İranda etiraz aksiyaları və təhlükəsizlik qüvvələri ilə toqquşmalar davam edir

2022/11/22110-1668875557.jpg
Oxunub: 174     13:12     25 Noyabr 2022    
İranda etiraz aksiyaları davam edir.

Ordu.az xəbər verir ki, etirazlarda “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!” və digər şüarlar səsləndirilib.

Tehran metrosunun “Teatr stansiyası”nın qarşısında polis etirazçılara atəş açıb. Bununla yanaşı, Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərindəki İslamabad yaşayış massivində gecə nümayişləri keçirilib. Nümayişçilər tonqal yandıraraq yolları bağlayıb. Hökumət kütləvi tətillərə görə şəhərlərə qoşun yeridib. Qərbi Azərbaycan vilayətində Urmiya şəhəri ilə yanaşı, Nəqdə, Piranşəhr və Bukanda etirazlar, bazar və yerli biznesin tətili davam edib.

Qərbi Azərbaycanla yanaşı, Şərqi Azərbaycan əyalətində də gərginlik davam edir. Mərənd şəhərinin məhkəməsi qarşısında etiraz aksiyası keçirən azərbaycanlılar Zunuz bölgəsindən olan 5 ağsaqqalın azadlığa buraxılmasını tələb ediblər. Ərdəbildə isə Güney Azərbaycan Milli Mücadilə bayrağı körpüdən asılıb.

İranın digər vilayətlərində də gərginlik davam edir. Gilan vilayətinin Rəşt şəhərinin Şaqaçı məhəlləsində etirazçılar "Bəsic" qüvvələrinin qərargahına od vurub. Kərəcin Qohərdəşt məhəlləsində etirazçılarla hökumət qüvvələri arasında əlbəyaxa dava olub. Etirazçılar Xameneyinin şəkli olan banerin üzərinə qan mənası verən qırmızı boya atıb. İlam şəhərində isə qəzəbli xalq kütləsi radikal “Bəsic” qüvvələrinə məxsus qərargaha od vurub.

Hadisələrə ölkənin tanınmış ictimai xadimləri, təşkilatları da münasibət bildirib.

İran radioteleviziyasının sabiq sədri Məhəmməd Sərəfraz təhlükəsizlik qüvvələrinə ünvanladığı tvitində yazıb ki, silahsız insanları, müdafiəsiz qadın və uşaqları öldürən dövlət məmurları və əmr verən komandirlər qatildir: “Onlar əməllərinin cəzasını həm bu dünyada, həm də ilahi ədalət məhkəməsində çəkəcəklər”.

İran Millətləri Qadınlar Təşkilatı beynəlxalq qurumlara baş verən zorakılıqla bağlı müraciət edib. Türk, kürd, bəluc, ərəb və türkmən qadın fəalların birləşdiyi İran Millətləri Qadınlar Təşkilatının məktubunda beynəlxalq təşkilatlardan verdikləri dəstəyə görə təşəkkür edilib.

Xuzistan futbol komandasından olan Voriya Qafuri İran milli futbol komandasını təhqir etmək və rejim əleyhinə təbliğat aparmaq ittihamı ilə həbs edilib. Sistan və Bəlucistan vilayətinin İranşəhr şəhərində isə təhlükəsizlik qüvvələri “Şahid” qızlar ibtidai məktəbinin direktoru ilə əməkdaşlıq edərək bu məktəbin 9 şagirdini həbs edib.

Tehranda məhbusların ailələri Ərabi küçəsində yerləşən “Evin” həbsxanasının görüş qapısına toplaşaraq aksiya keçirib. Onlar həbsxana rəhbərliyindən həbsdə olan yaxınları ilə görüşə icazə verilməsini tələb ediblər.

Bu zorakılıq və etirazlar fonunda Ermənistan və İrandakı erməni icması rəsmi Tehranı dəstəkləyib. BMT-nin İnsan Hüquqları Şurasının İranda insan haqlarının vəziyyəti, xüsusilə, qadın və uşaqların hüquqlarının pozulması ilə bağlı İslam Respublikası əleyhinə qəbul etdiyi qətnaməyə səsvermədə Ermənistan İranın tərəfini saxlayaraq qətnamənin əleyhinə səs verib. İran parlamentinin erməni deputatı Robert Begləryan isə “Ermənistan və İranın maraqları heç vaxt bu qədər üst-üstə düşməyib”, - deyə açıqlama verib.

BMT-nin İnsan Hüquqları Şurasının 35-ci xüsusi sessiyasında isə “16 sentyabr 2022-ci ildə başlayan etirazlarla bağlı İran İslam Respublikasında insan hüquqlarının pozulması hallarını” araşdırmaq üçün yeni faktaraşdırıcı missiya yaratmaq haqqında qərar qəbul edilib.

Avropa Parlamentinin üzvü Hanna Noyman da hadisələrə reaksiya verib.

“İranın iki qadını məruzəçi olaraq göndərməsini müşahidə etmək çox maraqlı idi. Məruzəçilərdən biri ona verilmiş vaxtı keçərək öz sözünə davam edir: faktaraşdırıcı missiyanı qəbul etməyəcəyini elan edir, digərlərindən insan hüquqlarının bu cür alətə çevrilməsini qəbul etməməyi və üzvlərdən qətnamənin əleyhinə səs verməyi xahiş edir”, Noyman deyib.

“Human Rights Watch” təşkilatının əməkdaşı Lotte Leyx isə İran hökumətini etirazçılara qarşı ifrat güc tətbiqində ittiham edib.

“İranın etiraz himnini dinləyin və sadəcə təməl hüquqlara, ləyaqətə və azadlığa hörmətdə israr etdiklərinə görə rejim tərəfindən həbs edilmiş, işgəncələrə məruz qalmış, itkin düşmüş və öldürülmüş inanılmaz dərəcədə cəsur qadınlar, kişilər və uşaqların yanında olun. Bu hüquqlar çoxlarının təbii qəbul etdiyi insan hüquqlarıdır”, - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Etiraz   Aksiya  


Bizi "telegram"da izləyin