Hərbi Dəniz Qüvvələrində ixtisaslar üzrə yarışlar keçirilib - FOTOLAR

2022/11/2c45f-5007881163.jpg
Oxunub: 235     17:23     24 Noyabr 2022    
Müdafiə nazirinin təsdiq etdiyi illik döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində "Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır" devizi altında ixtisaslar üzrə birinciliklər keçirilib. Hərbi hissələrdə döyüş və mənəvi-psixoloji hazırlığı yüksəltmək məqsədilə keçirilən belə yarışların, həmçinin, bu mahiyyətli müsabiqələrin əhəmiyyəti son dərəcə mühümdür. Bu kimi yarışları keçirməklə matroslar da, miçmanlar da, zabitlər də yiyələndikləri ixtisas üzrə peşəkarlığını artırırlar.

İkinci dərəcəli kapitan İlhami Quliyev dedi ki, Hərbi Dəniz Qüvvələrində şəxsi heyətin döyüş və mənəvi hazırlığının yüksəldilməsi məqsədilə təlim və tədris məşğələləri də keçirilir. Əslində, "Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır" devizi ilə keçirilən yarış və müsabiqələr həmin təlimin tədris edilənlərin şəxsi heyət tərəfindən necə mənimsənildiyinin məntiqi sonluğudur. "Ən yaxşı şturman döyüş hissə komandiri", "Ən yaxşı elektromexanika hissəsinin komandiri", "Ən yaxşı ictimai-siyasi qrupun rəhbəri", "Ən yaxşı gəmi", "Ən yaxşı aşpaz", "Ən yaxşı rabitə döyüş hissəsinin komandiri" və başqa ixtisaslar üzrə dənizçilər yiyələndikləri bilik və bacarıqlarını ustalıqla nümayiş etdiriblər.


Hərbi dənizçilər yiyələndikləri ixtisası daha mükəmməl öyrənməyə çalışırlar. Onlar müntəzəm olaraq döyüş gəmiləri ilə Xəzər sularına çıxır, döyüş atışlı təlimlər keçirlər. Döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirmək onların başlıca məqsədləri olur.

Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərinin heyətləri verilən tapşırıqların öhdəsindən həmişə layiqincə gəliblər.

İxtisaslar üzrə keçirilən yarış və müsabiqələrin başlıca məqsədi döyüş hazırlığını daha da artırmaqdır. Belə ki, bu müsabiqələr fərdi və qrup şəklində ixtisaslara mükəmməl yiyələnmə vasitəsidir. Eyni zamanda, belə müsabiqələr qalib gəlmə kimi yüksək iradi keyfiyyət formalaşdırır. Bu müsabiqə və yarışlarda yüksək yer tuta bilməyənlər növbəti yarışlara daha ciddi hazırlaşmaqla birinciliyi əldə etməyi qarşılarına məqsəd qoyurlar.

Hərbi dənizçilər həm də yaxşı bilirlər ki, yiyələndikləri ixtisasları nə qədər dərindən öyrənsələr, döyüş atışlı təlimlərdə və ya döyüşlərdə daha böyük uğurlar qazanacaqlar. Bu ilin nəticələrinə əsasən "Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır" devizi altında keçirilən yarış və müsabiqələrin qalibi döyüş gəmiləri dəstəsi oldu.


Bəxtiyar Əliyev"Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin