İran Mərkəzi Asiyadakı hansısa KTMT üzvünə təhdid yaratsa, Ermənistan nə edəcək? – BAXIŞ BUCAĞI

2022/11/10534-1669288978.jpg
Oxunub: 295     19:11     24 Noyabr 2022    
Rusiya Federasiyası Dövlət Dumasının yuxarı palatasının sədr müavini Konstantin Kosaçevin Ermənistanla Azərbaycan arasında müharibənin KTMT-nin yurisdiksiyasına aid olmadığını bildirməsi Ermənistanda böyük reaksiya və səs-küyə səbəb olub. Ermənistan faktiki olaraq KTMT-nin üzvüdür, Azərbaycan isə deyil. KTMT isə öz üzvlərinin təhlükəsizliyini təmin etməli olan hərbi-siyasi blokdur. Məntiqlə Ermənistan-Azərbaycan toqquşmasında KTMT birincinin yanında olmalıdır.

Lakin bu məsələyə reallıq nöqteyi-nəzərindən baxmaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda dediyi kimi, KTMT daxilində Azərbaycanın Ermənistandan daha çox dostu var.

Əslində, KTMT-nin bütün proseslərdə üzvlərinə dəstək olması, yəni “işləməsi” Ermənistanın da marağında deyil. Məsələn, sabah Mərkəzi Asiya KTMT üzvlərindən hər hansı birinin həmin regionda hər hansı dövlətlə problemi olarsa, bunun məsuliyyətini Ermənistan öz üzərinə götürəcəkmi? Ya da İran Mərkəzi Asiyadakı hansısa KTMT üzvünə qarşı təhdid yaratsa, Ermənistan onu dəstəkləyəcəkmi? Cavab birmənalı olaraq “Yox”dur. Belə olan halda sual yaranır ki, Ermənistanın KTMT-yə nə ehtiyacı var?

Başa düşmək lazımdır ki, KTMT formal olaraq hərbi-siyasi blok olsa da, faktiki olaraq Rusiyanın postsovet məkanına təsir mexanizmidir və Ermənistan həmin təşkilatda üzvlüyünə qarşı çıxa bilmir. KTMT əsl kollektiv təhlükəsizlik sazişi deyil, Rusiya ilə onun üzv dövlətləri arasında ikitərəfli münasibətlərin alətlərindən biridir, müəyyən geniş əhatəli mexanizmdir.

KTMT-nin güclü ideoloji bazası yoxdur. Əmin olmaq olar ki, təşkilatın Rusiyadan başqa digər üzvləri ilk fürsət tapan kimi KTMT-ni tərk edəcək.

Aqil Məmmədov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan   İran  


Bizi "telegram"da izləyin