Fransa, Almaniya və İspaniya “Gələcəyin Döyüş Təyyarələri” layihəsində növbəti mərhələyə keçir – SCAF nədir?

2018/08/456_1533112099.jpg
Oxunub: 536     18:26     25 Noyabr 2022    
Fransa, Almaniya və İspaniya təxmini dəyəri 100 milyard avrodan çox olan və Avropanın ən böyük müdafiə layihəsi hesab edilən “Gələcəyin Döyüş Təyyarələri” (Systeme de Combat Aerien du Futur - SCAF) layihəsinin növbəti mərhələsinə başlayırlar.

Layihənin sənaye tərəfdaşları olan “Dassault Aviation”, “Airbus Defence and Space” və “Indra” şirkətlərinin əldə etdiyi razılığa əsasən, yeni təyyarələr “Dassault” tərəfindən istehsal edilən “Rafale” və “Airbus” tərəfindən istehsal olunan “Eurofighters” təyyarələrini əvəz edəcək.

SCAF Layihəsi 2017-ci ildə Fransa prezidenti Emmanuel Makron və daha sonra Almaniya kansleri Angela Merkel tərəfindən Böyük Britaniyanın Aİ-ni tərk etdiyi və miqrant böhranı yaşandığı bir vaxtda başladılıb. Uzun müddətdir istehsalçılarla Almaniya və Fransa arasında gərginlik yaradan layihədə danışıqlar aprel ayından etibarən dalana dirənib.

Keçən ay Emmanuel Makron müdafiə və enerji layihələri də daxil olmaqla bir sıra məsələlərdə Berlinlə fikir ayrılıqları fonunda Fransa-Almaniya Nazirlər Kabinetinin iclasını ləğv etdi. Sonra Almaniya kansleri Olaf Şolts Parisə gələrək böhran yaradan məsələləri müzakirə edib.

Anlaşmazlığın əsasını bilik və texnologiyanın bölüşdürülməsi təşkil edir. Fransanın “Dassault” şirkəti də ən əvvəldən rəqib “Airbus” ilə anlaşmazlıq içərisindədir. Aviasiya nəhəngi “Dassault” müəyyən texnologiyaların paylaşılmasının uzunmüddətli perspektivdə onun üçün təhlükəli olacağından və böyük bir Avropa konsorsiumunun ailə biznesi olan “Dassault”u udacağından qorxur.

İlk açıqlama Almaniyadan oldu

Uzun müddət dalana dirənmiş SCAF layihəsinin növbəti mərhələsinə keçidlə bağlı ilk açıqlama Almaniya Müdafiə Nazirliyindən oldu.

“Gərgin danışıqlardan sonra SCAF üzrə siyasi saziş irəliyə doğru atılmış böyük addımdır və əla Fransa-Almaniya-İspaniya əməkdaşlığının mühüm əlamətidir. Müqavilə Avropanın hərbi potensialını gücləndirir və təkcə bizim üçün deyil, həm də Avropa sənayesi üçün vacib nou-hauya zəmanət verir”, - deyə Almaniya müdafiə naziri Kristin Lambrext bildirib.

Berlindən sonra Yelisey Sarayının razılaşma ilə bağlı bəyanatında yalnız razılaşmadan məmnunluq ifadə edilib və qeyd edilib ki, SCAF Layihəsi irəliyə doğru böyük bir addımdır.

1. SCAF nədir?

SCAF sadəcə bir təyyarə deyil, o, PUA-lar da daxil olmaqla doqquz “texnoloji sütundan” ibarət və bir-biri ilə əlaqə qura bilən nəhəng sistemdir. Sistem bir sıra yeni nəsil silahlar və PUA-larla təchiz edilmiş “növbəti nəsil döyüş təyyarəsi” ideyası ətrafında qurulub. Təyyarənin əməliyyatda iştirak edən digər hərbi maşınlarla (quru, hava və dəniz) “döyüş buludu” vasitəsilə əlaqələndirilməsi də nəzərdə tutulur.

2. 6-cı nəsil “Ghost” təyyarəsi nədir?

“Next Generation Fighter” (NGF) 6-cı nəsil təyyarədir. 2040-cı ildən etibarən Fransada istifadə olunan “Rafale” və Alman və İspaniyanın istifadə etdiyi “Eurofighters”in tədricən dəyişdirilməsi hədəflənir. 6-cı nəsil təyyarə “stels” olacaq, yəni radarlar və peyklər tərəfindən aşkarlana bilməyəcək.

