İran PUA-larının 76 komponenti ABŞ-da yerləşən 14 şirkətdən alınıb? – Rusiyanın açar silahı (ANALİZ)

2022/11/1668518280.jpg
Oxunub: 3672     16:04     16 Noyabr 2022    
Rusiya hərbi strategiyasının Ukraynanın kritik infrastrukturuna hücuma başlamasından sonra İran istehsalı Pilotsuz Uçuş Aparatları (PUA) Kremlin müharibə səylərinin açarına çevrilib.

Oktyabr ayında tətbiqi genişləndirilən “Şahed-136” və “Şahed-131” modelləri mülki binaları hədəf almaq üçün istifadə edilib və ölkənin elektrik stansiyalarının təxminən üçdə birinə ziyan vurub. Tehran aylardır Rusiyaya PUA-lar verdiyini təkzib edib, müharibədə neytrallığını vurğulayıb. Lakin noyabrın 5-də İranın Xarici İşlər naziri ilk dəfə olaraq avadanlığın satıldığını etiraf edib, transferin tammiqyaslı işğal başlamazdan əvvəl baş verdiyini vurğulayıb.

Prezident Volodimir Zelenskinin sözlərinə görə, Moskva “kamikadze” adlanan 2400-dən çox PUA sifariş edib.

Onların çoxu eyni vaxtda müxtəlif istiqamətlərdən, cənubdan və Belarusdan buraxıla bilər. Radarlara az görünən PUA-lar Dnepr çayının yatağına yaxın ərazilərdən buraxılırlar. Rusiya bunu Rusiya ərazisindən, xüsusilə Kursk və Bryansk vilayətlərindən, Qara və Xəzər dənizindən qanadlı raketlərin buraxılması ilə birləşdirib.

Əsas məqsəd Ukraynanın hava hücumundan müdafiə sistemlərini həddən artıq yormaq və sistemlərin operatorlarının sadəcə olaraq yükün öhdəsindən gələ bilməməsi üçün hava hədəflərinin “qabarması”nı yaratmaqdır.

Ukrayna ordusunun Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri Hnat bildirib ki, Ukrayna aviasiya, zenit raketləri və iri çaplı pulemyotlar, eləcə də elektron döyüş sistemlərindən istifadə edərək PUA-ların təxminən 85 faizini vurub. Bunun əksinə olaraq, adi raketlərin vurulmasında müvəffəqiyyət nisbəti təxminən 65 faiz təşkil edir.

Bununla belə, bu sahədə xərc balanssızlığı Ukraynaya qarşı sayılır. Hər üçbucaq formalı “Şahed-136”nın qiyməti 30.000 ABŞ dollarına qədərdir, bu da rusların birdən çoxunu göndərməsini sərfəli edir, Ukrayna qüvvələri isə onları vurmaq üçün daha bahalı hava hücumundan müdafiə raketlərindən istifadə edir.

SƏRT SANKSİYALAR

Kremlin beynəlxalq təcrid olunması onu yeni müttəfiqlər axtarmağa vadar edib. Sərt sanksiyalar Rusiya ordusunun fəaliyyətinə təsir edən əsas malların, o cümlədən silah hissələrinin idxalını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Fevralın 24-dən bəri Moskva minlərlə bahalı ballistik və qanadlı raketlərdən hərbi sənayesinin dəstəkləməkdə çətinlik çəkdiyi sürətlə istifadə edib.

Analitiklər qeyd ediblər ki, Rusiya prezidenti Vladimir Putinin iyulun 19-da İrana səfəri yeni ittifaqların bağlanması zərurətindən xəbər verir.

Kiyevdə yerləşən “Defense Express” konsaltinq şirkətinin hərbi analitiki İvan Kırıçevski bunun hər iki tərəfə uyğun olacağını bildirib.

“Tehran da Moskva kimi beynəlxalq təcriddədir, Yaxın Şərq regionunda siyasi ambisiyaları var, həmçinin ABŞ-la qarşıdurmadadır”, - deyə o, Rusiyanın Xəzərdəki donanmasını köçürməyə məcbur olduğunu qeyd edib.

