Avropa İttifaqı ölkələri müdafiə xərclərini 70 milyard avro artıracaq

2022/11/1667465738.jpg
Oxunub: 153     16:01     25 Noyabr 2022    
Avropa İttifaqı ölkələri müdafiə qabiliyyətlərindəki çatışmazlıqları aradan qaldırmaq üçün 2025-ci ilə qədər müdafiə xərclərini 70 milyard avro artıracaq.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Təhlükəsizlik Siyasəti və Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cozef Borrel bildirib.

O, ittifaqın müdafiə nazirlərinin iclasında Avropa Komissiyasının “Covid-19” peyvəndlərində olduğu kimi birgə silah alışı üzərində işlədiyini qeyd edib.

Jurnalistlərə açıqlama verən Borrel burada vacib olanın bazarı bölmək və rəqabətin qarşısını almaq üçün birlikdə hərəkət etmək olduğunu vurğulayıb.

“Biz peyvəndlərlə baş verənlərin qarşısını almalıyıq. Hər kəs birlikdə hərəkət edərsə, daha yaxşı qiymətə, daha keyfiyyətli və daha az vaxtda alış-veriş edə bilərik”, - Borrel bildirib.

Bəzi ekspertlər onsuz da çox bölünmüş bir bazarda qaydalar tam müəyyən edilmədən yeni silah alış cəhdinin qurulmasının bazarın daha da nizamsız olmasına səbəb olacağını iddia edirlər.

Xüsusilə, Ukraynaya silah dəstəyi verən ölkələrin mərmi, minaatan və bəzi raketlər kimi əsas sursat və texnika ehtiyatları azalıb.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutundan Pieter Vezeman bildirib ki, bu sahələr birgə satınalmaların diqqət mərkəzində olacaq.

“Güllə kimi çox standart avadanlıqlarda qiymətdən daha çox kəmiyyət ön plana çıxır. Belə sahələrdə belə bir müştərək müəssisə məna kəsb edə bilər və NATO daxilində bunun yaxşı nümunələri var”, - deyə Vezeman bildirib.

Bununla belə, döyüş təyyarələri, gəmilər və tanklar kimi daha böyük layihələrə gəlincə, Vezeman keçmişdə bir çox ortaq satınalma təşəbbüslərinin olduğunu və əksəriyyətinin uğursuzluğa düçar olduğunu vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-İttifaqı  


Bizi "telegram"da izləyin