Xovayev Bakıda Zəngəzurdan keçən dəmir yolu məsələsini müzakirə edib?

2022/11/44299-1669384226.jpg
Oxunub: 424     17:32     25 Noyabr 2022    
Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq Ermənistan tərəfinin üzərinə düşən öhdəlikləri icra etməməsi, Soçidə keçirilmiş son görüş və onun nəticələri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Xovayev bir neçə gün əvvəl Ermənistanda olub. Lakin onun Bakıya səfəri və İlham Əliyevlə görüşü İrəvanda keçirilən KTMT Assambleyası, xüsusən də Putin-Paşinyan görüşü, həmçinin Ermənistanın baş nazirinin hökumətin 24 noyabrda keçirilən iclasında verdiyi bəyanat fonunda daha diqqətçəkəndir. “Rusiya prezidenti ilə danışıqlar zamanı müəyyən siqnallar aldıq. Bu o deməkdir ki, bizim dəmir yolunun bərpası ilə bağlı işə qayıtmağımız üçün əhəmiyyətli və ciddi imkan ola bilər. Söhbət Horadiz-Mehri-Ordubad-Arazdəyən yolundan gedir”, - deyə Paşinyan iclasda bildirib.

Qeyd edək ki, KTMT-nin İrəvan Assambleyasından bir gün əvvəl Rusiya prezidenti Putin ilə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub. İrəvana gəldikdən sonra Nikol Paşinyan KTMT iclasına Putinin avtomobilində gedib və hava limanından İrəvanın mərkəzinə gedən yolda Ermənistanın baş naziri ilə qısa söhbət edib. Onların Assambleyadan sonra İrəvanda rəsmi görüşü olub. Nikol Paşinyanın dəmir yolu ilə bağlı siqnallar alması ilə bağlı bəyanatı ola bilsin Xovayevin Bakıya səfərinin də tərkib hissəsi olduğu həmin “zəncir”in məzmununu ifadə edir.

Ermənistan xarici işlər nazirinin müavininin KTMT Assambleyası öncəsi Tehrana səfəri və orada İranın xarici işlər naziri Abdolahian ilə görüşməsi də bu zəncirin halqası ola bilər.

Asif Cəfərov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Xovavyev  


Bizi "telegram"da izləyin