Onlar həmçinin “döyüş buludu” sisteminə qoşulacaqlar, bu da idarəetmə mərkəzindən “kəşfiyyat üçün PUA eskadrilyasını idarə etmək” və ya “hücum etmək” imkanı verəcək. Bunun üçün xüsusi təchiz olunmuş kokpit yaradılacaq. Bu qurğular həm də insan köməyi olmadan proqramlaşdırılmış manevrləri yerinə yetirmək imkanına malik olacaq. Bəzi missiyalar hətta uzaqdan idarəetmə və ya süni zəka ilə idarə oluna bilər.

Fransa Müdafiə İnnovasiyaları Agentliyinin silahlanma üzrə baş direktoru Emmanuel Çiva ötən il 6-cı nəsil müdafiə təyyarəsinin prototipini təqdim edib.

3. Layihənin dəyəri nə qədərdir?

SCAF proqramına 100 milyard avro dəyərində vəsait daxildir. Fransa və Almaniya bu bahalı layihəni maliyyələşdirmək üçün 2019-cu ildə İspaniyanı da daxil edib. Üç ölkə 2021-ci ildə nümayiş platformasının tikintisi üçün 3,6 milyard avro dəyərində müqavilə imzalayıb.

Fransa Müdafiə Nazirliyi 2019-cu ildə digər Avropa ölkələrinin də bu üçlüyə qoşulmaq istədiyini bildirmişdi. Belçikanın “L'Echo” biznes qəzetinin məlumatına görə, Brüssel hökuməti aviasiya sənayesinin təzyiqi ilə bu layihədə iştirak etmək üçün müraciət edib. Bununla belə, Belçika mətbuatının yazdığına görə, Fransanın “Rafale” qırıcı təyyarələrinin istehsalçısı “Dassault Aviation” Brüsselin Amerikanın F-35-lərini almasından sonra qapını belçikalıların üzünə bağlayıb.

Lakin Amerikanın “Lockheed Martin” şirkəti ilə 35 ədəd F-35 almaq üçün müqavilə imzalayan Almaniyaya eyni münasibət göstərilməyib. Bundan başqa, təkcə Almaniya deyil, 11 Avropa ölkəsi də müdafiə qüvvələrini Amerika döyüş təyyarələri ilə təchiz etməyə qərar verib.

4. Təqvim

2017-ci ildə Makron və Merkel tərəfindən imzalanan layihənin 2040-cı ildə fəaliyyətə başlaması gözlənilir. Bununla belə, proqramın ilk imzalanmasında 2025-ci ildə istehsalına başlanılması və ilk yeni tipli 6-cı Nəsil döyüş təyyarəsinin 2027-ci ildə havaya qalxması nəzərdə tutulurdu. Ancaq son üçtərəfli razılaşmada təyyarələrin 2040-cı ildə təslim ediləcəyi bildirilib.

Mütəxəssislər bu müddətin kifayət edəcəyinə əmin olmadıqlarını deyirlər. “Dassault Aviation”ın müdiri Erik Trappier ən azı daha 10 il lazım olduğunu və ilk təyyarələrin 2050-ci ildə təhvil verilə biləcəyini söylədi.

5. SCAF-ın rəqibləri kimlərdir?

SCAF layihəsinin hətta Avropada da çoxlu rəqibləri var. “Tempest” adlı layihə çərçivəsində İngiltərə, İtaliya və İsveç əməkdaşlıq edir. Keçən iyul ayında London ilk nümayiş modelinin 5 ildən sonra uçmağa hazır olacağını açıqlamışdı. Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, “Tempest” təyyarələri 2035-ci ildən etibarən Kral Hərbi Hava Qüvvələrini təchiz edəcək.

Avropa istehsalçılarına qarşı Çin, ABŞ, Hindistan, Yaponiya, Tayvan və Rusiya da yeni nəsil döyüş təyyarələri üzərində işləyir. İstehsalçı dövlətlər arasında tam hərbi və texnoloji yarış, əslində isə şiddətli informasiya müharibəsi gedir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   İspaniya   İtaliya  


Bizi "telegram"da izləyin