DARPA-dakı çevik tərtibatçılar qrupu ABŞ-ın müharibələrlə mübarizə üsulunu dəyişdirə biləcək “Transformativ Tətbiqlər” (Transformative Apps) adlanan proqram ekosisteminin təməlini qoyub. Bunu hərbçilər üçün tətbiq mağazası kimi hesab etmək olar, burada təklif edilən proqramlar hiper təhlükəsiz mühitlərdə və çox vaxt etibarlı şəbəkə bağlantısı olmadan işləmək üçün nəzərdə tutulub.
DARPA-nın “TransApp” proqramının rəhbəri kimi Doran Miçels istehlakçı smartfon texnologiyasının danılmaz faydasını tətbiq etmək və onu taktiki icma tərəfindən istifadəyə uyğunlaşdırmaq üçün mübarizənin ön cəbhəsində idi. Bu, kiçik bir problem deyil, çünki əsgərlərin böyük əksəriyyəti döyüş meydanında hərəkət etmək üçün hələ də kərpic boyda radiolardan və kağız xəritələrdən asılıdır.
Doran Silikon Vadisinin mülki insanlara satdığı texnologiyanın niyə təhlükəsizlik qüvvələri, xüsusən Əfqanıstanda döyüşən əsgərlər tərəfindən isifadə edilmədiyini belə izah edir: “Bu cihazlar əsasən qoşulduqları şəbəkə də işlədiyi üçün işləyir. O şəbəkəni ləğv etsəniz əlinizdəki mobil telefonlar bahalı kalkulyatordan başqa heç nə olmayacaq. Əgər siz dünyanın ən ucqar ərazilərində və ən çox müharibənin olduğu bölgələrdə təhlükəsiz bir şəbəkə qura bilsəniz, smartfondan istifadə edə bilərsiniz. Bu şəbəkəni qurmaq isə olduqca çətindir”.
Beləliklə, Pentaqon DARPA çətiri altında Transformativ Tətbiqlər proqramını işə saldı. DARPA-nın saytında qeyd edildiyi kimi, “TransApp”ın missiyası yeni innovativ inkişaf və satınalma prosesindən istifadə edərək, hərbi baxımdan müvafiq proqram təminatlarının müxtəlif çeşidini inkişaf etdirməkdir. Cihaz özü, əsasən, gündəlik amerikalıların hər gün istifadə etdikləri ilə eynidir. Əsas fərq onların şəbəkəyə necə bağlanmasındadır. Mülki şəbəkələrə etibar etmək mümkün olmadığından, əsgərlər bir sıra radio və şəbəkə avadanlıqlarından istifadə edərək daim təhlükəsiz şəbəkələr qurmalıdırlar. Müvafiq olaraq, “TransApp” əsgərlərin smartfonları birləşdirə və əsas bağlantı əldə edə biləcəyi bir sistem hazırlayıb. Müvafiq proqramlar, hətta oflayn olduqda belə funksionallığı qorumaq üçün nəzərdə tutulub.
“TransApp” layihəsi 2010-cu ildə dörd il ərzində təxminən 79 milyon dollar büdcə ilə başlayıb. Proqram ilk fəaliyyətinə 2011-ci ildə Əfqanıstanda 3000 sistem ilə start götürüb. Doran proqramın çox müsbət rəy aldığını bildirib. Tətbiqləri sınaqdan keçirən ABŞ qoşunları xüsusi tapşırıqlardan asılı olaraq müxtəlif cihazlardan istifadə edirdilər, lakin Doran deyir ki, hərbçilər əsasən hazır smartfonlara üstünlük veriblər, xüsusilə bu “Samsung” model telefonlara daha çox quraşdırılıb.
O vaxtdan bəri “TransApps” əsgərlərin təlimindən tutmuş Boston Marafonu və Prezidentin İnauqurasiya mərasimində təhlükəsizliyin yaxşılaşdırılmasına qədər hər şey üçün istifadə edilib.
Şəbəkə texnologiyası çox təhlükəlidir və aldatmaq olur. Məsələn, tarixdə belə nümunələr var ki, təyyarənin hərbçilər üzərində uçması ilə süni şəbəkə qurublar və düşmən hərbçilər həmin şəbəkəyə qoşulan zaman onların bütün danışıqları ələ keçirilib. Artıq bunları Pilotsuz Uçuş Aparatları (PUA) ilə də etmək mümkündür.
Tətbiqin daxilində yerləşdirilən proqramlar çox müxtəlifdir. Telefonlarda istifadə edilən xəritə “Google Map”ə bənzəyir, lakin daha çox funksiyası mövcuddur. Xəritə telefonun missiya planlarını tərtib etməkdən tutmuş PUA-ları izləməyə qədər istənilən sayda plaginləri işlədə biləcək bir platforma rolunu oynayır. “TransHeat” adlı proqram əsgərlərin getdiyi yerləri qeyd edir PLI adlanan digər proqram dost atəşi nəticəsində itkilərin qarşısını almaq üçün istifadə olunur. Siyahını davam etdirmək olar. Snayperlər üçün ballistik kalkulyator proqramı, həmçinin WAM adlı silah və sursat üçün ümumi bələdçi var. “Debrief” missiya hesabatlarını tez tərtib etməyi asanlaşdırır. Digər bir proqram personalın və inventarın uçotunu aparır. “GammaPix” radiasiya səviyyələrini ölçmək üçündür. “SmartTRIAGE” tibbi qruplara döyüş meydanındakı xəsarətləri və ya sağlamlıq problemlərini müəyyən etməyə və kataloqlamağa kömək edir. Bu, insan fiquruna toxunmaq, diaqnozu seçmək və müalicə planını tövsiyə etmək qədər sadədir. Xüsusilə vacib və təsiredici olan odur ki, proqramların böyük əksəriyyəti şəbəkədən kənar işləyir.
“WhoDat” adlı proqram var. Onu “əsgər tərəfindən idarə olunan şəkilli kitab” kimi təsvir edirlər. Bu, əsgərlərə döyüş meydanında olarkən kimin kim olduğunu öyrənməyə imkan verir. Siz şəkilləri çevirə, onlara qeydlər qoya, izləmələri üçün məzmun paylaşa bilərsiniz. Və siz onları qruplara ayıra bilərsiniz: yaxşı uşaqlar, pis uşaqlar, dostlar, barışıq hədəfləri, BMT komandası.
Sevinc Əliyeva
Ordu.az