Xəzəryanı regionda mövqelərini təslim edən Moskvanın Tehran kimi yeni müttəfiqi var.

Əlaqələr dərinləşə bilər, lakin onlar yeni deyil. İllərdir Moskva və Tehran nüvə enerjisi, silahlar və Moskvanın səs verdiyi sanksiyalar da daxil olmaqla, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarından yan keçmək üçün tədbirlər üzərində birgə işləyirlər.

Kəşfiyyat məlumatları göstərir ki, Moskva 2000-ci illərdən bəri Tehrana silah, o cümlədən hava hücumundan müdafiə sistemləri üçün raketlər və sair tədarük edir. İndi Rusiya Federasiyası İran silahlarının əsas alıcısına çevrilib.

Hər iki ölkə Qərblə qarşıdurmada dövlətlər oxunun formalaşmasında maraqlıdır. Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun açılış nitqində Putin “Qərbin sanksiya qızğınlığına, digər ölkələrə davranış modelləri tətbiq etməyə, onları suverenliklərindən məhrum etməyə və öz iradələrinə tabe etməyə həyasız, aqressiv cəhdi ilə” meydan oxudu.

ƏHƏMİYYƏTLİ SİLAHLAR

Ukrayna bu cür kiçik ölçülü hava hədəflərinə effektiv şəkildə müqavimət göstərmək üçün intensiv işləyir. Qərb tərəfdaşları PUA ilə onun idarə olunduğu peyklər arasında əlaqəni kəsən radarlar və qarışdırma sistemləri də daxil olmaqla kritik hava hücumundan müdafiə sistemləri təchiz edir. Kiyev Vaşinqtondan PUA-ları izləyən radar və onları vurmaq üçün raket, artilleriya və minaatan hücumlarının qarşısını almaq məqsədilə istifadə olunan C-RAM kimi mobil hava hücumundan müdafiə sistemlərini tədarük etməyi xahiş edib.

Zelenski bildirib ki, Rusiya artıq təxminən 2400 “Şahed-136” və “Şahed 131” modelləri alıb və həmçinin uzun mənzilli “Araş-2” PUA-ları, eləcə də qısa mənzilli “Fateh-110” və “Zülfiqar” ballistik raketləri ala bilər.

Tehrandan artan silah tədarükü, şübhəsiz ki, Rusiyanın kadr, texnologiya və idarəetmə baxımından resurs çatışmazlığından xəbər verir. Lakin bu ballistik raketlər S-300 və ya “İskəndər” kimi təhlükəlidir.

Moskva indi “İskəndər”dən çox az istifadə edir, çünki onların hər biri on milyon dollara başa gəlir.

Tehran və Moskva həmçinin əlavə silahların, o cümlədən 500 kilometrə qədər atəş məsafəsinə malik “Şahab-2” ballistik raketinin ötürülməsi üçün danışıqlar apara bilər. Bu raket “Elbrus” raket kompleksi üçün istifadə edilən “Skad” raketinin surətidir.

Analitiklər bu ittifaqın yaratdığı riskləri lazımınca qiymətləndirməmək barədə xəbərdarlıq edirlər. Ukrayna üçün bu, hərbi təhdidlərin və arxa cəbhənin dərinliklərində yerləşən obyektlərə, xüsusilə kritik infrastruktura zərbələrin kəskin artması deməkdir. Qərb üçün bu, İranın köməyi ilə bəzi sanksiyaların nəticələrindən yan keçə biləcək Rusiya Federasiyası ilə gələcək qarşıdurma deməkdir. PUA-ların təhlili göstərib ki, Vaşinqtonun Tehrana qarşı sanksiyalarına baxmayaraq, onların 76 komponenti ABŞ-da yerləşən 14 şirkətdən alınıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya   PUA  


Bizi "telegram"da izləyin