Moskva KTMT əleyhinə bəyanatları Qərbdən sifariş kimi dəyərləndirir

2022/11/photo-1669289277.jpg
Oxunub: 281     19:55     24 Noyabr 2022    
KTMT 1992-ci ildə Özbəkistanın paytaxtında MDB-nin hərbi komponenti kimi yaradılıb. Hamı başa düşürdü ki, bunun Moskva üçün praktikada olduğundan daha çox simvolik mənası var.

SSRİ dağılandan sonra keçmiş SSRİ ərazisində böyük siyasi “boşluq” yaranmışdı, onu başqa mərkəzlər “doldura” bilərdi. Həmin “boşluğu” doldurmaq üçün Moskva öz spesifik problemlərini həll etmək üçün KTMT-ni yaratdı. Postsovet məkanında mərkəzdənqaçma prosesləri davam edəndə bir sıra ölkələr KTMT-dən çıxdı. 1999-cu ildə Azərbaycan, Gürcüstan və Özbəkistan artıq KTMT-nin əsasını təşkil edən müqaviləni uzatmaq niyyətində olmadıqlarını elan etdilər. Daha sonra Moldova və Ukrayna da strukturu tərk edib.

Hazırda KTMT-nin nizamnaməsi o qədər qeyri-müəyyəndir ki, simvolik roldan başqa, praktikada həmin strukturdan gözləntilər aydın deyil. Məsələn, Ermənistan-Azərbaycan toqquşmaları zamanı bu strukturun natamamlığı hamıya aydın oldu. Tacikistanla Qırğızıstan arasında münaqişə yarananda da eyni şey oldu. Burada yenə heç kim müdaxilə edib hər iki tərəfə dəstək vermək istəmədi.

İndiki Rusiya-Ukrayna müharibəsində Rusiya ərazisi də bir neçə dəfə bombalanıb və həmin strukturun müqaviləsinə əsasən, KTMT-nin digər üzvləri Rusiyaya dəstək verməlidir. Həmin ölkələr hətta siyasi müstəvidə bunu etmədilər.

Moskvaya siyasi dəstək verən yeganə ölkə Belarusdur, lakin hətta bu ölkənin prezidenti Aleksandr Lukaşenko da öz qoşunlarını Ukraynaya göndərməyə hazır deyil. Bütün bunlar bir daha onu göstərir ki, KTMT tamhüquqlu hərbi struktur kimi yaradılmayıb və onun nə vaxtsa yaradılıb-yaradılmayacağını söyləmək belə çətindir.

KTMT-nin mövcudluğu Moskva üçün ən vacib məsələlərdən biridir. İndiki şəraitdə onun imicinin azalması kontekstində və İrəvanda KTMT ilə bağlı ictimai bəyanatlar səsləndiriləndə Moskva bütün bunları Qərbdən sifariş kimi dəyərləndirir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin