Balkanların 48 saatlıq bombası – Kosovo partlayışı “presedent” yarada bilər

2018/08/Снимок_1533626825.png
Oxunub: 1910     15:40     23 Noyabr 2022    
Kosovonun baş naziri ABŞ-ın bu ölkədəki səfirinin təkidi ilə Serb əhalisinin avtomobillərinin nömrələrini Kosovo nömrələri ilə əvəz etmədiyinə görə cərimələnməsini 48 saat təxirə salıb. O, səfirin xahişini yerinə yetirdiyini və 48 saat ərzində həll yolunun tapılacağına ümid etdiyini bildirib.

Bundan bir neçə saat əvvəl Aİ-nin təhlükəsizlik və xarici işlər üzrə ali nümayəndəsi Cozef Borrel, eləcə də ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays Kosovodakı gərginliklə bağlı narahatlığını bildiriblər. Onlar vəziyyətin gərginləşməsinə görə hər iki tərəfin, Kosovo və Serbiya hökumətinin məsuliyyət daşığını, problemi həll etmək üçün hər iki tərəfə güzəştə getməli olduqlarını bildiriblər.

Məsələ burasındadır, Kosovoda yaşayan on minlərlə serb əsilli əhali Serbiya nömrələrindən istifadə edir. Kosovo onların yerli nömrələrlə dəyişdirilməsini tələb edir, əks halda onlar cərimələnəcək. Serblər bu tələbi qəbul etmirlər. Onlar Belqrad tərəfindən dəstəklənir. Yayda vəziyyət o qədər gərginləşdi ki, Serbiya prezidenti Vuçiç ordunu döyüş əməliyyatlarına hazırlaşmağa çağırıb. Qərar təxirə salınaraq məsələ son anda həll olundu. Lakin problemin həlli ilə bağlı razılıq əldə olunmadı.

ABŞ və Avropa İttifaqı Kosovo və Serbiyanın razılığa gəlməməsindən təəssüfləndiklərini bildiriblər. Borel NATO-nun baş katibi Stoltenberqlə əlaqə saxlayıb. NATO Kosovoda sülhməramlı missiya həyata keçirir. Stoltenberq əmin edib ki, sülhməramlı kontingent ayıq-sayıq vəziyyətdədir. Bununla belə, Balkanlar kifayət qədər “partlayıcı” vəziyyətlə üzləşib və növbəti 48 saat ərzində həll yolu tapmaq cəhdinin nə dərəcədə təsirli olacağını, Kosovonun nəyi, Serbiyanın nəyi qəbul edəcəyini söyləmək çətindir.

Şübhə yoxdur ki, Balkanlardakı gərginlik Ukrayna müharibəsi səhnəsindən “çıxan” ümumi geosiyasi qarşıdurmanın nəticəsidir. Balkanlarda bu aktorların maraqları toqquşur. Vəziyyət başqa mənada diqqəti çəkir. Bu, Kosovo probleminin bütövlükdə həll edilmədiyini, əksinə idarə olunduğunu göstərir. İndi isə beynəlxalq sistemin idarə olunmasında böhran olduğu üçün problem yenidən yerli nəzarətdən kənara çıxmaq və münaqişə ocağına çevrilmək təhlükəsi yaradır. Bu, qətiyyən o demək deyil ki, tam olaraq müharibə olacaq, amma riskin olduğu göz qabağındadır və Avropa İttifaqının və ABŞ-ın verdiyi bəyanatların tonu buna sübutdur. Türkiyə prezidenti Ərdoğan 2022-ci ilin sentyabrında regiona səfər edib. Türkiyənin Balkanlardakı fəaliyyəti təbii olaraq Avropa İttifaqını, xüsusən də kontinental Avropada liderliyə iddialı olan Fransa və Almaniyanı böyük narahat edir. İtaliya da buna biganə qala bilməz, ancaq Romanın Türkiyə ilə bağlı başqa gözləntiləri var. İtaliya Türkiyənin yeni yaradılmış qaz qovşağı vasitəsilə Avropaya gedən enerji daşıyıcılarının “qapı”sı olmaq istəyir. Moskva Türkiyənin Balkanlardakı fəaliyyətini Rusiya-Türkiyə münasibətləri və işin məntiqi kontekstində nəzərdən keçirəcək.

Balkanlarda Kosovodan “tüstü” qalxır. Bu, tüstüdən sonra yanğın başlaya bilər. Bu, onu göstərir ki, bu cür münaqişələr praktiki olaraq nizamlanmaya deyil, idarəetməyə tabedir. Kosovo bu mənada bəlkə də Ermənistan-Azərbaycan üçün “presedent”dir. Habelə təsadüfi deyil, Prezident İlham Əliyev Albaniyadan sonrakı səfərini Serbiyaya edir.

Ermənistan bu münaqişədən dərs götürməli, təxribatlardan əl çəkməli və sülh müqaviləsini imzalamalıdır.

Asif Cəfərov 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kosov   Balkan-yarımdası  


Bizi "telegram"da izləyin