İşçilərin istirahət və asudə vaxtının səmərəli təşkili həmkarlara xas ənənələrin inkişaf etdirilməsinə zəmin yaradır

2022/11/dbf1d-3338587188.jpg
Oxunub: 146     15:21     25 Noyabr 2022    
8 Noyabr - Zəfər Gününün ikinci ildönümü münasibətilə Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və "Təhsil" Respublika İdman Mərkəzinin Bakı 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə şahmat turniri keçirildi. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni oxundu.

Sağlam və gərgin mübarizə əzmində keçən turnirdə Müdafiə Nazirliyinin idarə, bölmə və xüsusi təyinatlı təhsil müəssisələrində çalışan mülki işçilər güclərini sınadılar. Turnirin sonunda Hərbi Nəşriyyatın işçisi Elman Səfərəliyev 3-cü, Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Elbrus Kəlbiyev ikinci, Mirzeynal Hacıyev isə birinci yerə layiq görüldü.

Qaliblərin və iştirakçıların mükafatlandırılma mərasimində çıxış edən Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Zakir Müslümov 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. "Bu il Vətən müharibəsində qazanılan tarixi zəfərimizin ikinci ildönümünü qeyd edirik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz 44 günə düşmən üzərində möhtəşəm qələbə qazandı. Otuz ilə yaxın işğalda olan torpaqlarımız azad olundu. Böyük Qələbə bütün dünyada hərbi gücümüzün, qüdrətimizin, Azərbaycan əsgərinin cəsarətinin, igidliyinin, qəhrəmanlığının, Azərbaycanın haqq səsinin rəmzinə çevrildi. Həmçinin bu qələbə dövlət, xalq, ordu birliyinin yenilməzliyinin göstəricisi oldu. Kollektivimiz adından bu tarixi, möhtəşəm zəfəri xalqımıza yaşadan hərbçilərimizə təşəkkürümüzü bildirir, şərəfli xidmətlərində uğurlar arzulayırıq. Bu müqəddəs yolda canından keçən igidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, ailələrinə və yaxınlarına səbr, qazilərimizə şəfa diləyirik".


Çıxışını davam edən komitə sədri mədəni-kütləvi idman tədbirlərinin lazımi səviyyədə təşkilinin işçilər arasında işgüzar mühitin daha da yaxşılaşdırılmasına xidmət etdiyini vurğuladı. Hərbi hissə və müəssisələrdə çalışan Həmkarlar İttifaqı Komitəsi üzvlərinin hüquq və maraqlarının müdafiəsinin qorunmasını, sosial rifah halının yaxşılaşdırılmasını daim diqqətdə saxlayan və bu tədbirlərin ərsəyə gəlməsində onlara yaxından köməklik göstərən Müdafiə naziri general-polkovnik Zakir Həsənova və nazirliyinin digər rəhbər heyətinə komitə adından minnətdarlığını bildirdi.

Digər çıxış edənlər Müdafiə Nazirliyi sistemində çalışan mülki işçilərin istirahət və asudə vaxtının səmərəli təşkilinə xidmət edən belə tədbirlərin işçilər arasında mənəvi birliyin möhkəmləndirilməsinə zəmin yaratdığını qeyd etdilər. Bildirdilər ki, mədəni-kütləvi və idman tədbirlərinin maraqlı keçirilməsi həmçinin, kollektiv üçün əsl bayram, həqiqi istirahət, sağlam həyat deməkdir və belə tədbirlərin təşkili bizim əsas funksiyalarımızdan biri olaraq, fəhlə və qulluqçuların birgə fəal istirahətinin təşkilində əhəmiyyətli rol oynayır, sağlam mühit formalaşdırır, xoş əhval-ruhiyyə aşılayır.

Təbriklər dinlənildikdən sonra qaliblər və iştirakçılar diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırıldı. Sonda xatirə şəkli çəkdirildi.

Mahmud Möhbaliyev "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəfər-Günü   Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin