“Moskva Ermənistana o dərəcədə kömək edəcək ki, Azərbaycanı qıcıqlandırmayacaq" - Tarasov

2021/10/maxre-1634118302.jpg
Oxunub: 506     16:33     24 Noyabr 2022    
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin noyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında 2022-ci il oktyabrın 31-də Soçidə əldə olunmuş razılaşmaların, eləcə də üç ölkənin yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki olaraq icrası məsələləri nəzərdən keçirilib. Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin olunması və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpa edilməsi üzrə üçtərəfli formatda işin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Rusiyalı politoloq Stanislav Tarasovun fikrincə, Ermənistanda keçirilən KTMT iclasından əvvəl Putinin İlham Əliyevlə telefon danışığı aparması, baş nazir Mişustinin Bakıya səfəri təsadüfi deyil.

“Bu, KTMT-nin qərarından asılı olmayaraq, Rusiyanın Bakının mümkün əsəbi reaksiyasını neytrallaşdırmağa çalışdığını göstərir. Ermənistanın real yardım gözləməsindən asılı olmayaraq, KTMT böyük ehtimalla kompromis qərar qəbul edəcək. Təbii ki, müəyyən köməklik olacaq, amma gözlənilən qədər radikal deyil. Çox güman ki, bu, tərəfləri narahat etməyən kompromis qərar olacaq. Bunun Ermənistanı qane edib-etmədiyini söyləmək çətindir, amma hər halda Azərbaycanı qıcıqlandırmayan dərəcədə olacaq”, - deyə o bildirib.

Tarasov qeyd edir ki, Moskva üçün Bakını qıcıqlandırmamaq vacibdir. “Ona görə də Moskva kompromis qərar verir, heç bir tərəfin “hücum”una məruz qalmamasına çalışır. Hələlik belədir. Təbii ki, nə qədər belə davam edəcəyini demək çətindir. Ermənistan ərazisində hərbi bazası və Azərbaycanda sülhməramlıları olsa da, Moskva kifayət qədər neytral mövqe nümayiş etdirir. Yəni formal olaraq KTMT üzvü kimi bizim Ermənistanda hərbi bazamız var, sülhməramlılarımız isə Azərbaycan ərazisində yerləşir. Bu qərarın KTMT ilə heç bir əlaqəsi yoxdur və bizim necə hərəkət etməyimiz çox böyük problemdir. Nə edək, müşahidəçilər göndərək, amma artıq ATƏT və Avropa İttifaqının müşahidəçiləri var? O halda məlum olacaq ki, digər müşahidəçilər arasında KTMT müşahidəçiləri də var. İndiyə qədər biz kompromis bəyanatla çıxış etməyə çalışırıq, nə Ermənistan, nə də Azərbaycanla münasibətləri korlamaq istəmirik. Ona görə də Moskva vasitəçi rolunu qoruyub saxlamağa çalışır, bu, işləyəcəkmi, çətin sualdır”, - deyə Tarasov bildirib.

Rus politoloq İlham Əliyevin Azərbaycanın KTMT-də Ermənistandan daha çox müttəfiqinin olması ilə bağlı fikirləri ilə razılaşır: “Formal olaraq bu, tam olaraq belədir və paradoksdur. Mən hərbi komponenti nəzərdə tutmuram. Azərbaycan KTMT-nin üzvü olmadığı üçün həmin strukturun üzvləri ilə daha sıx əlaqələr qura bildi. Bu, geosiyasət deyil, qarşılıqlı iqtisadi maraqdır və üzvlər o maraqları Ermənistana qurban verməyəcəklər. İkincisi, Azərbaycanın üstünlüyü var, çünki pulu var, neft və qaz satır”.

KTMT Ermənistanın dövlətçiliyinə zəmanət verirmi sualına cavabında politoloq belə deyib: “Əlbəttə, formal olaraq, bəli və bu, faktdır. Konkret vəziyyətdə KTMT artıq qeyd etdiyim kimi davranacaq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin