Türkiyə-ABŞ münasibətlərində YPG çatları – Suriyada əməliyyatlar başlaya bilər

2018/01/345345345_13645555911.jpg
Oxunub: 991     17:18     15 Noyabr 2022    
Türkiyənin daxili işlər naziri İstanbulun mərkəzində baş verən partlayışla bağlı ABŞ-ın başsağlığına son dərəcə sərt reaksiya verib. Süleyman Soylu ABŞ-ın başsağlığını qəbul etməkdən imtina etdiklərini bildirib. Baş verən terrora görə əslində ABŞ-ı günahlandıran türkiyəli nazir bildirib: “Biz heç vaxt xəyanət etmirik, lakin bundan sonra xəyanətə dözməyəcəyik”.

Bu, birbaşa ittiham deyil, lakin Türkiyə tərəfi terrorun PKK terror təşkilatı və onun Suriyanın şimalında yerləşən qanadı olan YPG tərəfindən həyata keçirildiyini bəyan edib. ABŞ YPG-nin əsas dəstəkçilərindən biridir. Türkiyənin terror hücumunda ABŞ-ı günahlandırması o mənaya gəlir ki, ABŞ əvvəlcədən planlaşdırılan terror aktında xəbərdar olmaya bilməzdi. Vaşinqton bu barədə əvvəlcədən məlumatları ola və müvafiq məlumatları Türkiyəyə ötürə bilərdi.

Qeyd edək ki, Ağ Ev sözçüsü ABŞ-ın terrorla mübarizədə NATO müttəfiqi Türkiyə ilə çiyin-çiyinə olduğunu ifadə edib və Ankaraya başsağlığı verib.

ABŞ və Türkiyə arasında münasibətlərin bu cür gərginləşməsinin bir neçə səbəbi ola bilər. Ankara NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiyanın Türkiyə ilə imzaladığı razılaşmaları yerinə yetirməməsindən narahatdır. İsveç və Finlandiya Türkiyənin tələb etdiyi terrorçuları hələ də Ankaraya təhvil verməyib və daxili qanunvericiliklərinə terror məsələləri ilə bağlı dəyişikliklər edilməyib.

İkincisi Türkiyə Suriyanın şimalındakı terrorçuların fəaliyyətindən narahatdır. Bir neçə ay əvvəl Türkiyənin bu ərazidəki terrorçulara qarşı yeni əməliyyat başladacağı barədə məlumatlar yayılmışdı. Müxtəlif geosiyasi məsələlərə görə əməliyyat təxirə salındı. Suriyada əməliyyatın keçirilməsi planları Rusiya və İran tərəfindən sərt reaksiya ilə qarşılandı. Ancaq qanlı terror aktından sonra Ankara tezliklə Suriyanın şimalında yeni əməliyyata başlaya bilər. Bu həm də Suriyada Rusiya-İran tandeminin təsirini gücləndirməsinə cavab ola bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ABŞ   YPG  


Bizi "telegram"da izləyin