsbət hesab edirəm”, - deyə Paşinyan bildirib.

KTMT Azərbaycanı niyə pisləmədi? Ermənistan parlamentinin sədri Simonyanın qənaətinə görə, buna səbəb KTMT-yə üzv ölkələrin Azərbaycanla çox isti münasibətlərə malik olmasıdır, lakin bu, dövlətlərarası müqavilə öhdəliklərinə təsir edə bilməz.

Ermənistanın planı nədir, əgər Rusiya doğrudan da bu bölgəni tərk edərsə, İrəvanı nə gözləyir? Hazırda erməni dairələri bu sualın üzərində baş sındırır.

Aqil Məmmədov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan   Peskov  


Bizi "telegram"da izləyin